Hüquq mühafizə orqanları xalqla güllə, işgəncə dilində danışır
Saatlı rayonunda susuzluğa dinc etiraz aksiyası polis zorakılığı ilə qarşılanıb. Xalqa silah işlədilib. Öncə bunu danan güclər fakt qarşısında güllələrin rezin olduğunu boynuna almaq zorunda qaldı. İstənilən halda, rezin olsun, yaxud döyüş gülləsi olsun, xalqa qarşı niyə silah işlədilməlidir?
Bir neçə gün öncə günün günorta çağında Bakının ortasında iki yaraqlı quldurun “Bravo” hipermarketində inkassatorlara quldur hücumunun kökündə hüquq mühafizə orqanlarının görəvlərinin öhdəsindən gələ bilməmələri, daha doğrusu, görəvlərində olmamaları dayanır. Hüquq mühafizə orqanlarının vətəndaşları şərləmək əməliyyatına girişdiyi bir məmləkətdə hansı hüquqdan danışmaq olar? Qoruculuq – adını “hüquq mühafizə orqanı” qoyub, işi-gücü “müxalifətçi ovu”na çıxmaq, Qarabağ qazilərinin əmlakına qəsd etmək, insanların yataq otaqlarına “burunlarını soxmaq” olacaqsa, görəvini icra edən inkassatorların silahlı hücumda öldürülməsində, gülləyə uğradılmasında təəccüblü heç nə yoxdur.
Təsəvvür edin, Nizami RPİ-nin 24-cü Polis Şöbəsi 66 yaşlı yataq xəstəsi 1-ci dərəcəli Qarabağ əlilinə qarşı öncədən şayiə yaymaqla, axtarış adına əməliyyat hazırlayıb. Guya daimi yaşadığı ünvanda yataqda ağır xəstə olan şəxsin axtarışda olduğu görüntüsünü yaradıblar; son 3 ildə gedə bilmədiyi doğulduğu rayonun polisinə, qohumlarının yaşayış və iş yerlərinə yataqda ölümlə çarpışan şəxsin Nizami polisinin axtarışında olması hay-küyünü, əməliyyat şousunu anons ediblər. Bu faktiki terror hərəkəti direktoru, vətəndaşları terrorla qorxutmaqdır. Hətta 90-RZ-222 dövlət nömrə nişanlı avtomobil, sahə müvəkkili Elçin İslamov gecə-gündüz “ əməliyyat növbəliyində “ 1-ci dərəcəli Qarabağ əlilinin evdən hava almağa çıxmasını güdüb. Bütöv bir şöbənin 3 maşın əməliyyatçısı 1-ci dərəcəli Qarabağ əlilinin həbsinə səfərbər edilib. Sonda nəyə nail olunub? 10-dan yuxarı polis, rəis müavini Natiq Hüseynov başda olmaqla, 66 yaşlı 1-ci dərəcəli Qarabağ əlilinin qollarını arxadan qandallayıb qanına qəltan ediblər, 9 qabırğasını sındırıb, ağ ciyərində hematoma əmələ gəlməsinə səbəb olublar. 2 sutka məhkəməsiz azadlıqdan məhrum edib yaralı durumda işgəncə kamerasında saxlayıb, “hüquq mühafizəçiliyi” ilə məşğul olublar. Belə çıxır, 1-ci dərəcəli yataq xəstəsi Qarabağ əlilini öldürmək üçün axtarışa veriblər? Hər halda, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının “hüquq müdafiəçiliyi” məktubunda elə belə də yazılıb: “Axtarış sonucunda əlil yataqda alt paltarında müəyyən edilərək, “qəhrəman” polis tərəfindən elə həmin gün Nizami RPİ-nin istintaq-işgəncə kamerasına təhvil verilib. “Bəyəm polisin işi özbaşına axtarış elan edib, vətəndaşı evindən istintaq təcridxanasına aparmaqdır? Ombudsman Aparatının hüquq üzrə fəlsəfə doktoru bilmir ki, polis heç kəsi məhkəmə qərarı olmadan təcridxanaya sala bilməz?
Əlbəttə, vətəndaşların yataqda belə güdülməsinin hüquq mühafizə əməliyyatı ilə legitimləşdirilməsi, marketin ortasında maneəsiz quldurluq hücumuna təəccüblənməyə yer qoymur. Elə bir neçə gün öncə “Bravo”nun “Xalqlar Dostluğu” metrostansiyası yönündəki marketində, Grandmartda, SPAR marketdə, “Eviniz” marketdə bank kartından oğurluq edilməsinə Nizami polisinin 24-cü Polis Şöbəsi reaksiya vermədi. Hüquq mühafizəçiliyinə baxın, polis marketlərin birindən də olsa kamera görüntülərini əldə etməyib. Onu da vurğulayaq ki, kart oğrusu polisə elə arxayındır ki, hətta “Eviniz” marketindən özgə kartı ilə əldə etdiyi 31.50 manatlıq tavanı bir gün keçəndən sonra geri qaytarıb, oğurluğu “nağdlaşdırıb”. Əlbəttə, belə polis xidməti ilə ölkədə yalnız oğurluq və quldurluq çiçəklənər, vətəndaşlar rezin gülləyə “qonaq edilər”.
Bəs polisə nəzarət edən prokurorluq və insan hüquqlarının pozulmasına qiymət verməli olan Ombudsman nə işlə məşğul olur? Vurğuladığımız kimi, onların hüquq müdafiəçiliyində məşğulluğu qeyri-prosessual göstəriş altında cinayəti ört-basdır etməkdən ibarətdir. Artıq “başımıza gələnlərdən başmaqçı olmuşuq”. Nə qədər ki, hüquq mühafizəçiliyi adına pozuculuq, quldurluq işləri görüləcək, insanlara quldur hücumları sürəcək, su yerinə güllə yağışları yağacaq.
Hüquq quldurluğuna, su istəyən vətəndaşların güllə yağışına tutulmasına hüquqi qiymət verilməsi üçün ilk növbədə ayrıca istintaq orqanının yaradılmasına ehtiyac var. Yoxsa, hər qurumun özünün istintaq idarəsinin özünə qarşı obyektiv araşdırma aparması mümkün deyil. “Tərtər cinayəti”nin istintaqı bunu tam çılpaqlığı ilə ortaya qoydu. Prokurorluq özünə qarşı cinayət işi qaldırmayacaq(dı) ki? !
Məğrur Bədəlsoy