İranda etirazçılar Novruz bayramından əvvəl gələn sonuncu çərşənbə ərəfəsində küçələrə çıxaraq yeni aksiyaya başlayıblar.
İranda “Çərşənbe Suri” adlanan gün Azərbaycanda daha əvvəl keçirilən “Od çərşənbəsinin” ekvivalentidir.
Tehranın Ekbatan məhəlləsində etirazçılar martın 14-də yenə də “Diktatora ölüm!” və “Mübarizə davam edir!” şüarları səsləndiriblər.
Paytaxtın Ekbatan məhəlləsi son altı ayda antihökumət etirazlarının episentri olub.
Burada bir neçə gün bundan əvvəl sosial medialarda yayılmış videoda 5 qız hicabsız rəqs edirdilər.
Bu video o qədər populyarlaşıb ki, ölkənin müxtəlif yerlərində eyni mahnının sədaları altında rəqs edən başqa qızların videoları yayılıb.
Bir çoxları qızların bu hərəkətini “təhlükəli itaətsizlik aktı” kimi qiymətləndirirlər.
Tehranın Səttarxan və Tehran Pars məhəllələrində də buna bənzər videolar çəkilib.
Martın 14-də yayılan videolarda ali rəhbər ayətüllah Əli Xameneyi və prezident İbrahim Rəisinin doğulduğu Məşhəd şəhərində keçirilən antihökumət etirazları görünür.
Kürdüstan ostanının Sənəndəc şəhərində cavanlar toplaşaraq böyük tonqal qalamış və antihökumət şuraları səsləndirmişlər.
İranın qərbindəki Kamyaran şəhərində isə etirazçılar maşın təkərlərinə od vuraraq mərkəzi küçələri bağlayıblar.
Əslində İranda aylardır davam edən etiraz aksiyaları elə Kürdüstan ostanında başlamışdı.
Azadlıq radiosu