Azərbaycanda ictimai fəalların, jurnalistlərin, müxalifətçilərin, onların ailə üzvlərinin şəxsi görüntülərinin icazəsiz əldə edilməsi və siyasi məqsədlərlə yayılması ilə bağlı şikayətlər tez-tez eşidilir. Zaman-zaman bəzən hətta hökumətin nəzarəti altında olan televiziya kanallarında bu kadrlardan istifadə edilərək verilişlər də hazırlanmışdı.
Bir neçə gündür isə sosial şəbəkələrdə hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin şəxsi həyatına aid məlumatlar, görüntülər paylaşılır. Orada onun bəzi xanımlarla yazışma və görüntüləri yer alır.
Konstitusiyanın 32-ci maddəsi
Halbuki Azərbaycan Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu ehtiva edir. Bu, maddəyə görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Üstəlik, hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.
DİN : Şikayət xarakterli müraciətlər daxil olub
Daxili İşlər Nazirliyindən (DİN) B.Hacıyevin şəxsi məlumatlarının yayılması ilə bağlı AzadlıqRadiosuna bildirilib ki, o, saxlanarkən Bakı Şəhər Baş Polis İdarəsinə vəkili ilə birgə dəvət edilib, üzərində hər hansı elektron daşıyıcı cihaz – mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb.
Qurumun Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev B.Hacıyevin şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edib. O qeyd edib ki, bu məlumatların haradan necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatları arxivləşdirməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub.
“Zərər çəkən təkcə Bəxtiyar deyil”
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov isə deyib ki, əslində hakimiyyət bu məsələ ilə bağlı araşdırma başlamalı idi: “Hakimiyyət araşdırmaya başlamalı idi, amma bu, edilməyib. Prokurorluq orqanlarına bu cinayət əməllərini araşdırmaq tələbi ilə müraciət olunacaq”.
Onun sözlərinə görə, bu halda zərər çəkən təkcə Bəxtiyar deyil, həm də nüfuzu və ailələrinin rifahı zərbə altında olan bir çox digər insanlardır.
“Bəxtiyar dekabrdan etibarən həbsdədir, o, necə internetdə nə isə yaya bilərdi? Onun şəxsi məlumatları oğurlanıb və məhz onun nüfuzdan salınması məqsədilə yayılıb”, – o vurğulayıb.
Azadlıq radiosu