İctimai fəal Bəxtiyar Hacıyevin anası Solida Mövlayeva 24 gündür 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edən oğlunun vəziyyətinə diqqət çəkmək üçün bu gün Ombudsman Aparatında olub.
“Səbinə Əliyeva yerində olmadığına görə məni ümumi şöbədən İbrahim Abdullayev qəbul edib”, deyə Mövlayeva Turan-ın müxbirinə bildirib.
“Mən Bəxtiyarın vəziyyəti haqqında danışdım və təqsirsiz olduğunu bildirdim. Onun səhhəti gündən-günə pisləşir və onun həyatına görə çox narahatam”, deyə qadın bildirib.
O, ombudsmanı Bəxtiyarın vəziyyəti ilə ciddi şəkildə maraqlanmağa çağırıb və ombudsmanın şəxsən ona baş çəkməsini istəyib.
“Mənə dedilər ki, bu barədə ombudsmana məlumat verəcəklər və qısa müddətdə mənə cavab verəcəklər”, deyə Mövlayeva bildirib.
Ombudsman Aparatından Turan-a bildiriblər ki, bu məsələ ilə bağlı ətraflı məlumat veriləcək.
* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.
Contact.az