Bəxtiyar Hacıyevin anası: “Gözləri çüxura düşüb, əlləri buz kimidir”

İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 23 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Yanvarın 31-də fəalın anası Solidə Mövlayeva təcridxanda onunla görüşdən sonra Amerikanın Səsinə müsahibəsində bildirib ki, oğlu səhhəti ilə bağlı ona ağrılarını hiss etdirməməyə çalışıb.

“Gözləri çox solğun idi. Gözləri çüxura düşüb, gözlərinin altı qaralıb. Əllərindən tutdum, əlləri ağarıb, qanı az olan adamlar kimi çox soyuq, buz kimi idi. Nəbzini tutdum, hiss etmədim ki, nəbzi vurur, ya vurmur. Dedi ağrıları olur”, ana qeyd edib.

Solidə Mövlayeva oğlunun hər hansı cinayət törətmədiyini bildirib.

“Bəxtiyar insanların problemlərini qaldırdığı üçün həbsdədir. O, cinayətkar deyil”, o qeyd edib.

Solidə Mövlayeva (Fotonu özü təqdim edib)
Solidə Mövlayeva (Fotonu özü təqdim edib)

Yanvarın 30-da “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı növbəti dəfə Ombudsman Səbinə Əliyevaya müraciət edərək bu gün artıq 23 gündür aclıq edən Bəxtiyar Hacıyevə baş çəkməsini, səlahiyyətləri çərçivəsində problemə müdaxilə etməsini xahiş edib.

“Bəxtiyar Hacıyev müayinə və müalicə məqsədilə özəl klinikaların birinə köçürülməlidir. Həkim Adil Qeybulla yenidən Bəxtiyarı ziyarət etməlidir. Vəziyyəti çox ağırdır. Rəsmi dairələrin eyninə deyil. Hökumət Bəxtiyarı ölümə tərk edib. Faciəvi vəziyyətlə qarşılşa bilərik”, hüquq-müdafiə təşkilatının müraciətində deyilir.

Vəkil Aqil Layıc bu gün Bəxtiyar Hacıyevlə görüdən sonra bildirib ki, “Bəxtiyarın vəziyyəti kritikdir, onu azad edin”.

Fevralın 1-də isə Xətai rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq. Vəkillər bundan öncə bir neçə dəfə eyni vəsatətlə çıxış edib, lakin məhkəmə təmin etməyib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 23 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Amerikanın səsi