Vahid Əhmədovdan sonra Yevda Abramov da Qubanın devrilmiş icra başçısı Rauf Həbibovu ittiham etdi
“Etdiyi çıxışa görə Rauf Həbibov məhkəməyə gəlməli, dindirilməlidir”. Modern.az-a açıqlamasında bu sözləri 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş Yevda Abramov deyib. “Mən Vahid Əhmədovun Quba hadisələri ilə bağlı fikirlərini oxudum. Vahid müəllim çox ciddi deputatdır. Dediyi sözün kəsərini də bilir. Vahid müəllim heç vaxt düşünülməmiş, çiy söz danışan deputat deyil”, – deyə, Yevda Abramov bildirib.
Deputatın sözlərinə görə, bu məsələdə təkcə iş alan insanların günahı yoxdur. “Bəli hardasa, Rauf müəllimin də özünə görə günahı var. Bu hadisə həmin çıxışlara görə olub. Bu gün deyirlər ki, həmin çıxışlar ümumi konkteksdən çıxarılıb. Haradan çıxıbsa, onun üzərində hansısa bir operator işi görülübsə də, bu sözlər deyilib və xalq etiraza qalxıb. Demək o hakimlər də məhkəmənin obyektiv aparılmasından ötrü Rauf Həbibovu da dindirməli idilər, onun da fikirlərini bilməli idilər. Bəzi üzləşdirmələr də aparılmalıydı. Əgər söhbət obyektiv istintaqdan gedirsə”.
Xatırladaq ki, 52 saylı Quba seçki dairəsindən seçilmiş millət vəkili Vahid Əhmədov bildirib ki, Quba hadisələrinin baş verməsində təqsirkar yalnız Rauf Həbibovdur, başqa təqsirkar yoxdur: “Mən belə hesab edirəm ki, Qubada baş verən hadisələrin yeganə təqsirkarı yalnız Rauf Həbibovdur, başqa təqsirkar yoxdur. Mənim əvvəldən də fikrim belə olub, hazırda da bu fikrimdə qalıram. Rauf Həbibov Quba camaatını təhqir edib. Hadisələr baş verən zaman da demişdim ki, Qubanın sabiq icra başçısı Rauf Həbibov cinayət məsuliyyətinə cəlb olunmalıdır. Yenə də bu fikrimdə qalıram” Yevda Abramovun Vahid Əhmədovu dəstəkləməsi nəqliyyat naziri Ziya Məmmədovun kadrı sayılan Rauf Həbibov üçün ciddi başağrısı sayıla bilər. Hər halda Vahid Əhmədovla Yevda Abramov sıradan bir şəxs deyil. Hər ikisi deputatdır. Mümkündür ki, onların Rauf Həbibovu ittiham etməsi və bu məsələdə dirəniş göstərmələri hətta devrilmiş icra başçısının həbsinə səbəb olsun.