Şahin Xiyavlı: İran etirazlarda tutulanların mühakimə prosesini sürətləndirib

Hüquq müdafiə təşkilatı AHRAZ-ın nümayəndəsi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətdə İranda ümummilli etirazlar ilə əlaqədar nəzarət altına alınan vətəndaşların mühakimə prosesi haqqında danışıb. O, etirazçılara qarşı irəli sürülən ittihamlar və çıxarılan qərarları şərh edib.

Xiyavlı hökumət əleyhinə nümayişlər ilə əlaqədar saxlanılanlardan təqribən 320 nəfərin adının AHRAZ tərəfindən müəyyənləşdirdiyini söyləyir:

“Əlimizdə olan məlumata görə adları müəyyən edilmiş təqribən 320 nəzarət altına alınan var. Amma, biz bilirik ki, Azərbaycan şəhərlərində bəlkə bunun 10 qatı, 20 qatı tutulan vardır. 320 nəfər bizim təsdiq etdiyimiz adlardır.”

Şahin Xiyavlı hökumət əleyhinə nümayişlərlə əlaqədar saxlanılan vətəndaşların məhkəmə prosesinin keçən dekabr ayından başlayaraq sürətləndiyini ifadə edir. “Keçən bir ay ərzində bu 320 nəfərdən 55 nəfərinə hökm verilib,” o bildirir.

Şahin Xiyavlı adları müəyyənləşdirilmiş tutulanların əksəriyyətinin qadın olduğunu söyləyir:

“Bunların əksəriyyəti qadınlardır. Ümumiyyətlə 30 yaş altında olan insanlar var. Ümumiyyətlə tanınmış fəalar deyil, amma aralarında tanınmış olanlar da var. Təbrizdə tutulan vəkillər var. Ərdəbil və Urmiyədə tanınmış fəallar tutulub. Zəncanda tanınmış qadın aktivistlərdən var.”

Hüquq müdafiəçisi tutulanlara qarşı oxşar ittihamların irəki sürüldüyünü söyləyir.

“İttihamları bir neçə başlıqda xülasə etmək olar. Birincisi, İranın milli təhlükəsizliyinə qarşı fəaliyyət, nizama qarşı propaqanda ittihamları. Sonra insanları üsyana təşviq etmək, dini lideri təhriq etmək, dövlət malına zərər vermək. Amerika dövlətinə casusluq vardır. Qanunsuz toplaşma vardır. Mollaların sarığını düşürmə ittihamı da var,” Şahin Xiyavlı söyləyir.

Son bir neçə həftə ərzində İran Azərbaycanında tutulanlardan bəzilərinə qarşı şallaq, həbs, pul cəzası və ölkədən çıxış qadağası kimi hökmlər çıxarılıb. Bir neçə nəfər isə bəraət hökmü alıb.

Xiyavlı ölkədən çıxış qadağası cəzasına işarə edərək deyir ki, “bu dəfə ölkədən çıxış qadağası hökmünü çox görürük. Mənə görə, bunun bir səbəbi budur ki, insanlar ölkədən çıxdıqları halda, BMT-nin İranla bağlı fakt-araşırma missiyası ilə görüşüb və İranda baş verən o insan haqları pozuntularını bu heyətə çatdıra bilərlər.”

Amerikanın səsi