Elçin Rüstəmli
2023-cü ildə Qarabağ probleminin tam, hərtərəfli həlli xeyli dərəcədə Rusiya ilə açıq siyasət aparmaqdan keçir. Hazırda faktiki olaraq (8 kənd istisna olmaqla) Azərbaycan əraziləri Ermənistanın işğalı altında deyil. Bakının suverenliyi altında olmayan Qarabağın dağlıq hissəsi Rusiyanın hərbi-siyasi nəzarəti altındadır.
Rusiya ötən əsrin 80-90-cı illərində bu münaqişəni yaradıb, idarə edib, Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak edib;
Ermənistanın ordusunun döyüş qabiliyyətini yüksəltmək üçün bütün resurslardan istifadə edib – pul, silah, kəşfiyyat, logistika, hərbi kadrların hazırlanması və s.
Ermənistanın təhlükəsizliyi bilavasitə Rusiyanın himayəsində olub (KTMT), bu gün də status-kvo davam edir;
Rusiya 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibədə maraqlı olub və buna regionda öz hərbi-siyasi qüdrətini daha da möhkəmləndirmək fürsəti kimi baxıb;
Rusiya noyabrın 9-da müharibəni dayandırmaq üçün Azərbaycana ciddi təzyiq və təhdidlər edib, öz istəyinə nail olduqdan dərhal sonra ordu hissələrini sülhməramlı qiyafəsində Qarabağa göndərib. Bu, Azərbaycanın maraqları ilə daban-dabana zidd, Ermənistan hakimiyyəti üçün isə xilas idi. Habelə Qarabağdakı separatçı rejim üçün həyatda qalmaq məsələsi idi;
Rusiya müharibədən sonra Xankəndindəki separatçı rejimi dirçəltmək üçün böyük maliyyə və hərbi-siyasi dəstəyini əsirgəmədi:
Bölgəni tərk etmiş erməni əhalsi sülhməramlıların təşkilatçılığı ilə geri qaytarıldı;
Müharibədə darmadağın edilmiş ordu hissələri yenidən komplektləşdirildi və silahlandırılıdı:
Döyüş mövqeləri istehkamlarla, minalanmış sahələrlə yenidən möhkəmləndirildi;
Separatçı rejimin strukturları formalaşdırıldı, Moskva, Avropa, ABŞ-dakı dairələrlə, lobbi qrupları ilə əlaqələri bərpa olundu, informasiya dəstəyi verildi;
Yerli əhalinin humanitar problemləri əsasən həll edildi, təhlükəsiz həyata təminat verildi.
Daha sonra:
Qərbin Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanması səylərini sabotaj etdi, bu zaman Xankəndindəki separatçı rejimdən, həm də Ermənistana hərbi, siyasi, iqtisadi təzyiq rıçaqlarından faydalandı;
Prezident V.Putin Soçidə açıq şəkildə Qarabağın Azərbaycanın suverenliyi içərsində qalmasında maraqlı olmadığını, bu məsələnin gələcək nəsillərə saxlanması təklifini təkrarladı;
Milyarder Ruben Vardanyan Xankəndinə göndərildi və separatçı rejimin daxilindəki fikir ayrılıqları qismən aradan qaldırıldı, habelə separatçı fəaliyyətə yeni nəfəs verildi.
Bu sıralamanı daha da uzatmaq olar. Bütün bunlardan sonra Azərbaycan Qarabağda öz suverenliyinin təmin olunmasını kimdən tələb etməlidir? Ermənistan bu prosesin harasındadır? Vəziyyət elədir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olmaması Qarabağda Bakının suverenliyinin təmin olunmasını əngəlləyə bilməz. Çünki İrəvanın mövqeyi bu məsələdə həlledici gücə malik deyil, zatən Paşinyan və onun komanda üzvləri zəif səslə də olsa, Qarabağın Azərbaycana aid olduğunu bildirirlər. Biz görürük ki, Paşinyanın tutduğu mövqe Xankəndindəki separatçı rejim və Rusiya tərəfindən necə hiddətlə qarşılanır. Moskva Paşinyanın problemdən maksimum kənarda dayanmaq siyasətindən ciddi narazıdır.
Beynəlxalq Böhran Qrupu bu il Azərbaycvan və Ermənistan arasında müharibə riskinin böyük olduğunu açıqlayıb. Hazırda bölgədəki gərgin vəziyyət də toqquşmaların qaçılmaz olduğunu göstərir.
Azərbaycan əlbəttə, Ermənistanı təzyiq altında saxlamalıdır, amma zərbənin ünvanı istisnasız olaraq Qarabağdakı separatçı rejimin qanunsuz silahlı dəstələri olmalıdır. Rusiyaya da açıq xəbərdarlıq edilməlidir, əgər müdaxilə etsə, hərbi yardım üçün Türkiyəyə müraciət olunacaq. Yəni bölgədə – Rusiyanın Cənub sərhədlərində proqnozlaşdırılmayan hadisələr ola bilər…
Problemin mənbəyini qoyub Qarabağdakı faktiki vəziyyətin dəyişməsinə ciddi təsiri olmayacaq toqquşmalara getmək olmaz. Yəni sərhədlərdə bu günə qədər keçirlmiş əməliyyatlar kifayətdir, növbəti hədəf Azərbaycanın işğalda olan ərazilərin azad edilməsi olmalıdır…