Azərbaycan İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri dekabrın 7-də Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq keçirmək istəməsinə aid növbəti açıqlama yayıb.
Bildirilir ki, dekabrın 7-də də İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət heyət Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.
Açıqlamaya görə, görüş zamanı Qızılbulaq qızıl, Dəmirli mis-molibden yataqlarına baxış, qanunsuz istismarın dayandırılması, inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə potensial zərərin qiymətləndirilməsi və dəymiş zərərin aradan qaldırılması məsələləri müzakirə edilib: “Görüş konstruktiv ruhda keçib. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək”.
Bu açıqlamaya, hələlik, Rusiya sülhməramlı kontingentinin rəhbərliyi və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.
Volkov: ‘Sülhməramlılar gözdən salınır’
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov azərbaycanlı jurnalistlərin onların yerləşdiyi əraziyə keçməsinə icazə verməyib. O, jurnalistlərə açıqlamasında deyib ki, mediada yayılan xəbərlərdən məlumatlıdır, “sülhməramlı kontingent gözdən salınır”.
Bu gün…
Rusiya sülhməramlıları Azərbaycan jurnalistlərinə yerləşdikləri ərazilərə keçməyə mane olublar.
İctimai TV-nin dekabrın 7-də yaydığı süjetdə sülhməramlıların bu televiziyanın müxbir və operatoruna Qarabağdakı ərazilərə keçməyə maneçilik törətdikləri görülür. Süjetdə insidentin konkret olaraq hansı rayonda baş verdiyi bildirilmir. Müxbir Azərbaycan vətəndaşı, jurnalist, silahsiz olduğunu, həmin ərazilərin Azərbaycana məxsus olduğunu deyir, vəziyyət dəyişmir.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən və Rusiya sülhməramlıları kontingentinin komandanlığından, hələlik, hər hansı şərh almaq mümkün olmayıb.
Azadlıq radiosu