“Bakıda fəaliyyət göstərən taksilərin sayı İstanbul şəhərindəki taksilərdən çoxdur”. Yerli saytların məlumatına görə, bunu bugünlərdə Bakıda “Nəqliyyat və logistika kompleksinin inkişafı” mövzusunda keçirilən konfransda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsində mütəxəssis Rauf Səfərov deyib. O bildirib ki, hazırda ölkə üzrə 40 mindən çox taksi fəaliyyət göstərir ki, onun da təxminən 28 mini Bakıdadır: “İstanbulda isə bu rəqəm 17 min civarındadır”.
İstanbul və Bakının müqayisəsinin davamı…
Amma İstanbulla müqayisədə Bakıda taksidən əlavə yalnız metro və avtobuslar işləyir. İstanbulda isə bu siyahı bir xeyli uzundur.
Hələ 2000-ci illərin əvvəlində Bakıda tramvay və trolleybuslar ləğv olunub. O vaxt rəsmilər bunu həmin növ nəqliyyatın rentabelli olmaması ilə izah edirdilər. Halbuki, işğaldan azad olunmuş Ağdam şəhərinin Baş planında tramvayların işə salınması nəzərdə tutulur.
20 ilə yenidən tramvay olacaq
Bakı Nəqliyyat Agentliyindən də “Turan”a bildirilib ki, paytaxtın Baş planı hazırlanıb və həmin planda Bakının tramvay marşrutları müəyyən olunub: “Nəzərdə tutulur ki, 2040-cı ilə qədər tramvay marşrutlarının tam bərpası təmin olunsun”.
Taksilərə gəlincə isə, vurğulanıb ki, Bakı şəhərində taksi kimi fəaliyyət göstərənlərin 95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur: “Həmin “taksilər” Nazirlər Kabinetinin 73 saylı qərarla təsdiq olunmuş normalar və qaydalara uyğun gəlmirlər, fərqlənmə nişanına sahib deyillər”.

“Bir çox insan işini itirdi və taksi sürməyə başladı”
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da deyib ki, Bakı Baş planında 17 il ərzində bir neçə istiqamətdə tramvay xətlərinin qurulması nəzərdə tutulub: “Trolleybuslarla bağlı isə, hələlik, heç bir təklif yoxdur. Ola bilsin ki, əlverişli hesab etməyiblər”.
Ekspertin fikrincə, taksilərlə bağlı deyilən rəqəm əslində daha çoxdur: “Ümumi Bakı şəhərində koronavirus pandemiyası ərəfəsində 40 min taksi var idi. Ardınca bir çox insan işini itirdi və taksi sürməyə başladı. Hazırda Bakıda taksilərin sayı 60 min civarındadır”.
Azadlıq radiosu