BAEA-nın direktoru Rafael Qrossi noyabrın 20-də gecə verdiyi bəyanatda deyib ki, stansiyaya atəş açan kimdirsə, “çox sayda insanların həyatı ilə qumar oynayıb”
BMT-nin nüvə gözətçisi bildirib ki, Ukraynada Rusiyanın işğalı altında olan Zaporojye atom elektrik stansiyasında az qala nüvə fəlakəti olacaqmış.
Stansiyanın ötən həftəsonu artilleriya atəşinə tutulduğu xəbər verilir.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bildirib ki, Avropanın ən böyük atom stansiyasında noyabrın 19-da və 20-də “güclü partlayışlar” qeydə alınıb.
Kiyev və Rusiya stansiyaya dəyən ziyana görə bir qayda olaraq bir-birlərini ittiham edirlər.
BAEA-nın direktoru Rafael Qrossi noyabrın 20-də gecə verdiyi bəyanatda deyib ki, stansiyaya atəş açan kimdirsə, “çox sayda insanların həyatı ilə qumar oynayıb”.
O bildirib ki, xoşbəxtlikdən potensial baxımdan çox ciddi fəlakət baş verməyib.
“Bəxtimiz gətirməyə bilər”
Qrossi əlavə edib ki, “gələn dəfə bəxtimiz gətirməyə də bilər”.
BAEA bunu da bildirir ki, ərazidə radiasiya fonu dəyişməyib, zərər çəkən olmayıb.
Təşkilat bildirib ki, artilleriya zərbələri reaktorların təhlükəli yaxınlığında partlayıb.
Ukraynanın enerji agentliyi Enerhoatom stansiyanın atəşə tutulmasına görə Rusiyanı ittiham edib. Kiyev bildirir ki, stansiyaya azı 12 mərmi atılıb.
Rusiya Müdafiə Nazirliyi noyabrın 20-də baş vermiş insidentə görə Ukraynanı ittiham edib. Noyabrın 21-də Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskvanın qiymətləndirməsinə görə insidentin arxasında Kiyev dayanır.
Azadlıq radiosu