Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid kimi dindirilib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti “Azatutyun” yazır.
İstintaq orqanından “Azatutyun”a verilən məlumata görə, baş nazir 2022-ci il mayın 4-dən ilkin təhqiqat aparılan bir cinayət işi üzrə şahid kimi dindirilib. Söhbət 2020-ci ilin 44 günlük Qarabağ müharibəsi vaxtı Ermənistanın yüksək vəzifəli rəsmilərinin vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları üzrə açılan cinayət işindən gedir.
Bu ilin aprelindən başlayaraq müharibədə həlak olan hərbçilərin qohumları hökumətin, Baş prokurorluğun qarşısında müxtəlif etiraz aksiyaları keçiriblər. Onlar Paşinyanın dindirilməsini, onun təqsirləndirilən şəxs kimi işə cəlb olunmasını tələb edirdilər. Baş nazir də məhz həmin iddialar üzrə dindirilib.
Baş nazirin nə vaxt dindirildiyi açıqlanmır
Etirazlar vaxtı ozamankı baş prokuror Artur Davtyan valideynlərlə görüşüb, onların müraciətini öyrənərək onları zərərçəkmiş kimi tanıyıb, İstintaq komitəsinin başçısı Arqişti Kərəmyana Baş nazir Paşinyanı dindirmək göstərişi verib.
Azadlıq radiosu