Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Sözsüz ki, Fransa ermənipərəstdir.
Sözsüz ki, Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə elə avropanın özünün nizamlamaq istədiyi sülh prosesinə ciddi zərbədir. Şübhə yoxdur ki, bu qətnamə ədalətsizdir, dünyaya çoxstandartlı baxışların nəticəsidir.
Amma ədalət harda var ki. Və dünyaya dövlət maraqları çərçivəsindən bir standartla baxan ölkə elə Azərbaycanın günündə ola bilər. Ən azından Azərbaycan hakimiyyətinin ədalətdən, ikili standartlardan danışması yersizdir. Görmüşük, bir tərəfdən, mandat satana, cinayətkar məmur törəmələrinə, şəxsi həbsxanalarında insanlara qan udduran DTX zabitlərinə, altından milyardlar çıxan məmurlara verilən simvolik srokları, onların da beşdə birini çəkməmiş azad edilmələrini və digər tərəfdən, günahsız, şərlə 8-10-13 illik müxalifətçi həbslərini, onların son zəngə qədər srok çəkməsini. Cinayətlərin sistemli xarakter aldığı bir ölkədə ədalətdən danışmaq ayıbdır. Ölkə xaricində bir standartlı, ölkə daxilində min standartlı idarə üsulu təhsilini MİMO-dan başqa heç bir təhsil müəssisəsi verə bilməzdi.
Senatın bu qərarı göstərdi ki, Fransa Azərbaycan-Ermənistan münaqişəsində tərəfdir, obyektiv deyil. Amma bu Qərbdən uzaqlaşmaq, Rusiyaya yaxınlaşmaq üçün səbəb deyil. Rusiya Fransanı bu gün ermənipərəst mövqe bildirməyə sövq edən problemlərin yaradıcısıdır. Bu sivil dünyadan qaçmaq, avtoritarizmin getdikcə soyumaqda olan qoltuğuna sığınmaq üçün göydən düşmə bir bəhanədir. Bu bəhanənin həyata keçməsi üçün 12-13 sentyabr hoqqaları törədildi, 80 gəncimiz şəhid edildi.
Yaxşı, bəs niyə Fransa ermənipərəstdir? Əmiuşağıdırlarmı? – Yox. Qaşına, gözünə görəmi? – Yenə də yox.
Fransanı ermənipərəst edən orada yaşayan ermənilərin fəal vətəndaş mövqeləri, siyasətə qarışmaqlıqları, bir mərkəzdən koordinasiyalı hərəkətləri və bunun nəticəsində ölkədə ictimai-siyasi proseslərə, o cümlədən seçki proseslərinə nəzərəçarpacaq təsir imkanlarıdır.
Fransada 600 min erməni yaşayır, əhalinin ümumi sayından bir faizdən də az. Azərbaycanlılar bundan 8-9 dəfə az olsalar da əsasən Paris, Marsel, Nant və Bordo şəhərlərində olmaqla kompakt yaşayan 70 min nəfərlik icma var. Bu hələ hansısa formada qeydiyyatdan keçərək sayı məlum olanlardır və həmin şəhərlərin əhalisinin təxminən bir faizidir.
70 min nəfər çox böyük, ən azı yaşadığı şəhərlərdə ictimai-siyasi proseslərə əhəmiyyətli təsir göstərə biləcək qüvvədir. Fəqət həmin qüvvəni diasporaya çevirəcək dövlət lazım idi.
Senatın bu qərarı xarici siyasətimizin fiaskosudurmu? – Hesab etmirəm. Fiasko onda olardı ki, xarici siyasətdə dövlət maraqları güdülərdi. Amma Azərbaycan XİN-i üçün, bütün başqa dövlət institutları kimi, dövlət maraqları öndə deyil axı. Öndə olan əliyevlərin ailə maraqlarıdır.
Ailənin isə Fransadakı malı-mülkü, biznesi yerində, yaxalarındakı ordenləri sinədə. Sabah senat ailə maraqlarını müzakirə edəcəksə Azərbaycan XİN-in yeri-göyü dağıdacağı da məlum. Qalan şeylər isə ailənin heç umuruna da deyil.