Dünya elmində imzası olan görkəmli alim
Azərbaycanın elm adamları haqqında az yazılır, az deyilir. Bu bilgisizlik səbəbindəndir ki, elmi kəşfləri dünyada pasport qazanmış bir çox alimlərimizi belə tanımırıq. Təqdim edəcəyimiz bu yazıda tibb dünyasının görkəmli alimlərindən biri haqqında söz açacağıq. Azərbaycan cərrahlıq elmi məktəbinin yaradıcılarından biri olan Mustafa Topçubaşov… Onun titullarını, elmi dərəcələrini, səhiyyə sahəsindəki xidmətlərini sadalamaqla bitməz. Əvvəlcə onun dünya elminə bəxş etdiyi kəşflərdən başlayaq…
Məşhur tibb alimi M.Topçubaşov 1937-ci ildə öz kəşfi ilə dünya səhiyyəsində bir ilkə imza atdı. O, anesteziologiya elmi tarixində orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu – anelgeziya üsulunu kəşf etdi. Tibb aləmində yenilik olan bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Bu efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə olunurdu. Uğurla sınaqdan keçirilən və gözəl nəticə verən efir-yağ qarışığının 1945-ci ildə SSRI Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası Farmakologiya Komitəsinin iclasında “Analgezin” adı altında istehsal edilməsinə icazə verildi.
70-ci illərdə bu yeni üsulun “Nobel” mükafatına layiq görüldüyü barədə xəbərlər yayılmış, sovet ideologiyası bütün gücünü işə salaraq həmin mükafatın verilməsini əngəlləmişdi.
“Böyük cərrahiyyə otağı… Müəllimimiz bizə izah edir: ”Bu, Mustafa bəy Topçubaşovun “Efir-yağ anesteziyası”dır (etil spirti, şaftalı yağı və novakain). Dünyada analoqu olmayan yeni üsuldur. Bu üsulun eksperimental elmi əsaslandırılmasında böyük fizioloq professor Q.Qəhrəmanovun böyük zəhməti olmuşdur. Ibrahim Topçubaşovun da bu üsulun tətbiqiylə bağlı elmi araşdırmaları dünyanın bir çox nüfuzlu elmi dərgilərində çap olunmuşdur. Bu üsulla anesteziyanın fəsadından ölüm riski sıfırdır (“0″). Ən ağır əməliyyatların gedişində xəstənin huşu tam aydındır, analgeziya davamlıdır.
Irəliyə gedib onu da deyim ki, o zamanlar heç kim bilmirdi ki, M.Topçubaşov və Q.Qəhrəmanovun bu üsulu bir neçə il sonra 1977-ci ildə Nobel mükafatı komitəsinin təklifiylə bu mükafata təqdim olunacaq, 1978-ci ildə mükafatın təqdim olunmasına bir neçə ay qalmış Sovet rejiminin (qaraguruhun) qara əlləriylə “Bakinski raboçi” qəzetində dalbadal 4 nömrədə Alfred Nobelin əleyhinə məqalələr dərc olundu. Guya Nobel Azərbaycana zərər və fəlakətlər gətirmişdir. Sovet rejimi Nobeli “ifşa” edirdi. Rejim heç vəchlə razı ola bilməzdi ki, müstəmləkələrindən birinin alimləri bu ada layiq görülsünlər”.
Q.Qəhrəmanovun xatirələrindən: “1978-ci ilin oktyabr ayında əl radiosunu götürüb bağa getdik. Radioda ”Nobel” mükafatı laureatlarının adları çəkilirdi. Bizim adımız çəkilmədi. 1978-ci ildə tibbə və fiziologiyaya nəzərdə tutulmuş mükafat heç kəsə verilmədi. Mustafa bəy mənə dedi: “Qəhrəman, mən dünyanı görə-görə gəlmişəm. Sənin başın çox qovğalıdır. Mükafat səni hücumlardan qoruya bilərdi” (Paşa Qəlbinur).
Alimin “Əsrin fonunda portret”i…
Öz dövründə tibb elminin nəhənglərindən sayılan M.Topçubaşov Azərbaycan Milli Elmlər Akademiyasının sədr müavini, SSRI Elmlər Akademiyasının həqiqi, Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, SSRI Ali Sovetinin deputatı olub. O yuxarıda qeyd edilən böyük kəşfinə 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdikdən 7 il sonra imza atıb. Uğurlu dissertasiya işinin əhəmiyyətinə görə isə Topçubaşova professor adı verildi və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçildi.
1895-ci ildə qədim Azərbaycan torpağı Irəvanda doğulan Mustafa Topçubaşov böyük bir nəslin nümayəndəsi idi. Onun doğulduğu Göykümbət kəndi Topçubaşovların ata-baba malikanəsi olub. Ailənin bundan başqa Irəvan şəhərində də mülkü vardı. Bu ailənin ikinci oğlu olan Mustafa məşhur Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə təhsil alıb.
“Yaddaş” sənədli filmlər studiyasının dövlət sifarişi əsasında M.Topçubaşovla bağlı çəkdiyi film böyük elm xadiminin həyat və fəaliyyətini tam mənzərəsi ilə gözlər önündə canlandırır. Rejissor Yalçın Əfəndiyevin çəkdiyi “Əsrin fonunda portret” sənədli filmi şöhrətli alim haqqında çox maraqlı faktlar təqdim edir.
M.Topçubaşovun ali təhsil aldığı illər də çətin, qarmaqarışıq bir dövrə təsadüf edir. 1914-cü ildə gimnaziyanı bitirən gənc Mustafa valideynlərinin narahatlığına baxmayaraq, Kiyevə gedir və burada universitetin tibb fakültəsinə qəbul olunur. Tələbəlik dövründə gərgin siyasi mübarizələr kulminasiya nöqtəsinə çatır. O, üçüncü kursda ikən dünyanın mənzərəsini dəyişən Oktyabr inqilabı baş verir. Bu qarışıqlıq ortasında təhlükəsizliyinə əmin olmayan tələbələrin çoxu doğma ölkələrinə qayıdır. Təhsilini başa vurmaqda qətiyyətli olan və israr edən çox az sayda tələbə sırasında azərbaycanlı Mustafa da vardı. Bu illərdə çətinliklərdən qorxmayan gənc tələbə tibb universitetindən arzuladığı diplomu alaraq doğma vətəninə dönüb.
1919-cu ildə Azərbaycana gənc həkim kimi gələn Topçubaşov Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edib. 1920-1923-cü illərdə Azərbaycan Dövlət Universiteti tibb fakültəsinin cərrahiyyə kafedrasında ordinator, 1923-1930-cu illərdə isə assistent vəzifələrində çalışıb.
Azərbaycan səhiyyəsində böyük xidmətləri Mahir cərrah olan Topçubaşovun Ikinci Dünya müharibəsi illərindəki xidmətləri də unudulmazdır. Böyük alim bu dövrdə SSRI-nin ilk evakuasiya hospitallarının yaradılması təşəbbüsünü irəli sürüb. Onun bu təklifi hərbi cərrahlıq işinin təşkil olunmasında uğurla tətbiq olunub. Bu illərdə M.Topçubaşov saysız-hesabsız ağır cərrahiyyə əməliyyatları aparıb və minlərlə döyüşçünü ölümdən xilas edib.
Müharibə başa çatdıqdan sonra görkəmli tibb xadimi Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsinə təyin edilir. Böyük alim 1945-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilir, 1947-1949-cu illərdə isə Azərbaycan Respublikası Eksperimental Tibb Institutunda direktor vəzifəsində çalışır.
Bütün fəaliyyəti dövründə yorulmadan Azərbaycan səhiyyəsini öz elmi nailiyyətləri ilə irəli aparan alim 1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir. O, öz elmi araşdırmalarında müasir cərrahlıq problemləri – öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və başqa xəstəliklər üzrə daim axtarışlar aparıb, yeni təkliflər irəli sürüb.
M.Topçubaşov dövrünün ən yüksək fəxri adlarını və mükafatlarını qazanmış bir elm adamıdır. O, 1940-cı ildə Əməkdar elm xadimi adını almış, 1960-cı ildə SSRI Tibb Elmləri Akademiyasının akademiki seçilmişdir. Bundan başqa, alim 1953-cü ildə Stalin mükafatı laureatı olmuş, 1975-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Topçubaşov geniş dünyagörüşü, hərtərəfli biliyi və yüksək musiqi zövqü olan bir şəxs idi. Yüksək musiqi marağı onu peşəkar musiqimizin banisi Üzeyir Hacıbəyovla yaxınlaşdırmış və qısa zamanda onların arasında böyük bir dostluq əlaqəsi yaranmışdı. Üzeyir bəy istedadlı həkim dostunu “təbabətin filosofu və bəstəkarı” adlandırırdı. Iştirak etdikləri məclislərin birində dahi bəstəkar demişdi:
– Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından biri olardı.
Akademik Heydər Hüseynov isə buna etiraz edib:
– Təbabətin filosofu adı Mustafa bəyə daha çox yaraşır.
Dünya şöhrətli alim M.Topçubaşov 1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat etmişdir.
1995-ci ildə dövlət səviyyəsində böyük alimin 100 illik yubileyi keçirilmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir