Mübariz Qurbanlı, Hadı Rəcəbli, Ziyad Səmədzadənin özlərini heç də qonaq kimi aparmadıqları AzTV-nin “Günün nəbzi” proqramından sonra məlum oldu ki, rejim rəsmilərinin hətta yalnız açıq-aydın görüntüdən sonra nəsə etiraf etməsi belə müşkül məsələdir. Yəni bunlar öz səslərini belə danmağa qadirdirlər. Təsəvvür edin, “üçü birində” deputatın ağzından ədəbsiz söyüş çıxır, heç biri etiraf etmir, hər üçü deyir ki, bu mən deyildim. Deputatlar, ümumiyyətlə, söyüşün olduğunu dana da bilərdilər(!), hansısa səbəblərdən bunu etmədilər, amma sonradan onların birinin – “bu mən deyildim” deməsi işləri bir az da korladı…
YAP-çıların sevə-sevə Volodya (Lenin) adlandırdıqları Mübariz Qurbanlı isə, söyüş söyməyi bir yana qalsın, telekanalın montajçısını belə çörəyindən etməkdən çəkinmədi. Televiziyadan elementar anlayışı olan hər kəs bilir ki, montaj edənin “söhbət”ə(!) hər hansı müdaxiləsi mümkün deyil. Söyüşü bu üç deputatdan biri edib, daha dəqiq desək, bu səs, ötən yazımda qeyd etdiyim kimi, YAP-ın vicdanı Mübariz Qurbanlının səsinə daha çox oxşayır.
Bəri başdan deyim ki, Lenin belə bir taktiki səhv buraxmazdı. Buraxsa da, boynuna alardı, deyərdi ki, demişəm və peşimanam, üzr istəyirəm.
YAP-ın rəsmi(ləri)si isə bunu etmədi. Mübariz Qurbanlı etiraf etsəydi, partiyası bundan qazanclı çıxacaqdı. Səbəb sadədir, Fransada mühacirətdə olan professor Elşad Abdullayev rejimi ifşa edən videomateriallar göndərməkdə davam edir və bu yaxınlarda elan etdi ki, məndə elə videolar var ki, birini göndərsəm xalq bunları ağacı yerindən qoparan kimi silib-süpürər. Nəzərə alsaq ki, professor bu günə qədər belə ciddi siyasi bəyanat verməmişdi, göndərdiyi videolarda ancaq itkin düşmüş qardaşının işi üzrə istintaqa yardım məqsədi güddüyünü vurğulayırdı. Amma bu videolar ölkənin sözün həqiqi mənasında altını-üstünə çevirdi. Təsəvvür edin, siyasi məqsədlərlə göndərəcəyi videolarda nələr ola bilər.
Qayıdaq Mübariz Qurbanlıya, daha doğrusu məlum söyüşə. O etiraf etsəydi ki, bəli, bu söyüş mənlikdi, bundan ancaq YAP qazanardı, çünki yuxarıda qeyd etdim ki, Elşad Abdullayev videoların siyasi bölümünə keçməyə hazırlaşır. Və bu ərəfədə xalq ekrandan üç deputatın birindən biədəb, yaşlarına yaraşmayan söyüş eşidir. Mən o fikirdəyəm ki, bu deputatlardan yaşca ən kiçiyi, yəni Mübariz Qurbanlı söyüşü boynuna götürməklə professorun göndərəcəyi videolara qarşı gələcək əks-hücum üçün rejimə dividendlər qazandırardı.
Rejim bunu əldə bayraq edib deyəcəkdi ki, “baxın, bir ədəbsiz audiosöyüşə görə biz Mübariz Qurbanlı kimi dəyərimizi(!) qurban verdik, amma bu videolara şübhə ilə yanaşırıq, montaj da ola bilər”.
Hazır xalq eşitmişkən, bunu etmək lazım idi, yadınızdadırsa, Əli Əhmədov mandat alveri videosunu partiyaları üçün ləkə adlandırdı, ciddi tədbirlər görüləcəyinin anonsunu verdi. Müxalifət də bu bəyanatdan sonra bir müddət nəsə əlavə etməyi lazım bilmədi, çünki nə lazımdırsa edəcəklərini YAP-ın ikinci şəxsi demişdi. Nəticə isə olmadı. O vaxtdan Əli Əhmədov sanki qeybə çəkilib, heyrət ediləsi isə, Gülər Əhmədovanın daha fəal olmasıdır. Əsas qəhrəman bir neçə gün əvvəl növbəti audiomüsahibəsini verdi, dedi ki, Ramiz Mehdiyev ağsaqqalımız olaraq qalır(!). Yəni onun yenidən görəv(?) verəcəyi halda istənilən vəzifəni yerinə yetirməyə hazıram…
Bu tamamilə mümkündür, rejim yaşaması üçün bunları etməyə məcburdur, başqa yolu yoxdur. Çətin də olsa təsəvvür edin, 2015-ci ildir, parlament seçkiləri ərəfəsidir və 2012-ci ildə ifşa edilənlər reablitasiya olunmayıblar və onlar iş başında deyil. Pulu kim alacaq, bazarlıqları kim edəcək?..
Ilham Əliyev gözəl bilir ki, Ramiz Mehdiyevin postundan uzaqlaşdırılması, sənədli videolarda adı keçən digər rəsmiləri cəzalandırılması onun başında durduğu sistemin sonu olacaq. Sistem başdan-ayağa onlardan ibarətdir. Hətta o da mümkündür ki, Gülər Əhmədovanın mandatı geri qaytarılsın. Çünki o bazarlıqlar adlarının qabağında “supermarket”, “novostroyka”, “qızıl”, “qəssab”, nə bilim, “antibiotik” ayaması olan şəxslərlə aparılıb və bu gün onların hamısı Milli Məclisdədir.
…Görəsən latın əlifbasını belə bilməyən bu şəxslərdən birinin əvəzinə Elşad Abdullayevin Milli Məclisdə oturmasına Ramiz Mehdiyev niyə razılıq verməyib? Peşimandırmı?…
…Mən bu yaxınlarda onun imzası ilə Şah Ismayıl haqda indiyə qədər tanımadığım 10-a qədər tədqiqatçılardan “sitat”larla zəngin məqaləsini oxudum. Bu dövrdən yazıb, professor Yaqub Mahmudova istinad etməmək mümkün deyil.
Akademik Mehdiyevin bunu “bacardığını” görəndə keçmiş müəllimim üçün narahat olmağa başladım…