Eldar Mahmudov PA rəhbərinə və Ramil Usubova qarşı bütün addımları ölkə başçısının razılığı ilə atırmı?
“Mən Milli Təhlükəsizlik Nazirliyinin indiki rəhbərliyini yaxından tanıdığımdan dəqiq bilirəm ki, Ilham Əliyevsiz heç bir hərəkət etməz”.
Bu sözləri keçmiş daxili işlər naziri Isgəndər Həmidov “Hürriyyət” qəzetinə müsahibəsində “Ola bilərmi ki, Ilham Əliyevin doğrudan da hüquq-mühafizə orqanlarının içərisində oturuşmuş bir cinayətkar təşkilatın mövcudluğundan xəbəri olmasın?” suala cavab verərkən deyib. Isgəndər Həmidov daha sonra əlavə edib: “Eldar Mahmudovu yaxşı tanıyıram və hakim ailəyə yaxınlığından da yetərincə məlumatım var. Mən onunla Daxili Işlər Nazirliyndə bir yerdə işləmişik, etibarlı və dəyərlərə hörmət edən bir adam kimi tanımışam və o ailəyə bağlılığını da bilirəm. Ona görə də mən MTN-nin Ilham Əliyevin arxasından iş çevirmə ehtimalını istisna edirəm. Ancaq Daxili Işlər Naziriliyində hamının bildiyi və bilmədiyi bir mürəkkəblik var. Bu strukturda Ramiz Mehdiyevin təsiri böyükdür, bundan başqa Ilham Əliyevin ən yaxın ətrafından bəzi adamların xüsusi rolu və canfəşanlığı var”.
Isgəndər Həmidov keçmiş daxili işlər naziridir. Hüquq-mühafizə sisteminə yaxşı bələddir. Digər tərəfdən Eldar Mahmudovu yaxından tanıdığını deyir. Bu baxımdan onun bu fikirlərinin əsassız olduğunu iddia etmək mənasız cəhd olardı. Bu halda isə aydın olur ki, Ilham Əliyevin hüquq-mühafizə orqanlarının rolu olduğu iddia edilən cinayətlərdən də şəxsən xəbərdardır və bu hadisələr onun iradəsindən kənarda baş tutmayıb. Digər tərəfdən Eldar Mahmudov Paşayevlərə yaxın şəxsdir, Prezident Administrasiyasının rəhbəri Ramizə Mehdiyevə qarşı planlarda rol alan komanda üzvlərindən biridir. Eyni zamanda Ramiz Mehdiyevin komandasına daxil olan daxili işlər naziri Ramil Usubovla onun arasında ziddiyyətlər mövcuddur. Əgər o, Ilham Əliyevsiz heç bir hərəkət etməyən şəxsdirsə, o zaman belə anlaşılır ki, MTN şefinin Ramiz Mehdiyevə və Ramil Usubova yönəlik addımları ölkə başçısı ilə razılışdırılmış şəkildə həyata keçirilir. Bu isə həm də o anlama gəlir ki, Ilham Əliyev açıq şəkildə olmasa da, Paşayevlər-Ramiz Mehdiyev toqquşmasında birinciyə “stavka” edir.
Azad