Müxtəlif qurumlardan şikayətçi olan və qarşılaşdıqları problemləri ictimailəşdirmək üçün “Azadlıq”a üz tutan vətəndaşların əksəriyyətinin danışığında və ya yazılı məktubunda bu cümləyə rast gəlirik: “Problem həll olunmasa, Avropa Məhkəməsinə şikayət edəcəyəm…” Özü də bəzən elə problemlərdən sohbət gedir ki, onlar heç bir halda, Avropa İnsan Hüquqları Məhkəməsində araşdırma predmeti ola bilməz…
Milyonların ümid yeri…
Müşahidələr göstərir ki, bu cür yanaşmanın səbəbi təkcə vətəndaşların bir çoxunun Avropa Məhkəməsinin mahiyyəti barədə yetərincə məlumatlı olmaması deyil. Səbəb həm də ölkədə məhkəmə-hüquq sahəsindəki hazırkı acınacaqlı durumdur. Elə bir vəziyyət yaranıb ki, insanlar Avropa Məhkəməsinə ümid, pənah yeri kimi baxırlar. Hətta bir sıra hallarda yerli məhkəmələrə müraciətlər də yalnız problemi Avropa Məhkəməsi müstəvisinə cıxarmaq məqsədi daşıyır. Axı hər hansı məsələnin Strasburqa gedib cıxması üçün ölkədaxili hüquq-müdafiə vasitələrini tükəndirmək, yerli məhkəmə instansiyalarını keçmək tələb olunur…
Avropa Məhkəməsinin qərarı da kağız üzərində qalırsa…
Bununla belə, xüsusən son illərdə Avropa Məhkəməsilə bağlı ümidsizliyə qapılanların sayındakı artım da diqqətdən kənarda qalmamalıdır. Bu inamsızlığı yaradan əsas səbəblərdən biri isə Avropa Məhkəməsinin Azərbaycan üzrə çıxardığı qərarların bir çoxunun yerli məhkəmələrin qərarlarından fərqlənməməsidir. O mənada ki, Strasburqda çıxarılan qərarların bir qismi yerli məhkəmə qərarları kimi, illərdir, kağız üzərində qalıb, icra olunmur. Bir xeyli işlər var ki, orada vətəndaşlar yerli məhkəmələrin çıxardığı qərarların icra olunmamasından Avropa Məhkəməsinə şikayət ediblər. Avropa Məhkəməsi də Azərbaycana qarşı olan 15-ə qədər işdə bu halı İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusu kimi qiymətləndirərək, dövləti cərimələyib. Yəni, məhkəmə belə nəticəyə gəlib ki, əgər qərar icra olunmursa, həmin qərarın verilib-verilməməsi arasında elə bir fərq yoxdur. Cünki kağız üzərində qalan qərarın vətəndaşa onsuz da heç bir xeyri dəymir. Amma iş elə gətirib ki, Avropa Məhkəməsinin bu cür qərarlarının özünə əhəmiyyət verilməyib və illərdir onların icrası yubanır.
Qeyd edək ki, Strasburqda Azərbaycana qarşı cıxarılmış qərarlar arasında bu qəbildən olanlar kifayət qədərdir və onlardan biri də “Faber” firmasının rəhbəri Sabir Cəfərovun şikayəti üzrə 25 noyabr 2010-cu ildə qəbul olunub.
Abutalıbovun vətəndaşın başına açdığı oyun
İşin mahiyyətinə gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 24 iyul 2002-ci il tarixli sərəncamıyla Nizami rayonu, keçmiş Moskva, indiki Heydər Əliyev prospekti 2006-cı məhəllədə bu firmaya 0,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazi “Audi” maşınlarının sərgisini, satışını və təmirini təşkil etmək üçün nəzərdə tutulub. Bundan bir qədər sonra Bakı meriyası ilə ayrıca müqavilə imzalanıb. Müqaviləyə əsasən, sözügedən 0,4 hektar sahə “Faber”ə 49 il müddətinə icarəyə verilib. Üstəlik, şirkətə həmin torpaqdan müvəqqəti istifadə hüququna dair 23 may 2002-ci il tarixli CH-1844 saylı şəhadətnamə də təqdim olunub. Firma rəhbərliyi meriyanın Bakı Şəhər Ekspertiza Mərkəzinin də rəyini əldə edəndən sonra icarəyə götürdüyü torpaq sahəsində təyinatı üzrə işə başlayıb. Ərazinin təmizlənməsi, hamarlanması, hasara alınması tikililərin özüllərinin qoyulması və s. işlərə külli miqdarda vəsait xərclənib. Hətta şirkət lazımi işləri görmək üçün Beynəlxalq Bankdan illik 18 faiz olmaqla 51 min dollar kredit götürüb.
Günlərin birində Hacıbala Abutalıbovun həmin ərazidən keçməsi bütün zəhmətin üstündən xətt çəkib. 2002-ci ilin avqustunda Bakı meri Heydər Əliyev prospektilə hərəkət edərkən sözügedən ərazidə tikinti işlərinin aparıldığını görüb. Dərhal da göstəriş verib ki, oradakı təmir işləri dayandırılsın və aparılmış tikintilər sökülsün. Elə həmin gün də onun göstərişini müvafiq icra hakimiyyəti orqanları yerinə yetiriblər.
Bu hadisə ilə əlaqədar “Faber” firmasının təsisçisi Sabir Cəfərovun səhhətində ciddi problemlər yaranıb, o, uzun müddət xəstəxanada müalicə alıb. Yeri gəlmişkən, Avropa Məhkəməsi ərizəçiyə dəymiş ziyanı məyyənləşdirərkən bu məqam da nəzərə alınıb.
Daha sonra Hacıbala Abutalıbov söküntünü rəsmiləşdirmək qərarına gəlib. 2003-cü il yanvarın 2-də sərəncam imzalayaraq, cəmi beş ay əvvəl elə özünün verdiyi sərəncamı (“Faber”ə torpaq ayrılması barədə 24 iyul 2002-ci il tarixli sərəncamı) ləğv edib. Heç izah da olunmayıb ki, əvvəlki sərəncam hansı səbəbdən ləğv edilir.
Belə olan halda, “Faber” firmasının rəhbərliyi məhkəməyə üz tutub. 1 saylı Yerli İqtisad Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırılıb. İddia ərizəsində də xahiş olunub ki, Abutalıbovun 2 yanvar 2003-cü il tarixli sərəncamı ləğv edilsin.
Bu iş üzrə məhkəmə qətnaməsinin çıxarılması uzun çəksə də, sonda nəticə şikayətçi şirkətin xeyrinə olub. Məhkəmə 10 avqust 2005-ci il tarixli qətnamə ilə “Faber” firmasının iddiasını təmin edərək, Abutalıbovun sərəncamının ləğvinə dair qərar çıxarıb. Məhkəmənin qərarına əsasən, həmçinin 0,4 hektarlıq torpaq sahəsi üzərində firmanın istifadə hüququ bərpa olunub. Bundan başqa, məhkəmə Bakı Şəhər İcra Hakimiyyətinin hesabından “Faber”in xeyrinə 104 milyon 822 min 212 manat maddi zərər əvəzi tutulmasını müəyyən edib.
Şirkət rəhbərliyi iddia ərizəsində mənəvi ziyanın müqabilində meriyadan 50 milyon manat kompensasiya tutulması məsələsini də qoyub. Lakin məhkəmə iddianı bu hissədə baxılmamış saxlayıb.
Bakı Şəhər İcra Hakimiyyəti qərardan narazı qalıb. Mənəvi ziyanla bağlı hissə baxılmamış saxlanıldığı üçün qətnamə “Faber”in rəhbərliyini də tam qane etməyib. Ona görə də həm iddiaçı, həm də cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verib. Apellyasiya instansiyası meriyanın şikayətini qismən təmin edib. Əvvəlki qətnamədə olan “Bakı Şəhər İcra Hakimiyyətindən 104 milyon 882 min 212 manat zərərin tutulmasına dair” hissə ləğv olunub. Bununla belə, Abutalıbovun sərəncamının ləğvi məsələsi qüvvəsində saxlanılıb. Eyni zamanda, “Faber”in Heydər Əliyev prospektindəki mübahisəli torpaq sahəsindən istifadə hüququnun bərpasıyla bağlı hissə də dəyişdirilməyib.
Bakı Şəhər İcra Hakimiyyəti bu qərardan da narazı qalaraq, Ali Məhkəməyə müraciət edib. Lakin bu instansiya da 23 dekabr 2005-ci il tarixli qərarı ilə meriyanın şikayətini təmin etməyib.
Bundan təxminən 15 gün sonra qətnamə icraya yönəldilib. Amma sözügedən ərazidəki Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi qətnamənin icrasına maneçilik törədib. Bununla əlaqədar rəis Nizami Rayon Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb olunub və cərimələnib.
Amma yenə də qətnamə icra olunmayıb. Məhkəmə qararı üzrsüz səbəbdən icra edilmədiyinə, eləcə də icra prosesində əsassız yubanma və süründürməçiliyə yol verildiyinə görə Ədliyyə Nazirliyinin Nizami rayonu üzrə Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi tərəfindən Abutalıbovun müavini Rauf Pənahov barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Protokol məhkəməyə təqdim olunsa da, Nizami Rayon Məhkəməsi Rauf Pənahovun barəsində inzibati işin icraatına xitam verib.
Qərarın icrası yenə də yubandığından məhkəmə icraçıları şöbəsi bu dəfə maneələrin aradan qaldırılması üçün məktubla həm Abutalıbova, həm də Nizami rayonunun icra başçısına müraciət edib. Bunun da xeyri olmayıb. Belə olan halda, Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 306.2-ci maddəsilə cinayət işinin başlanması məsələsinə baxılması üçün Nizami Rayon Məhkəməsinə müraciət edib. Qeyd edək ki, Cinayət Məcəlləsinin 306.2-ci maddəsinə görə, vəzifəli şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmirsə, yaxud, onun icrasına mane olursa, bu halda, 1100 manatdan 2200 manatadək cərimə, iki ilədək islah işləri və ya bir ildən üç ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin bu müraciətinə də müsbət cavab verilməyib. Belə olan halda, Sabir Cəfərov qətnamənin icra olunmamasından Avropa Məhkəməsinə şikayət edib. Məhkəmə də onun şikayətini təmin edərək, vətəndaşın mulkiyyət, ədalətli məhkəmə araşdırması kimi hüquqlarının pozulmasına görə dövləti cərimələyib. Ən pisi budur ki, müvafiq qurumlar dovlətin cərimələnməsindən də bir nəticə çıxarmayiblar. Qərar iki ildən çoxdur ki, çıxarılsa da, bu müddətdə onun icrasından xəbər yoxdur. Yalnız hüquq pozuntusuna görə Avropa Məhkəməsinin müəyyənləşdirdiyi məbləğ ərizəçiyə ödənilib ki, bu da qərarın icrası demək deyil.
Gec olsun, güc olsun!
Pozulmuş hüquqlarının bərpası üçün döymədiyi qapı qalmayan Sabir Cəfərov isə bütün bu baş verənlərə baxmayaraq, nikbindir. Nikbinliyinin səbəbini isə Avropa Məhkəməsi qərarlarının icrası məsələsinin Avropa Şurası Nazirlər Komitəsinin nəzarəti altında olmasıyla izah edir: “Düzdür, əvvəl məndə ümidsizlik var idi. Amma indi bir qədər fərqli düşünürəm. Əlbəttə, Avropa Məhkəməsinin qərarının elan olunmasından xeyli vaxt keçməsinə baxmayaraq, bu qərarın da icra olunmaması yaxşı hal deyil, amma sonda onun icra olunacağına əminəm. Çünki qərarın icrasına Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. O, dövlətlərdən qərarların icrası ilə bağlı müntəzəm hesabatlar tələb edir. Azərbaycan hökuməti çox güman ki, məhkəmə qərarlarının icrası ilə bağlı durumu dəyişmək üçün real addımlar atacaq. Mənim və mənim kimi, illərlə məhkəmə qərarlarının nə vaxt icra olunacağını gözləyən şəxslər də nəhayət, haqlarına qovuşacaq. Ona görə haqqı pozulan insanlara tövsiyəm budur ki, əgər ölkə daxilində haqlarınız bərpa edə bilmirsinizsə, beynəlxalq məhkəmələrə müraciət etməkdən çəkinməyin. Ən azı, təminat var ki, gec-tez haqqınız yerini alacaq”.
Hökumət qərarları icra etməyə məcburdur
Sabir Cəfərovun hüquqlarını Avropa Məhkəməsində ölkənin tanınmış hüquqşünaslarından olan, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev təmsil edib. İntiqam müəllim də bu məsələ haqda danışarkən ilk növbədə onu qeyd edir ki, Azərbaycanın Avropa Məhkəməsinin qərarlarının icrası sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini söyləmək çətindir. Hüquqçunun sözlərinə görə, ölkəmizlə bağlı çıxarılmış qərarlar üzrə əldə olan təcrübə onu göstərir ki, Azərbaycan faktiki olaraq Strasburq Məhkəməsinin qurban kimi tanıdığı şəxslərə kompensasiya verməklə işini bitmiş sayır. Yəni, həmin qərarlardan doğan digər öhdəliklərini – gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısını almaq üçün qanunvericilikdə, onun tətbiqi praktikasında institusional dəyişikliklər həyata keçirmir.
Məhkəmə qərarlarının icra olunmamasının səbəblərinə gəlincə, İntiqam Əliyev deyir ki, problemin kökündə təkcə məmur özbaşınalığı dayanmır: “Bu, məhkəmə icraçılarının özbaşınalığı məsələsi də deyil. Problem sistemlə, pis idarəçiliklə, korrupsiya ilə bağlıdır. Məsələn, mülkiyyət hüququ ilə bağlı işlərdə qərarların icrasının təmin olunması üçün dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır. Qanunvericilik milli məhkəmələrin qərarlarının icra olunmamasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Amma bununla bağlı ədliyyə, prokurorluq, məhkəmə orqanlarına müraciətlər əksər hallarda nəticəsiz qalır. İnsanlar ümidlərini Avropa Məhkəməsinə dikmişdilər. İndi də bəlli olur ki, Azərbaycan hökuməti heç bu qurumun qərarlarını da saya salmır. Ölkədaxili məhkəmələrin qərarlarının icra olunmaması ilə bağlı şikayətlərdə Avropa Məhkəməsi dövlətdən qərarının elan olunmasından üç ay ərzində onları icra etməyi tələb edir. Strasburq Məhkəməsinin elə qərarları var ki, qüvvəyə minməsindən iki ilə yaxın vaxt keçib, amma hələ də icra olunmayıb”.
Əgər hökumət Avropa Məhkəməsinin qərarını icra etməyəcəksə, insanlara beynəlxalq müdafiə mexanizmlərindən istifadə etməyə yönəlik çağırışların, illərlə ümidlə məhkəmə qərarını gözləməyin mənası varmı? Bu halda insanlar yalançı ümidlərlə aldanmırmı? Bu suallara cavab olaraq, təcrübəli hüquqçu deyir ki, bu cür yanaşma yanlış olardı. Fikrini də belə əsaslandırır: “Dediyim kimi, həqiqətən yerli məhkəmələrin qərarları kimi, bu gün Avropa Məhkəməsinin qərarlarının icra olunmaması problemi var. Amma bu qərarların icrasına Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir və müntəzəm olaraq ölkələrdə icra durumu ilə bağlı durumu müzakirə edir, qərarlar verir. Heç bir şübhəm yoxdur ki, Avropa Məhkəməsinin icra olunmamış heç bir qərarı qalmayacaq. İndi vətəndaş cəmiyyətindən, vəkillərdən, QHT-lərdən bu sahədə ciddi iş tələb olunur: keyfiyyətli monitorinqlərə, hesabatlara, tövsiyələrə ehtiyac var. Avropa Məhkəməsinin qərarlarının, orada qaldırılan problem¬lərin ciddi araşdırılmasına, vətəndaş cəmiyyəti qurumlarının iş¬tira¬kı ilə müzakirəsinə və aradan qaldırılması istiqamətində real addımlar atılmasına ciddi ehtiyac var. Ona görə də səyləri davam etdirmək lazımdır. Bu qərarlar kritik həddi keçəndə, onların təsirini öz həyatımızda daha çox hiss etməyə başlayacağıq”.
Konkret “Faber” firmasının işinə gəlincə, İntiqam Əliyev bildirib ki, bu iş üzrə Avropa Məhkəməsinin qərarının icra olunmaması ilə bağlı bütün aidiyyəti qurumlara müraciət olunub: Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrasına məsul olan qurumlarına, prokurorluğa, məhkəməyə, Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsinə. Lakin bu müraciətlər heç bir nəticə verməyib.
“Hazırda Avropa Şurasının Nazirlər Komitəsinə hesabat hazırlanır. Həm “Faber” firmasının, həm də məhkəmə qərarlarının nə vaxt icra olunacağını gözləyən hər kəsin bu haqqı-gec tez təmin olunacaq”, – deyə İntiqam Əliyev əlavə edib.
Dövlətə qarşı sanksiya təhlükəsi…
Yeri gəlmişkən, Avropa Şurası Nazirlər Komitəsinin katibi Simon Palmer də bildirib ki, Komitə Avropa Məhkəməsinin qərarlarının tam icrasını sığortalamaq üçün müəyyən işlər görür və çətinlik çəkdiyi güman edilən hər bir ölkəyə bir sıra vasitələrlə kömək edir. «Hələlik elə bir hal olmayıb ki, hansısa ölkə ümumiyyətlə qərarı icra etməsin. Düzdür, bəzi hallarda hansısa ölkə qərarın icrasında könülsüz olur. Belə olan halda Komitə əvvəlcə həmin ölkəyə kömək vasitələrini axtarır. Yenə nəticə verməyəndə Komitə ölkəyə qarşı bir sıra təzyiqlər göstərir. Müvəqqəti olaraq öz açıqlamalarında ölkədən narazılığını bildirir, Komitənin sədrindən ölkə hakimiyyətinə məktublar göndərilir».
Simon Palmerin sözlərinə görə, bütün bu işlər ona görə olunur ki, hökumətlər heç vaxt tənqid olunmağı xoşalmırlar. Amma əgər ölkə ümumiyyətlə qərarı icra etməzsə, Konvensiyanın 14 nömrəli protokoluna əsasən, Komitə Avropa Məhkəməsində ölkə əleyhinə iddia qaldıra bilər. Amma bu təcrübə indiyə qədər həyata keçirilməyib».
Aytən Məmmədova
Yazı Media Hüququ İnstitutu və ABACEELİ-nin elan etdiyi müsabiqəyə təqdim olunur