Hicaba görə həbs edilən qadın beyin ölümü keçirib

İran hakimiyyəti son vaxtlarda qadınların hicab qaydalarını pozmasına qarşı tədbirləri sərtləşdirib

İranda 22 yaşlı qadının hicab qaydasına əməl etmədiyinə görə Tehranda əxlaq polisi tərəfindən döyülməsi və həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra onun beyin ölümü keçirdiyi xəbər verilib.

Sosial media şəbəkələrində yayılan xəbərlərə görə Məhsa Əmini sentyabrın 13-də İranın qərbindəki Kürdüstan vilayətindən Tehrana qohumları ilə görüşmək üçün gəlmişdi.

Hadisə yerində olmuş şahidlər jurnalistlərə deyiblər ki, Əmini ehtimalən polis məntəqəsinə aparılarkən əxlaq polisinə məxsus mikroavtobusda döyülüb.

Qadının həbsindən bir neçə saat sonra qohumlarına onun xəstəxanada olduğu xəbər verilib.

Tehran Polis İdarəsi Əmininin döyüldüyünə dair iddiaları rədd edib və bildirib ki, o Tehrandakı polis bölmələrindən birinə “hicab barədə tərbiyələndirici söhbət” üçün aparılmışdı, lakin orada qəfildən ürək problemi yaşayıb.

Azadlıq radiosu