KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) birləşmiş qərargahının başçısı Anatoli Sidorov Moskvada brifinqdə deyib ki, onun başçılıq etdiyi missiya bu gün axşam Yerevana gedəcək.
Daha öncə missiyaya KTMT Baş katibi Stanislav Zassın başçılıq edəcəyi açıqlanmışdı. Sidorov Zassın bir sıra ciddi beynəlxalq tədbirlərə, özəlliklə bu gün Özbəkistanda başlanan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitinə dəvət olunduğunu, Ermənistana daha sonra, ola bilsin, gələn həftə gedəcəyini deyib.
Sidorov qurumun hazırda Ermənistana sülhməramlı kontingent göndərmək planı olmadığını deyib. Onun sözlərinə görə, missiya yerində vəziyyəti öyrənəcək, münaqişənin səbəblərini və konfliktin həlli yollarını araşdıracaq.
Ermənistan Azərbaycanla son sərhəd toqquşmalarından sonra KTMT-yə yardım üçün müraciət etmişdi.
ŞƏT sammitində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin görüşü gözlənir. Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddə gərginliklə əlaqədar sammitə getməkdən imtina edib.
Azadlıq radiosu