AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli
Təqdim olunan “Siyasi partiyalar haqqında yeni qanun”-un bir başa Əli Kərimlinin sədri olduğu Xalq Cəbhəsi Partiyasına, onun fəaliyyətini məhdudlaşdırmağa, legitimliyini şübhə altına qoymağa yönəldiyi artıq kimsədə şübhə doğurmur.
Hər kəs gözəl bilir ki, ölkədə qərargahı, ofisi olmayan, üzvləri daim təqib və təzyiqə məruz qalan, həbs edilən, işgəncəyə məruz qalan, sədri 17 ildir xarici pasportdan məhrum edilən yeganə partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.
Heç kimə sirr deyil ki, son 17 ildə ölkədə siyasi mübarizə yalnız hakim Yeni Azərbaycan Partiyası ilə, ona yeganə alternativi olan Azərbaycan Xalq Cəbhəsi arasında gedir.
Əgər bu qanun layihəsinin də məhz hakim partiya tərəfindən hazırlandığını nəzərə alsaq, artıq bunun YAP rejimi tərəfindən öz yeganə rəqiblərini sıradan çıxarmağa hesablandığı heç kimdə şübhə doğurmur.
Amma…..
Amması odur ki, necə ki, indiyə qədər hazırladıqları bütün fitnə-fəsadlar bumeranq effekti verərək daim özlərini vurub, demək ki, sonda bu nadanlıqları da öz başlarında çartlayacaq.
Ona görə ki….
- Azərbaycan xalqı qədrbilən xalqdır. Əgər görsələr ki, Xalq Cəbhəsinin üzv sayı ilə bağlı hansısa çətinliyi var, ( Hansı ki, Xalq Cəbhəsinin belə bir problemi yoxdur) kütləvi şəkildə partiyaya üzv olub, bu maneəni aradan qaldıracaqlar. Nəticədə partiya bu sınaqdan da alnı açıq, üzü ağ və daha da güclənərək çıxacaq.
- Əgər öz aləmlərində düşünüblər ki, son dövrlər ölkədə nəticələri öncədən məlum olan saxta seçkiləri baykot edən yeganə partiya AXCP-dir və bu yolla onları gələcəkdə baş tuta bilən seçki tamaşalarında rol almağa məcbur edəcəklər, yenə yanılırlar.
Çünki belə olan təqdirdə şüurunda seçkilərdə iştirak edib, etməməklə bağlı zərrə qədər tərəddüdü qalan hər kəs anlayacaq ki, demək, indiyə qədər təşkil olunan seçki şoularında iştirak, yalnız bu anti-xalq rejiminin özünə lazım imiş. Seçkiləri baykot edən Xalq Cəbhəsi isə ölkədə prinsipial mübarizə aparan yeganə partiya imiş. Yaranmış bu qənaət də, Xalq Cəbhəsinin ictimai nüfuzunu, reytinqini xeyli gücləndirmiş olacaq. Nəticədə uduzan yenə də bu anti-demokratik qanun layihələri hazırlayanların özləri olacaq. - Hakimiyyətin baş bilənləri təcili surətdə yuxarıda sadalanan faktlar öz təsdiqini tapmamış, bu qanun layihəsini ləğv edib başqa variantlar üzərində çalışmalıdırlar.
Məsələn: Bu qədər baş sındırıb, düşünüb belə gülünc qanun layihəsi hazırlamaqdansa elə birdəfəlik qərar versinlər ki, sədri xarici pasportdan, internet imkanından məhrum edilmiş, ofisi qərargahı partladılmış, ildə 100 nəfərdən çox üzvü inzibati qaydada həbs edilmiş, cinəyət məsuliyyətinə cəlb olunub siyasi məhbus həyatı yaşamış partiyaların qeydiyyatı ləğv olunur.
Əgər məqsəd, özünü bütün dünyaya güldürmək, dövlətin adını rüsvay etməkdirsə, məncə 3-cü bənddə göstərilən təklif onlar üçün ən ideal təklifdir)).