27 milyon manatlıq mənimsəmə və rüşvət almaqda suçlanan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu məbləğin 20 milyonunu ödəyib. İstintaqın hesabladığı ziyandan təxminən 7 milyon manat qalıb. Bu, avqustun 15-də sabiq nazirin məhkəməsində məlum olub.
61-yaşlı Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Avqustun 15-də prokuror məhkəmədə ittiham aktını elan edəndə aydın olub ki, Müslümov nazir olduğu dövrdə müxtəlif bölgələrdə (Qazax, Samux, Salyan, Zaqatala) müharibə əlilləri, həlak olanların ailələri üçün fərdi yaşayış evlərinin tikintisində rüşvət almaqda təqsirləndirilir. İddia olunur ki, rüşvət müqabilində həmin evlərin tikintisi müəyyən şirkətlərə, yaxud fərdi şəxslərə həvalə olunub.
Müslümov həmçinin nazirliyin tabeliyində olan qurumların (Dövlət Sosial Müdafiə Fondu, Dövlət Əmək Müfəttişliyi və s.) müxtəlif rayonlar üzrə rəhbər şəxslərini vəzifəyə təyin etmək, müqavilə müddətini uzatmaqdan ötrü də onlardan rüşvət almaqda suçlanır. İttiham aktında təkcə Mərdəkandakı müalicə pansionatının təmir-bərpası prosesində 406 min manatlıq yeyintidən bəhs olunur.
Keçmiş nazir haqqında ittiham aktı 573 səhifədir. Bu üzdən orada yazılanların elanına bir məhkəmə iclası kifayət etməyib. Növbəti iclasda ittihamın elanı davam edəcək və Müslümovun özünü təqsirli bilib-bilmədiyi aydınlaşacaq.
Sabiq nazirin özünün və yaxınlarının adına olan 8 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.
Azadlıq radiosu