Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Azərbaycan cəmiyyəti öz-özlüyündə bu miskin duruma düşmədi. Onu məqsədyönlü “dövlət” siyasəti ilə bu hala saldılar.
1.Şəxsiyyətini, ləyaqətini qoruyan insanları bir tikə çörəyə möhtac qoyub marginallaşdırdılar ki, başqalarına görk olsun. Böyük əksəriyyət də onlara baxıb marginallaşmaq, quru çörəyini qazana bilməmək qorxusundan susdu və hətta öz qorxusuna bəraət qazandırmaq, öz vicdanını susdurmaq üçün hakimiyyətin ideoloji ruporları vasitəsilə cəmiyyətə ötürdüyü tezisləri təkrarlamağa başladı: “bunlar hakimiyyət davası edir”, “92-93-cü illərdə camaat küçəyə çıxa bilmirdi”, “30 il müxalifətdə qalmaq olar”, “bunlar qaragüruhdur, savadsızdır”, “bunlar seçkiyə qarşıdırlar” və s. Guya biz ona görə susuruq ki, müxalifət pisdir, yoxsa, susmazdıq.
- Geniş kütləni təkcə qorxu ilə yalanlara inandırmaq çətindir. Hər halda, indi 37-ci il deyil, texnologiyalar əsridir. İnsanların gözü gec-tez açılacaq. Odur ki, altyapı səviyyəsində, dərində də iş getməlidir. Bu isə insanların düşünmək, təhlil və müqayisə etmək kimi koqnitiv-idraki qabiliyyətlərini zəiflətməkdən ibarət fundamental istiqamət idi ki, bu məqsədlərinə də çatdılar- təhsili, elmi məhv etdilər. Əvəzində qanuni oğruları özlərinə kumir seçən, Park-Bulvarda iphone üçün saç yolan, sənətə konservatoriyadan deyil, “Həcilərin” xeyir-duası ilə gələn “müğənnilərin” konsertində göz yaşı tökən, bayağı efirlərin səviyyəsiz şoularının təsiri ilə formalaşan kütlə yetişdirdilər. Bu “beyinyuma” əməliyyatı nəticəsində formalaşan kütləni idarə etmək çox asandır, çünki analitik qabiliyyəti və hətta belə bir istəyi də yoxdur.
- Marginallaşmaqdan qorxan, lakin hakimiyyətin hələ də zombiləşdirə bilmədiyi nisbətən passionar bir kəsim qalır ki, onlar düşük şoulara baxmır, az-çox təhsillidir və zəif də olsa mövqe qoya bilirlər. Onları təsir altına salmaq üçün də hakimiyyət çox işlədi. Əli qələm, dili söz tutanlardan cib mətbuatı, siyasətə iddialılardan cib müxalifəti, fəallıq edib problem yarada bilənlərdən cib QHT-ləri formalaşdırıb zərərsizləşdirdi. Yerdə qalanlarını da həmin o “cib”-lərdən olan “rəy liderləri” ətrafında birləşdirib daha çox bu ölkənin dərdlərini bilən və düzgün hədəf alan gerçək müxalifətə qarşı səfərbər etməyi bacardı. Tezislər isə dəyişmir, eynilə hakimiyyət trollarının illərlə təkrarladığı tezislərdir: “bunlar hakimiyyət davası edir”, “92-93-cü illərdə camaat küçəyə çıxa bilmirdi”, “30 il müxalifətdə qalmaq olar”, “bunlar qaragüruhdur, savadsızdır”, “bunlar seçkiyə qarşıdırlar” və s.
İşimiz çox çətindir, …amma çarəsiz deyil.