Media eksperti Ələsgər Əhmədoğlu
Mərkəzi Seçki Komissiyası Seçici siyahılarını dəqiqləşdirib və seçicilərin sayını açıqlayıb: 6 milyon 404 min 955 nəfər.
Maraqlısı budur ki, 2 il öncə- 2020-ci ilin fevral Milli Məclis seçkilərində seçici sayı cəmi 5 milyon 359 min 15 nəfər elan edilmişdir.
MSK cəmi 2 il ərzində 1 milyon 42 min 940 nəfər seçicini artırıb. Halbuki, DSK-nın məlumatına görə bu müddət ərzində 18 yaşını tamamlayan əhali sayı 158 min ətrfında olub.
MSK-nın cəmiyyətə bir açıqlama borcu var. Bu qədər seçicini indiyədək harda saxlayıb?
Əslində sual ritorikdir. MSK-nın açıqladığı seçici siyahıları ilə Dövlət Statistika Komitəsinin siyahılarında ciddi fərq olduğu hər seçkidə müzakirə predmetidir.
Hazırda Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci il ölkədə ümumi əhali sayı 10 milyon 119 min 100 nəfərdir. Bunlardan 0-18 yaş qrupu olan (Seçici yaşı olan 18-ə çatmayan) əhali sayı təxminən 2 milyon 596 min 700 nəfərdir.
Bu rəqəmlərə əsasən 18 yaşını tammalayan əhali sayı ölkədə 7 milyon 522 min 330 nəfərdir. Halbuki, MSK-nən son siyahısında bir milyondan çox artım olsa da, hələ də digər dövlət qurumu olan Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərdən 1 milyon 120 min 375 seçici qeydiyyatdan kənar görünür.
Ölkədə yüz milyonlarla rəqəmsal idarəetməyə, sənədləşməyə vəsait xərclənir. Artıq bütün şəxsiyyət vəsiqələri, pasportlar rəqəmsal çiplərlə, informasiyalarla təchiz edilib. Belə olan halda haqlı sual yaranır, vahid dövlət qeydiyyat sisteminin qurumlar arasında istifadəsini təşkil etmək bu qədər çətindir?
12 Sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunan “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi QAYDALARI”nda nəzərdə tutulub ki, dövlət informasiya ehtiyatının və sisteminin səmərəli təşkili və istifadəsi, informasiyanın ilkin mənbədən əldə edilməsi və təkrarçılığın aradan qaldırılması üçün mübadiləsinin təmini məqsədi ilə informasiya ehtiyatları və sistemləri arasında qarşılıqlı əlaqələrin yaradılmasının təmini üçün dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası aparılsın.
Bu Fərmana görə MSK və Dövlət Statistika Komitəsi atrıq 4 il öncədən bu problemi həll etməli, fərdlərin fərdi məlumatlarını hər iki qurum informasiyanın ilkin mənbədən əldə etməli və ona uyğun istifadə etməli idi.
Anlaşılan Normativ sənədləri oxumağa vaxtları yoxdur.