“Övladlarımın həbsində Heydər Əliyevin əli olub”
«Azərbaycanlı müstəntiqlər oğlumun güllələnməsini istəyirdilər»
Əlistan Səfərovun iki oğlu Sumqayıt hadisələrinə görə saxlanılıb və onlardan birinə – Ədalətə əvvəlcə SSRI Ali Məhkəməsinin hökmü ilə barəsində güllələnmə hökmü çıxarılan Əhməd Əhmədovun iğtişaşlarda iştirak edən qrupunun ən fəal üzvlərindən biri kimi ittiham irəli sürülüb. Atası Əlistan kişinin dediyinə görə, Əhmədovla bərabər eyni maddələrlə ittiham irəli sürülən oğlunu martın 13-də evdən aparmışdılar.
***
Əlistan Səfərov Sumqayıt hadisələrinin daha dəqiq araşdırılması üçün istintaqın yenidən aparılmasının vacib olduğunu bildirir: “Qətiyyətlə deyirəm, bu hadisələrin təşkilində, övladlarımın tutulmasında Heydər Əliyevin rolu olub. Mən Əliyevə ilk ərizəmi keçmiş deputat Hicran Kərimli vasitəsilə yollamışdım. Mən onun belə bir suala cavab verməsini istəyirdim: ”Sənin əllərin bizim həyatımıza uzanıb, ya yox?”. Hicran deyirdi ki, Əliyev dəfələrlə məktubuma cavab verəcəyini bildirib, amma vermədi. Çünki mən 1985-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırovdan şikayət etmişdim. Kamranla Əliyev xalaoğlu idi. Əliyev o vaxt Moskvada işləyirdi, mənə hətta o vaxt deyirdilər ki, gəl Heydər Əliyevin qəbuluna. Demişdim ki, o, Azərbaycanın evini yıxan adamdır, mən onun qəbuluna getmərəm”.
“Ədalətlə Oqtayın tutulması üçün sanksiyanı Ismət Qayıbov vermişdi”
Əlistan kişinin sözlərinə görə, oğlanları Ədaləti və Oqtayı da bu hadisələrdən istifadə edərək ondan qisas almaq üçün tutdurmuşdular: “Onların hər ikisini Sumqayıtın o vaxtkı prokuroru Ismət Qayıbovun sanksiyası ilə həbs etdilər. Oqtayı Ədalətdən bir qədər sonra aparmışdılar. Sonra getdim Moskvaya, rusların vicdanlı adamları bu işə ədalətlə yanaşdılar, kömək etdilər. SSRI baş prokurorunun müavinlərindən biri, səhv etmirəmsə, Vinoqradov idi, haqlı olduğumu bildirdi. O, işi nəzarətə götürdü və dedi ki, oğluna güllələnmə hökmü çıxarılmayacaq”.
“Sənin oğlun öldürülməsə, mənim oğlumu öldürəcəklər”
Əlistan Səfərovun fikrincə, onun oğlanlarının cəzalandırılmasına maraqlı müstəntiqlərdən biri Vaqif Səmədov olub: “Çox riyakar adamdır, uşağımı satanın biri də odur. Deyirdi ki, tapançanı başıma dirəyib Ədaləti müdafiə etməmək üçün hədələyiblər. Vaqif hətta özünə bəraət qazandırmaq üçün deyirdi ki, guya arvadının harada işlədiyi, qızının, oğlunun harada oxuduqları barədə məlumat toplayıblar və oğlumu müdafiə etməyə cəhd göstərsə, onların başına müxtəlif oyunlar açacaqları haqda xəbərdarlıq ediblər”.
Səfərov deyir ki, bunlar Sumqayıtda aparılan ilkin istintaq zamanı olub: “Vaqif söyləyirdi ki, guya Bakıda köhnə avtovağzalın yanındakı stadionda yerləşən istintaq qrupunun rəhbərliyi tərəfindən də hədə-qorxu gəliblər, hətta onu divara dirəyiblər, bir dəfə də evinin girəcəyində hədələyiblər”.
Atası qeyd edir ki, SSRI baş prokurorunun müavini oğlu Ədalətin cinayətdə əli olmadığını biləndən sonra güllələnmə təhlükəsi sovuşub: “Ədalətin işini Əhmədin işindən ayırsalar da, onu da buraxmadılar, həbs-qətimkan tədbiri də dəyişdirilmədi. Çünki özümüzünkülər müdafiə etmədilər. Əslində Ədalətə bəraət verib buraxmalıydılar. 1989-cu il yanvarın 11-də hakim Qvaladze Ədalətə bəraətlə bağlı azad etmək əvəzinə işi təkmili istintaqa qaytardı. Özü hətta mənə deyirdi ki, işi yenidən istintaqa qaytardığı üçün onun partiya biletini alıb həbs də edə bilərlər”.
Səfərov həqiqəti öyrənmək üçün çox qapıları döyüb: “Mən bu işin arxasında kimlərin dayandığını, sifarişçinin kim olduğunu bilmək istəyirdim. Amma heç kim həqiqəti söyləmədi”.
Beləliklə, iş təkmili istintaqa qayıdır. Amma Qvaladzenin qərarından Ali Məhkəmənin sədri Hüseyn Talıbov baş prokuror Ilyas Ismayılova protest verir və onun çıxardığı qərar ləğv edilir: “Maraqlıdır ki, həmin protest qərarının üzərində Ismayılovun adı yazılsa da, sənədi mülki işlər üzrə müavini imzalayıb. Yeri gəlmişkən, oğlumun güllələnməsini müdafiə edənlərdən biri də Mirəziz Cəfərquliyev olub”.
Protest təmin olunandan sonra iş yenidən məhkəməyə verilir: “Indi səhv etmirəmsə, vəkildir, o vaxt məhkəmədə işə Tahir Kişiyev baxırdı. Ədalətin vəkili isə, – soyadını unutmuşam, Yusif adlı birisi idi. O, oğlumu müdafiə edəcəyi və həbsdən buraxdıracağı ilə bağlı vəd verərək məndən 13 min rubl pul almışdı. Amma sözünün üstündə durmadı. Prokuror vardı, rus qadın, ona satıldı. Kişiyev hətta Ədalətin üzünə bir azyaşlı uşağı qoydu. Həmin azyaşlı Cavad Əliyev dedi ki, mən Ədaləti üç erməninin mürəbbə balonlarını eyvandan yerə atanda görmüşəm. Ona görə Ədalətə iki il iş verdilər, sonradan şərti cəza ilə əvəzləndi. Amma 18 ay türmədə yatdığını hökmdən çıxmadılar”.
“Mən xalqımızın qeyrətinə, namusuna xələl gətirənləri ifşa etmək istəyirəm”
Əlistan kişi 23 il əvvəl ailəsinin üzləşdiyi və altını hələ də çəkdiyi təqiblərə qarşı yenə mübarizə aparır: “Bizə zülm etdilər, bu illər ərzində oğlanlarımı, üç oğul nəvəmi itirmişəm.
Məni bu gün maraqlandıran əsas məsələ budur: Ədaləti niyə tutmuşdular, niyə buraxdılar. Oqtay tutulandan bir müddət sonra buraxılmışdı, ona görə niyə tutulması ilə heç maraqlanmamışam. Mən Ədalətin işini yenidən məhkəməyə çıxarmaqla Azərbaycan xalqının qeyrətinə, namusuna xələl gətirənləri ifşa etmək istəyirəm. Hüquq-mühafizə orqanlarının indiki rəhbərliyi də Heydər Əliyevin adamları olduqları üçün işi yenidən məhkəməyə çıxartmırlar”.
Onun sözlərinə görə, Yaqub Məmmədov Ali Sovetin sədri olanda prokuror Murad Babayevə işdən protest verməsini xahiş edib: “1992-ci il aprelin 22-də protest verildi. Amma protesti Ali Məhkəmənin sədri Gülzar Rzayeva təmin etmədi, bu günə qədər razı qalmadığım saxta qərar çıxartdılar. Orada yazılıb ki, sübut olmadığına görə işə xitam verilsin. Ali Məhkəmənin belə bir qərar çıxarmağa ixtiyarı yoxdur, hökmü ya ləğv etməli, ya da yenidən məhkəməyə qaytarmalıydı. Məhkəmə isə Ədalətə bəraət hökmü verməliydi”.
Ədalət hadisələrin iştirakçısı olubmu?
Atasının dediyinə görə, oğlu kişi kimi hər yerdə etiraf edib ki, 7 ölüm hadisəsi olan yerdə olmuşam. Amma müşahidəçi kimi hadisələrin gedişini izləmişəm: “O, anasına deyib ki, erməniləri döyüb-öldürəndə, onları yandıranda oradan artıq uzaqlaşıb. Amma and içmişdi ki, nəinki mürəbbə balonu sındırıb, ümumiyyətlə, həmin binanın həndəvərinə belə getməyib. Ittiham aktında isə yazılırdı ki, 7 ermənini öldürüb, ikisinə də ölümünə qəsd cəhdi edib”.
– Sizcə, Ilyas Ismayılov ittihamnaməyə niyə qol çəkməyib?
– Vaqif Səmədov mənə deyirdi ki, Ilyas müəllim hiyləgərlik edərək bu sənədi imzalamayıb. Müstəntiq onu da qeyd edirdi di, bir ay aparıblar yanına, deyib, kim gəlsə, mən ona qol çəkməyəcəyəm.
Bir dəfə görüşdüm, dedim ki, Ilyas müəllim səndən qanunu tələb edirəm. Mən Qorbaçovun da qəbulunda olmuşdum. Ondan gələn ərizəni Ilyas Ismayılov batırdı. Onu Əhməd Cavadın oğlu Yılmaza göndərdi. O, həmin vaxt Binəqədidə prokuror işləyirdi, ora göndərdi, yazdı ki, Səfərovun yazdıqları təsdiq olunmur.
Vaqiflə təsadüfən Moskvada Kursk vağzalında görüşmüşdüm. Dedim ki, oğlumun hüquqlarını müdafiə etmədin. Dedi, Allaha and olsun məni qorxutdular. Ona iş materiallarını oxumağa belə vermədiklərini bildirdi.
– Ədalət həbsdən buraxılsa da, sonradan yenə tutublar…
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala