Natiq Güləhmədoğlu
Çox az azərbaycanlı tapılar ki, “Ac həriflər” tele-tamaşasında dərvişin qarson Zərbəlini və onun müdrini “rəbius-əvvəl ayının filan günü filan işi etmə, rəbiüs-sani ayının filan günü filan işi etmək günahdır” kimi vəizləri ilə xamlayıb ləziz-təamları içəri ötürməsinə babat gülməsin. Doğrudan da gülməlidir, burda qəribə heç nə yoxdur. İş burasındadır, o gülənlərin bəzisinə siz diqqətlə baxsanız nə o dələduz dərvişdən, nə Zərbəlidən, nə də onun müdrindən fərqlənir.
Sadəcə, özlərindən xəbəri yoxdur. Dilimizdəki məşhur ifadə ilə desək, bu adamlar “özlərinə gülür”.
O adamları sizə və özlərinə tanıtmaq üçün sizə bir düstur verin: yay-qış, gecə-gündüz olmasından asılı olmayaraq, Azərbaycanın harasında bir hakimiyyətə qarşı hər hansı formada etiraz olanda bu trioyabənzərlər (dərviş-Zərbəli-müdir) hoppanır düşür ortaya ki, aha görürsünüzmü, sabah, yaxud biri gün ölkəmizlə bağlı dünyanın hansısa təşkilatında müzakirə olacaqdı, ya da hansısa xarici qonaq bizə gələcəkdi, ölkəmiz çətin vəziyyətə düşsün deyə belə aksiya edilir.
O yetimçə dərviş müasirlərinə baxanda insaflı idi, onun kalendarında qadağan olmayan günlərin sayı az deyildi. İndikilərin təqvimində etiraz etmək üçün nə gün var, nə gecə. Nə zaman etiraz etsəniz, düşmən dəyirmanına su tökmüş olursunuz.