Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bu yazı ilə bağlı istənilən spekulyasiyanın qarşısını öncədən almaq üçün deyim ki, mən iliyinədək dünyəvi, müasir insanam, Azərbaycan-türk millətçisiyəm, dünyəvi dövlət mənim də qırmızı xəttimdir, dindarla ateistə sayğım eynidir, Əliyev rejiminə qarşı mübarizəni yalnız və yalnız dinc və konstitusion keçid formatında görürəm, amma kimsə Vətənimdə şəriət dövləti qurmağa qalxarsa, ona qarşı əlimdə silah döyüşməyə də hazıram.
Ukrayna-Rusiya savaşı, xüsusilə də, Qərbin Rusiyaya qarşı ağlasığmaz cəza tədbirləri fonunda dünya bu ilin mart ayından etibarən sürətlə dəyişməyə başlayıb və bu kontekstdə Azərbaycan hakimiyyəti də istisna deyil.
İlham Əliyevin Avropa Birliyi və ABŞ-la təmasları kimi Rusiya ilə arasındakı məsafə də artıb və bu geosiyasi sürüşmənin ilkin təzahürü kimi ölkəmizdə polisin davranışlarında müəyyən yumşalma hiss olunur. Feministlərin 8 mart, vətəndaş cəmiyyətinin 14 may, cəbhəçi qadınların Milli Məclis, dindar qadınların Prezident Administrasiyası qarşısındakı aksiyalarına polis müdaxiləsi ya olmadı, yaxud öncələr olduğu kimi ifrat zorakı müdaxilə baş vermədi.
Düzdür, bu müddət ərzində Bəxtiyar Hacıyevə qarşı mənəvi və fiziki terror , Aytən Məmmədovanın soyuq silahla təhdid edilməsi kimi iyrənc əməllər də baş verib, ancaq məndə belə bir əminlik var ki, hakimiyyət Bəxtiyar bəyin nəyə görəsə utanaraq, Aytən xanımın isə yeganə qız övladının həyatına görə qorxaraq bu hadisələri ictimailəşdirməyəcəyinə stavka etmişdi, amma hesablamalarında yanıldı.
ABŞ və Avropa Birliyi ilə intensiv təmaslar, ABŞ-ın iki yüksək rütbəli diplomatının ölkəmizə səfəri, hakimiyyətin ən çox qorxduğu kütləvi aksiyalara münasibətdə yumşalmalar fonunda birdən-birə, heç bir zərurət və ya səbəb olmadan dindarlar üzərinə, özü də məhz Müsəlman Birliyi Hərəkatının üzvləri və yalnız dindar cəbhəçilər üzərinə hücum başladı. Çox sayda dindar həbs edildi, barələrində cinayət işi və inzibati iş açıldı, məhkəmə qarşısına çıxarıldı.
Lakin proses bununla da bitmədi. Az sonra həbs edilən dindarlara dəstək vermək üçün onların məhkəməsi önünə gələn dindarlar da həbs edilməyə başladı və bu artıq fərqli, yeni bir situasiya idi, cünki bu vaxtadək məhkəmələrin önünə gələn vətəndaşları buna görə həbs etmirdilər.
Növbəti yenilik polis bölmələrində saxlanılan dindarlara qarşı ənənəvi pis rəftarla yanaşı bu dəfə artıq yeni bir know-how-nun tətbiqi idi- bu dəfə artıq Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin, o cümlədən polislərin inandığı Allah söyülürdü.
Azərbaycan hakimiyyəti Allahın söyülməsinə və zülmə qarşı dindarlar arasında reaksiyanın necə ola biləcəyini Gəncə hadisələri zamanı sınaqdan çıxarmışdı. Gəncədə qisas aksiyasını bir nəfər vətəndaş, öz şəxsi istəyi və təşəbbüsü ilə bir nəfərə- Elmar Vəliyevə qarşı həyata keçirmişdi, ancaq bu dəfə Allah kifayət qədər geniş bir müsəlman hərəkatının çoxsaylı təmsilçilərinin üzünə və sistemli şəkildə söyülürdü.
Əminliklə deyirəm ki, məqsəd Hacı Talehi və Müsəlman Birliyi Hərəkatının üzvlərini aqressiv davranışa təhrik etmək idi. Böyük ehtimalla özü də müsəlman olan polis niyə məsələn, həmin dindarı yox, özünün də inandığı Allahı söyməli idi?!
Mühafizəkar islam dindarı üçün bu bütün qırmızı xətlərin tapdalanması idi və hakimiyyətin də hesablamaları məhz bu yolverilməz davranışın dindarlar arasında doğurmalı olduğu reaksiyaya ilə bağlı idi.
Məsələn, Güney Azərbaycan mövzusunda yüngül və əsaslı tənqidlərinə görə İran mollaları təkcə Sabir Rüstəmxanlı barəsində bir neçə dəfə ölüm fətvası verib. Burada isə təhqir olunan islamın ən böyük müqəddəsi, Ulu Yaradanın özü idi. Ehtimal edilən reaksiya da uyğun olmalı idi ki… Taleh Bağırzadə rejimi pərişan etdi.
O İran mollalarının yolunu gedib heç bir fətva vermədi, əqidədaşlarını heç bir zorakı hərəkətlərə və qanunazidd davranışa səslənmədi və inandığı ən Uca Dəyərə edilən təcavüzə qarşı etirazını mümkün olan ən sivil yolla- canına, sağlamlığına qıymaqla, aclıq aksiyasına başlamaqla etdi.
Həbslər, aşırı zorakı davranış, hətta Allahın söyülməsi işə yaramadı, pərt olan “dövlət kişiləri” düşünüb-daşınandan sonra Taleh bəyi və dindarları çilədən çıxaracaq, bu dəfə mütləq işləyəcək, mütləq ağır reaksiya doğuracaq sözün bütün anlamlarında ən sonuncu, ən əxlaqsız, ən mənəviyyatsız əmələ əl atdılar: dəstək üçün dindar dostlarının məhkəməsinin qarşısına gəlmiş Elgiz Məmmədovu polis bölməsindən naməlum istiqamətə aparıb zorladılar.
Azərbaycanda bu əmələ görə ailələr bir-birini öldürüb, nəsillər bir-birini məhv edib, on illərlə davam edən nəsil, qan düşmənçilikləri düşüb. Hakimiyyət ümidlərini məhz belə bir reaksiyaya bağlamışdı. Hətta bizim dünyəvi cameədən olan dostlarımız belə qəzəb içində ” mən olsan hər şeyimi satıb, silah alıb bunu edənləri öldürərdim” çağırışları etdiyi bir vaxtda (onları gözəl anlayıram) Taleh Bağırzadə təmkinini itirmədi, nə ondan, nə dostlarından zorakılığa heç bir çağırış eşitmədik. Onların bu qədər mənəvi və fiziki işgəncə qarşısında atdıqları ən radikal addım canlarına qıyıb aclıq aksiyası keçirməkləri oldu.
Biz hakimiyyətin niyyətini görürdük, anlayırdıq, ona görə də Taleh bəyə aclığı dayandırmaqla bağlı açıq çağırışlar etdik, o da sağ olsun, mənzərəni aydın şəkildə görüb anlayan kimi aclıq aksiyasını dayandırdığını bəyan etdi və bununla da repressiv rejimi mat etdi…
Qapalı rejimli həbsxanada ola-ola, məhdud imkanlar çərçivəsində proseslərə belə düzgün qiymət vermək çox təqdirəlayiq haldır. Ümumiyyətlə, bu günədək Taleh Bağırzadənin bir ciddi səhvi dışında- 2015-ci ildə Nardarana sığınmaq səhv idi, onu Bakıda, evində həbs etsələr, uzağı üstünə narkotik atıb 5-6 il həbs verəcəkdilər- bir yanlışını görməmişəm. 2015-ci ildə ondan ən ağır işgəncələr altında Cəmil Həsənlinin və Əli Kərimlinin əleyhinə ifadələr istəniləndə sərgilədiyi ləyaqət və dəyanət, gerçəkdən də möhtəşəm idi! 2020-ci ildə hökumət Milli Şuranı islami dəyərlərin düşməni elan edib Taleh bəyə Milli Şuradan istefa qarşılığında azadlıq təklif edəndə də o mürəkkəb situasiyada da, o, yenə də ləyaqəti və şərəfi mübarizə yolunu seçmişdi. Abbas Hüseynin Qobustan həbsxanasında başqa səbəbdən deyil, məhz Əli Kərimliyə ad günü təbriki göndərdiyinə görə çarmıxa çəkildiyini də unutmamışıq.
Bəs repressiv hakimiyyət nədən ciddi-cəhdlə dindarları, özü də məhz Müsəlman Birliyi Hərəkatının üzvlərini radikallaşdırmağa, zorakılığa təhrik etməyə çalışır?!
Burada yenidən Ukrayna-Rusiya savaşına və onun dünya düzəninə təsirinə qayıtmalıyıq. İlham Əliyev onun onilliklər boyu ən böyük arxası, hakimiyyətinin mənbəyi və qarantı olan Putin rejiminin məhvə doğru yuvarlandığını görür və məsələn, 3 ay, 6 ay sonra situasiyanın hansı istiqamətdə dəyişəcəyini təxmin edir. Bu durum onun xeyrinə olmayacaq. Odur ki, hadisələr səni öz arxasınca çəkib aparmadan onların önünə keçmək lazımdır və bu yöndə demokratiyanın imitasiyası dönəminə qayıtmaq qaçılmazdır. Artıq ciddi mənbələr tərəfindən təsdiqlənən referendum (yazıq Konstitusiya!) və ardınca yeni parlament seçkiləri məsələsi də məhz bu zərurətdən doğur.
Allahın söyülməsi, Taleh Bağırzadə və parlament seçkiləri arasında əlaqəni qurmaq üçün 2019-cu ilin payızına ekskurs etmək zorundayam.
19 yanvar, 8 oktyabr və 19 oktyabr aksiyalarından sonra bütün cəmiyyət ayaqda, sosial gərginlik pik həddə, 2020-ci ilin daha gərgin olacağı planlaşdırılır(bu proqnoz özünü doğrultdu) hökumətin 4 milyard manatlıq maliyyə güzəştləri də sosial narazılığı səngidə bilmir.
Milli Şura 1 noyabr 2019-cu il tarixinə növbəti aksiyasını təyin edir və… dostlarımız, yaxınlarımız, qohumlarımız kütləvi şəkildə bizə “çox ağır təxribatlar olacaq, çoxlu polis öldürüləcək, Milli Şuranı məhv edəcəklər” xəbərdarlıqları edir, yalvarırlar. Çox sayda müstəqil mənbələrlə dəqiqləşdirmə aparırıq, xəbər təsdiqlənir. Nəticədə, Milli Şura aksiyanı təxirə salır (həm də hava şərtləri pis idi).
Hakimiyyətlə gizli iç birliyində olanlar və hətta prezidentin özü bizi buna görə qorxaq, cəsarətsiz adlandırırlar. Təsəvvür edin, bir ölkə rəhbəri bir müxalifət təşkilatının təyin etdiyi aksiyanı təxirə salmasına niyə belə aqressiv və yanıqlı reaksiya verməli idi və ümumiyyətlə, niyə reaksiya verməli idi ki?!
Bütün bu sualların cavabını biz həmin müddətdə inzibati həbsdə olan dostumuz Rüfət Səfərov sayəsində tapdıq. Rüfət bəydən ağır işgəncələr altında Milli Şuranın radikal islamçılarla birləşərək dövlət hakimiyyətini zorakılıqla devirməyə cəhd etməsi haqqında ifadə verməsini tələb ediblər. Yəni, Milli Şuranı məhv etmək üçün Bakıda ikinci və daha dəhşətli Nardaran və ya Gəncə hadisəsini törətməyi planlaşdırırdılar.
O zaman biz bu planın gerçək hədəfini bilmirdik. Az sonra parlament seçkiləri keçirildi və seçkilər o qədər fiasko idi ki, bitər-bitməz hakimiyyət də, cib müxalifəti də bir ağızdan “bu seçkilər sayılmır, yeni seçki olmalıdır” dedilər. Yaxşı xatırlayıram, bəzi kreativ avtobusçular etiraf etdilər ki, bizə çox yer söz vermişdilər, sözlərini tutmadılar. Niyə? Çünki plan işləmədi. Çünki 1 noyabr aksiyasında Milli Şuranı radikal islama bağlayıb bitirmək, məhv etmək cəhdi alınmadı. Milli Şura, AXCP məhv edilmədən, diskreditasiya edilmədən onlarsın formalaşacaq parlamenti onsuz da, heç kim ciddiyə almayacaqdı. Bu halda, hakimiyyət niyə öz adamlarının payından kəsib özünün də hörmət etmədiyi cib müxalifətinə verməlidir ki?! Nə qazanacaq?!
Amma 1 Noyabr planı işləsəydi, parlamentə xeyli sayda “müxalifətçi” buraxıb demokratiyanın təntənəsini qeyd edəcəkdilər.
İndi də qarşıda parlament seçkisi var. Orijinal ola bilmədilər, indi də eyni kartı oynamaq istədilər, lakin deja vu!
Hələ də bizi parlamentə buraxıb-buraxmayacaqlarına qərar verə bilmirlər. Necə deyərlər, bizsiz olmur, amma bizimlə heç olmur))).
Taleh Bağırzadə isə yenə də səbatlı və yetkin addımı- aclığı dayandırması ilə hakimiyyətin planlarını pozmağı bacardı. Buna görə ona təşəkkür edirəm və ad gününü təbrik edirəm. Taleh bəyə və bütün siyasi məhbuslara azadlıq tələb edirəm!