Gənclər çıxış yolunu “Azadlıq”da aradılar
«Azərbaycanda rüşvət idarəetmə mexanizmidir»
“Azadlıq”da keçirilən budəfəki dəyirmi masanın qonaqları gənclər təşkilatları təmsilçiləridir. Mövzumuz isə gənclər hərəkatının hazırkı reallıqlarda cəmiyyətdəki rolu ilə bağlıdır. Iştirakçılar “Gənclər Klubu” Ictimai Birliyinin icraçı direktoru Zaur Əkbər, “Dalğa” Gənclər Hərəkatının fəalı Rövşən Nəcəfov və Azərbaycan Gənclərinin Avropaya inteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovadır.
Gənclərin fəallığı artmaqdadır
– Necə hesab edirsiz, Azərbaycandakı gənclər təşkilatları dövrün sosial-siyasi çağırışlarına cavab verə bilirlərmi?
G.Səfərova:
– Dünya qloballaşır və inteqrasiya edir. Azərbaycanda gənclər təşkilatı çoxdur. Bu gənclər təşkilatları arasında fəalları və qeyri-fəalları var. Gənclər sektorunun ictimai-siyasi proseslərə təsiri artıq formalaşmaqdadır. Beş il əvvəl gənclər təşkilatlarının vətəndaş təşəbbüsləri çox az görsənirdi. Indiki dövrdə Azərbaycan gənclərinin fəallığı artmaqdadır. Ümumiyyətlə, hər hansı cəmiyyətdə bir sektor formalaşırsa, onun ilk növbədə ideoloji aspektlərini axtarmaq lazımdır. Əgər bu sektorun ideoloji aspektləri yoxdursa, heç bir nəticə verməyəcək.
Normal cəmiyyət istəyən gənclərin sıraları genişlənir
Z.Əkbər:
– Azərbaycanda gənclər təşkilatının fəaliyyətini iki hissəyə bölərdim. 2005-ci il parlament seçkisinə qədər və sonrakı dövr. Birinci dövrdə gənclər daha çox partiyaların alt qurumu olan gənclər təşkilatlarında fəaliyyət göstərirdilər. Ikinci dövrdə isə alternativ sistemdə birləşən gənclər təşkilatları yetişməyə başladı. Hazırda Azərbaycanda mövcud olan gənclər təşkilatı vətəndaş cəmiyyətinin quruculuğunda daha fəaldırlar. Bunu deməklə əsla partiyaların gənclər təşkilatlarının gördüyü işə kölgə salmaq niyyətində deyiləm. Çünki özüm də vaxtilə Müsavat Partiyasının Gənclər Təşkilatında olmuşam, yetişmişəm. Amma müstəqil fəaliyyət bir qədər fərqli yanaşma tələb edir. Məhz müstəqil gənclər təşkilatları cəmiyyətdə indiyə qədər işlədilməyən, modern etiraz formalarını təklif etməyə başlayıblar.
Azərbaycanda siyasi azadlıqlar problemi var
– Necə hesab edirsiniz, alternativ ideya nə deməkdir? Gənclər bunu necə görürlər?
R.Nəcəfov:
– Alternativ ideya daha çox situasiyaya uyğun davranışdır. Mən bunu belə qəbul edirəm. Bu gün avtoritar sistemlərdə bir vətəndaş mübarizəsi başlayır. Uzun illər aparılan siyasi mübarizədə nəticə görməyən insanlar yeni ideyalar ortaya atmaq istəyirlər. Bununla insanlar həm özlərinin mübariz olduqlarını göstərmək, həm də repressiya maşınından yayınmaq istəyirlər. Hazırda alternativ ideyalar, üçüncü dalğa dönəmi gəlir. Əvvəl yalnız şüarlar irəli sürürdünsə, bu gün üçün müxtəlif etiraz formalarından istifadə edirsən. Məsələn, ayaqqablarını çıxarıb gəzərək etirazını nümayiş etdirirsən. Azərbaycanda hazırda siyasi azadlıqlar və onun paralelində vətəndaş azadlıqları problemi yaranıb. Mən atdığım addımları daha çox vətəndaş mübarizəsi sayıram. Çünki hər şeydən əvvəl mən bir vətəndaşam. Hətta iqtidar partiyasının üzvü belə deyə bilməz ki, bu ölkədə hər şey onun üçün xoşdur.
Azərbaycan vətəndaşı azad deyil
– Sizcə, vətəndaş azadlığı və siyasi azadlığı ayrı-ayrılıqda bir termin kimi götürmək mümkündürmü? Azərbaycanda bunun hansı bir addım öndədir? Siyasi azadlıqlar, yoxsa vətəndaşın ümumi azadlıqları?
G.Səfərova:
– Siyasi azadlıq vətəndaş azadlığını özündə ehtiva edir. Mən deyərdim ki, vətəndaşın ümumi azadlıqları daha çox öndədir. Çünki siyasi azadlıq elə bir məfhumdur ki, onun tərifi yoxdur. Amma vətəndaş azadlığının konkret tərifi var. Bu istiqamətdə siyasi azadlıq vətəndaşın ümumi azadlıqlarının bir istiqamətidir. Amma gəlin düşünək, Azərbaycanın hər bir gəncinə siyasi azadlıq lazımdırmı? Bu da bir alternativ ideyadır.
Z.Əkbər:
– Bu gün Azərbaycan vətəndaşı azad deyil. O, azad şəkildə fikrini ifadə edə bilmir, qorxur, çəkinir. Əgər əvvəllər Azərbaycan qismən azad ölkə idisə, indi azad olmayan ölkədir. “Freedom House”, “Human Rights Watch” dünyada böyük nüfuza sahib təşkilatlardır. Dünyanın super gücləri bu təşkilatların hesabatları ilə razılaşır. Onlar da təsdiqləyirlər ki, Azərbaycan azad ölkə deyil. Siyasi azadlıq əldə etmək o demək deyil ki, deputatlığa namizədliyini irəli sürürsən. Siyasi azadlıq əldə etməklə yanaşı hər bir şəxs vətəndaşlıq məsuliyyətini dərk etməlidir.
R.Nəcəfov:
– Əyalətdə yaşayan və siyasətlə məşğul olmayan bir şəxs siyasətin təsirlərini görməyə bilər. Amma seçki günü səsverməyə gedib səs verməsi onun siyasi addımı sayılır. Vətəndaş mübarizəsi, vətəndaş azadlığı isə hər hansı bir dövlət idarəsində haqsızlıqla üzləşəndə hüquqlarını tələb etməkdir. Azərbaycanda siyasi azadlıqlar tamamilə sıfır səviyyəsinə endirilib. Təbii ki, bu, vətəndaş azadlıqlarının boğulması deməkdir. Bəziləri deyir: “ölkədə baş verən siyasi proseslər mənə aid deyil”, “müxalifət mitinq keçirir, mənlik deyil”. Amma alternativ ideya ortaya atılanda vətəndaşa anlatmaq olur ki, bu teleekranlardan atılan ləkə müxalifətin xarakteri deyil, hakimiyyətin xarakteridir.
Korrupsiyaya qarşı real mübarizə getmir
– Bu gün əsas problemlərdən biri də rüşvətdir. Hamımızın təhsildəki rüşvətdən xəbərimiz var. Amma mətbuatdan görürsünüz ki, hazırda başqa siyasət təbliğ olunur. Birdən-birə elan olunur ki, daha rüşvət alınmayacaq. Vergilər Nazirliyində, gömrükdə bununla bağlı işlər gedir. Bunu necə qiymətləndirmək olar?
Z.Əhməd:
– Mən Kürün dönüb tərsinə axdığına inanaram. Amma bu hakimiyyətin rüşvət almamasına inanmaram. Korrupsiyaya qarşı mübarizə o vaxt olur ki, ölkədə ciddi islahatlar aparılır.
R.Nəcəfov:
– Bu, telekanallarla bağlı siyasətə bənzəyir. Əvvəl televiziyada hansı verilişlərin olmasına qərar verirlər, sonra da müzakirə edirlər ki, hansı verilişlər yığışdırılmalıdır. Bu senzuranı sən təyin edirsən, sonra da başqa cür bəyanat verirsən. Yəni bu gün sən Azərbaycanda yumruğunu var gücü ilə stola vursan və desən ki, “heç kim rüşvət almasın!”. Bu, mümkün olmayacaq. Rüşvət artıq bizdə idarəetmə mexanizminə çevrilib.
Gənclər təşkilatları partiyaların işini görür
G.Səfərova:
– Bugünkü dəyirmi masada müxtəlif alternativ ideyalar səslənir və bu, çox sevindirici haldır. Azərbaycanın adının müxtəlif beynəlxalq hesabatlarda səslənməsi ilə bağlı bir fikir söyləndi. BMT-nin bu yaxınlarda son beş ildə yaydığı ən böyük hesabatında Azərbaycan “insan inkişafına” görə otuz yeddi pillə irəliləmişdi. Bu fakt BMT-dən aşağı olan digər təşkilatları çox üstələyir. Düşünürəm ki, bu, iqtisadi, siyasi və sosial islahatlara görədir.
Bu gün bir çox gənclər təşkilatı siyasi partiyaların gördüyü işi görməyə çalışır. Halbuki belə olmamalıdır. Gənclər təşkilatları öz sosium fəaliyyəti ilə siyasətə təsir etməlidirlər. Üçüncü sektorun inkişaf etməməsinə görə dövləti mühakimə etmirlər. Gərək QHT-lər o səviyyəyə çatsın ki, biz Avropaya inteqrasiyada uğur qazanaq.
– Belə təsəvvür edək ki, Azərbaycan cəmiyyətini iki hissəyə bölürük – üçüncü sektor və hökumət. Sizcə, bu iki cəbhədən hansını daha tez Avropaya qəbul edərlər?
G.Səfərova:
– Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa Birliyinin “Yaxın Qonşuluq Siyasəti”, “Şərq tərəfdaşlığı” layihələrinin üzvüdür. Azərbaycan eyni zamanda NATO ilə sıx əməkdaşlıq edir.
– Axı Azərbaycan NATO ilə əməkdaşlıqdan imtina edib. Ən yüksək səviyyələrdə bəyan olunub ki, Azərbaycan NATO-ya üzvlüyə tələsmir… Barrozunun son səfərindən əvvəl bu bəyanat təkrarlanmışdı. Qarabağ münaqişəsi Avrointeqrasiyaya problem ola bilərmi?
G.Səfərova:
– Bəs Barrozunun səfərindən sonra nə oldu?
– Barrozu getdikdən sonra onu topa tutdular.
G.Səfərova:
– Barrozunun Bakıya səfəri zamanı çox mühüm iqtisadi, siyasi sənədlər imzalandı. Bu, Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin yeni mərhələyə keçməsi deməkdir.
– Hökumət dəfələrlə bəyan edib ki, Azərbaycan xalqı demokratiyaya hazır deyil. Siz özünüzü üçüncü sektorun təmsilçisi kimi demokratiyaya hazır sayırsınızmı?
G.Səfərova:
– Mən demokratiyaya hazıram.
– Sadəcə olaraq onu demək istəyirəm ki, bizi hazırkı şəkildə parlamentdə bir müxalifət təmsilçisi də olmadan, səhiyyədə, təhsildə rüşvətlə, vətəndaşımıza münasibətlə Avropa Birliyinə üzv edə bilərlərmi?
G.Səfərova:
– Düşünürəm ki, Avropa Birliyinə üzvlük məsələsində bizim əsas problemimiz Dağlıq Qarabağdır.
– Məncə, deyil. Çünki biz Azərbaycan dövlətini Avropa Birliyinə aparırıq, Qarabağı yox.
G.Səfərova:
– Münaqişəli zonadan inteqrasiya məsələsi çətin olur. Bizim təşkilatın da prioriteti ondan ibarətdir ki, Avropa Birliyinə inteqrasiya münaqişə çözüldüyü zaman normal alına bilər.
– Hesab edək ki, Qarabağ problemi bizim xeyrimizə çözülüb. Bu zaman biz daxildə hansı siyasəti yürütməliyik? Qarabağ problemi bizə hansı formada mane olur ki, biz Avronteqrasiyanı tam reallaşdıra bilmirik?
G.Səfərova:
– Universal dəyərlər baxımından bütün dünya, Avropa insan hüquqlarından danışır. Bu gün Azərbaycanın ərazi bütövlüyü təmin olunmayıb. Ərazi bütövlüyü yerində olmayan dövlətdə hansı yüksək səviyyədə demokratik inkişafdan söhbət gedə bilər?
– Belə bir fikir də var ki, əksinə demokratiya, normal seçki bizi Qarabağ probleminin həllinə daha tez yaxınlaşdıra bilər. Çünki bu gün üçün beynəlxalq arenada ermənilərin əsas arqumenti ondan ibarətdir ki, biz Azərbaycan hökumətinin rəhbərliyi altında yaşaya bilmərik. Çünki bu iqtidar öz vətəndaşlarının hüquqlarını kobud şəkildə pozur…
ardı gələn sayımızda
Seymur Həziyev,
Xəyal Şahinoğlu
P.S. Bu dəyirmi masadan sonra Azərbaycanın fəal gənclərindən birinin cibinə narkotik maddə ataraq tutdular. Gənclər təşkilatlarının praktik fəaliyyəti və koordinasiyalı etiraz hərəkatı üçün zəmin vardı, indi motiv də var. Bizim üçün də maraqlıdır: Azərbaycandakı gənclər təşkilatları Cabbar Savalanlını necə müdafiə edəcək və onu “əjdahanın ağzından” xilas edə biləcəklərmi? Axı, bu cür şərlə onların hər biri hər an rastlaşa bilər.