Məhkəmə iclasında prezidentin əmisinin varidatı, xaricdəki mal-mülkləri, biznes obyektləri barədə faktlar açıqlandığı üçün jurnalistlər prosesdən çıxarılıb
“Azadlıq”ın ötən saylarından birində xəbər vermişdik ki, dövlət başçısının əmisi Cəlal Əliyev məhkəmə yolu ilə keçmiş biznes ortağından 23 milyon manat udub. 1 saylı Bakı Inzibati Iqtisad Məhkəməsinin çıxardığı qətnaməyə əsasən, keçmiş şəriki Sədiyar Zeynalov və onun həyat yoldaşı Şəhla Zeynalova bu 23 milyon manatı Cəlal Əliyevə ödəməlidir. Hələ üstəlik, vaxtilə Zeynalovlarla Əliyevin ortaq olduqları “Sahibtac” MMC ləğv ediləcək. Həmin MMC-nin və “Ayrza” MMC-nin mülkiyyətində olan bütün əmlaklar da Cəlal Əliyevin mülkiyyətinə veriləcək. Bütün bunlarla yanaşı, məhkəmə Əliyevin, keçmiş şərikinin barəsində cinayət işi başlanması tələbini də təmin edib.
Cəlal Əliyevin ortaqlarından biri Şəhla Zeynalova da qarşılıqlı iddiayla eyni məhkəməyə müraciət etmişdi. Iddia ərizəsində göstərmişdi ki, “Sahibtac” MMC onun və həyat yoldaşı Sədiyar Zeynalovun nizamnamə kapitalındakı payı 50 faiz olmaqla təsis edilib. Firmanın adı da onların övladının adı ilə bağlı olub. 1992-ci ildən ofis biznesi və hüquqi xidmət göstərilməsi ilə məşğul olublar. 1994-cü ildə bir neçə şirkət yaradıblar. Onların arasında “Sahibtac” və “Ayrza” MMC-lər də olub.
“Sahibtac” MMC tərəfindən 1995-ci ildən 2002-ci ilədək şəhərin müxtəlif mərkəzi küçələrində 7 ofis binası tikilib. Həmin iddiada həmçinin qeyd edilir ki, 1997-ci ildə Sədiyar Zeynalov Cəlal Əliyevlə tanış olub. Ofis biznesi ilə məşğul olduqlarını biləndə Cəlal Əliyev Sədiyar Zeynalova birgə işləməyi təklif edib. Həmin ildə Cəlal Əliyevin mərhum həyat yoldaşı da “Sahibtac”a təsisçi kimi daxil olub. Cəlal Əliyevin həyat yoldaşı vəfat etdikdən sonra vərəsəlik hüquqları ona və qızına keçib. Şəhla Zeynalovanın iddiasına görə, birgə ortaqlıqları dövründə cəmiyyətin sahib olduğu bütün əmlakların 85 faizi onların, 15 faizi isə Cəlal Əliyevin vəsaitləri hesabına yaradılıb və əldə edilib.
Ancaq məhkəmə yalnız Cəlal Əliyevin iddialarını təmin edib. Zeynalovların iddiası isə rədd edilib.
Bu iş üzrə məhkəmə qətnaməsi çıxarılmamışdan bir gün əvvəl Cəlal Əliyevin nümayəndələrinin tələbilə jurnalistlər məhkəmə zalından çıxarılmışdı. Deputatın vəkillərinin jurnalistlərin prosesdə iştirakından narahatlığının ciddi səbəbi varmış. Sən demə, məhkəmə prosesinin gedişində Cəlal Əliyevin varidatı, həmçinin onun xaricdəki mal-mülkləri, biznes obyektləri barədə faktlar açıqlanıb. Təbii ki, Əliyev də məhkəmədə səslənəcək məlumatların yayılmasını, mövzu ətrafında ictimai müzakirələrin açılmasını istəməyib və çıxış yolu kimi jurnalistlər açıq məhkəmə prosesindən uzaqlaşdırılıb.
Əldə etdiyimiz məlumata görə, Zeynalovlardan alınaraq, Cəlal Əliyevin mülkiyyətinə verilən əmlaklardan biri də Içəri şəhərdə, Avropa Şurasının Bakıdakı nümayəndəliyinin də yerləşdiyi binadır. Xəbərdə bildirilir ki, həmin bina birmənalı şəkildə Zeynalovlara məxsus olub. Amma məhkəmə nədənsə, onu da Əliyevin ixtiyarına verib.
Əslində, bu işdə xeyli açıq qalan suallar var. Məhkəmənin qərarına görə, dəymiş ziyanın əvəzi kimi Cəlal Əliyevə 23 milyon dollar ödənilməli və adları sadalanan xeyli əmlak onun mülkiyyətinə verilməlidir. Aydın məsələdir ki, söhbət mənəvi ziyandan yox, maddi ziyandan gedir. Başqa sözlə, Cəlal Əliyev milyonlarla manat ziyana düşüb, indi o, ödənilməlidir. Indi cəmiyyətin cavab almaq istədiyi əsas suallardan biri də məhz budur ki, həmin milyonlar Cəlal Əliyevə haradan idi?
Bu və başqa suallara cavab almaq üçün Cəlal Əliyevin vəkililə əlaqə saxladıq. Yeri gəlmişkən, bir müddət əvvəl onun vəkili redaksiyamızla əlaqə saxlayaraq, bu haqda material dərc edərkən onlardan mövqe öyrənilməsini xahiş etmişdi. Üstəlik, bildirmişdi ki, istənilən vaxt suallara cavab verməyə hazırdır. Amma vəkilin dediyilə əməli üst-üstə düşmədi. Hər halda, biz “Azadlıq” olaraq, onunla əlaqə saxladıq. Amma hər dəfə bir bəhanə ilə suallarımızı cavablandırmaqdan imtina etdi.
İnformasiya şöbəsi