“Qeyrət” hərəkatının sədri azərbaycanlı məmur-oliqarxların ermənilərlə işbirliyini açdı
Əlibala Əsgərov: “Ermənistanla sərhədin bir kilometrliyində SOCAR-ın “zapravka”sı kimə xidmət edir, aydındır; SOCAR azərbaycanlılara ancaq şlanq tutmağı verir”
“Parlamentdəki biabırçılıqlar elə Siyavuş Novruzovların, «qaynanaların» nəticəsində baş verib”
Gürcüstanda yaşayan azərbaycanlıları hazırda narahat edən problemlərdən biri onlara qarşı sərt miqrasiya qaydalarının tətbiq olunmasıdır. Belə ki, əvvəllər xarici ölkə vətəndaşları ilə bağlı qaydalar Gürcüstanda yaşayan soydaşlarımıza tətbiq edilmirdisə, bu ildən qaydalar sərtləşdirilib. “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərovla müsahibəmizə bu məsələyə aydınlıq gətirməsiylə başlasaq da, həmsöhbətimizə başqa suallar da oldu:
– Indiyə qədər Gürcüstan azərbaycanlılarına qarşı bir güzəşt var idi. Amma son üç ayda xarici ölkə vətəndaşlarına tətbiq olunan qaydalar sərt formada Gürcüstan azərbaycanlılarına qarşı tətbiq edilir. Gürcüstanda iqtisadi vəziyyətin çətin olması üzündən 40-50 min soydaşımız Azərbaycanda özünə müvəqqəti iş yeri tapıb. Üç ay Azərbaycanda işləyəndən sonra azərbaycanlılar Gürcüstana geri dönürdülər. Amma indi, qanunun tələblərinə görə, soydaşlarımız 28 gündən artıq Azərbaycanda qala bilməzlər. Iyirmi səkkiz gündən artıq Azərbaycanda qalan adam 301, 3 aydan artıq qalan şəxs isə 401 manat cərimələnir. Gürcüstanın Rusiya ilə sərhədlərinin bağlı olduğu, soydaşlarımızın Ermənistana isə iş dalınca getmədiyi halda belə qaydaların tətbiqi vəziyyəti ağırlaşdırır. Çünki alternativ iş yeri qalmır. Borçalıların dolanışıq qapısı bircə Azərbaycan idi. Belə siyasətin yürüdülməsi isə böyük narazılıq yaradıb. Elə olur ki, bir ailədən Azərbaycana 4-5 nəfər gəlir. Geri qayıdan da onların hər birinə 400 manat cərimə verilərsə, bu, soydaşlarımız üçün böyük xərcdir. Elə adam var ki, imkanı olmur cəriməni ödəməyə, deyir ki, məni deportasiya edin. Bunu da etmirlər, onu yenidən Bakıya cəriməni ödəməyə göndərirlər. Bu şəxsin bu qədər vəsaiti var idisə, nəyə görə Gürcüstandan Azərbaycana işləməyə gəlmişdi.
Hakimiyyət qadağanı tətbiq etməkdə gecikib
– Bu addımı atmaqda hökumətin məqsədi nədir?
– Bizə əcnəbi deyirlərsə, qanunu da tam sərtliyi ilə bizə qarşı tətbiq edirlərsə, biz borçalılar özümüzü əcnəbi saymırıq. Bizim sənədimizdə də milliyyətcə azərbaycanlı yazılıb. Bizim günahımız deyil ki, o tayda qalmışıq. Bu məsələ ilə bağlı bir neçə dövlət rəsmisi ilə görüşmüşəm. Təxmini qənaətim bundan ibarətdir ki, tətbiq olunan qaydalar siyasi qərardır və qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Hökumət ölkədəki Gürcüstan azərbaycanlılarının sayını azaltmaq istəyir. Digər tərəfdən, Moskvada yaradılan “milyarderlər ittifaqı”nda Gürcüstan kökənli azərbaycanlılar da var. Bir ehtimal da bununla bağlıdır.
– Bir sıra ekspertlərin mövqeyinə görə, belə qanunun qəbulunda məqsəd azərbaycanlıların Gürcüstandan kütləvi köçünün qarşısını almaqdır. Yəni azərbaycanlılar Gürcüstanda qalaraq yaşadıqları əraziyə sahib çıxmalıdırlar?
– Iyirmi ildir ki, bu proses gedib. Məqsəd budursa, onlar çox gecikiblər. Iyirmi il əvvəl belə bir addım atılsaydı, deyilənlərlə razı olardım. Çünki artıq köçən-köçüb. Hazırda Azərbaycana gələnlərin məqsədi işləməkdir. Azərbaycanla Gürcüstanda yaşayan azərbaycanlıları bundan başqa, ailələr bağlayır. Elə şəxs var ki, həyat yoldaşı, uşaqları burdadır, özü Gürcüstan qeydiyatındadır. Amma bu şəxslərə hələ kimlik verilməyib. Eyni zamanda Gürcüstanda yaşayanlardan elələri var ki, Azərbaycanda mülklər tikib. Indi o nə etməlidir? Bəs nəyə görə 91-94-cü ildə Qamsaxurdiya zamanında Gürcüstandan azərbaycanlılar çıxarılanda reaksiya yox idi. O zaman 27 min azərbaycanlı öz yurdlarından qovuldu. Bu şəxslər Azərbaycanda yaşasa da, hələ də sənədləri yoxdur. Gürcüstan azərbaycanlıları cəbhədə xidmət ediblər, hələ də orduya çağırılırlar.
Azərbaycanlı məmurların şirkətlərində ermənilərin çalışması sirr deyil
– Gürcüstana Azərbaycandan ciddi investisiyalar yatırılır. SOCAR və bir sıra məmurlar Gürcüstana ciddi maliyyə yatırımı ediblər. Bu addımlar Gürcüstanda yaşayan soydaşlarımızın güzəranına təsir edirmi?
– Bu məmurlar Gürcüstanda yeni bazar tapıblar. Onlar özləri üçün qaz vurub, qazan doldururlar. Bu yatırımların Gürcüstan azərbaycanlılarına aidiyyəti yoxdur. Burada yaradılan şirkətlərin hamısında yenə gürcülər və familyalarını dəyişən ermənilər işləyir. Azərbaycanlılar isə ya xadimə, ya da şlanq tutan işləyirlər.
– Bu sualı təsadüfən vermədim. Çünki mətbuatda yayılan informasiyalara görə, SOCAR-ın açdığı yanacaqdoldurma məntəqələrində, ümumiyyətlə, şirkətin Gürcüstandakı ofislərində çalışanların əksəriyyəti ermənilərdir?
– Gürcüstanda Tsalaka deyilən bir rayon var. Həmin rayonda bir nəfər də azərbaycanlı yoxdur. Orada yaşayanların əksəriyyəti erməni kökənlidir. Bundan başqa, Gürcüstan-Ermənistan sərhədinin bir kilometirliyində SOCAR-ın yanacaqdoldurma məntəqəsinin kimə xidmət etdiyi aydındır.
Dərslik problemi olduqca aktualdır
– Gürcüstandakı azərbaycanlıların yaşadıqları kəndlərin adlarının dəyişdirilməsiylə bağlı siyasət nə yerdədir. Soydaşlarımızın təhsil hüquqları nə dərəcədə qorunur?
– Azərbaycanlı kəndlərin adının dəyişdirilməsi hələ Qamsaxurdiya Dövlət Şurası yaratdığı zamandan başlayıb. Gürcüstan milliyyətçilərinin hökumətə verdiyi tövsiyə əsasında Bolnisi rayonunun adı dəyişdirildi. Amma bu dəyişdirilməyə heç kim münasibət bildirmir. Adlar elə yerində qalıb. Dərsliklərə gəlincə, dövlətlər arasında olan razılaşmaya əsasən kitablar Gürcüstanda çap edilməli idi. Amma buna böyük maneələr oldu. Çünki gürcü dilindən azərbaycan dilinə tərcümə edənlərin heç biri ixtisasca tərcüməçilər deyil. Nəticədə tərcümələr bərbad vəziyyətdədir. Digər tərəfdən, dərsliklərin qiyməti münasib deyil. Bir dərslik təxminən 15 manatadır. Yaxşı olardı ki, bu dərsliklər də razılaşma ilə Azərbaycanda çap olunaydı. Dərsliklərdə kiçicik dəyişikliklər etmək olar. Məsələn, Azərbaycandakı dərsliklərdə əgər “Əlifba” dərsliyində “Azərbaycan mənim ölkəm və paytaxtı Bakıdır” yazılıbsa, Gürcüstandakı dərsliklərdə bu hissə dəyişdirilə və “Gürcüstan mənim ölkəm, paytaxtı Tbilisidir” yazıla bilər. Gürcüstana dörd ildir ki, kitab getmir və bu müddətdə Gürcüstanda bu sahədə ciddi problemlər yaşanır.
İvanişvili Rusiyanın mesajların çatdırır
– İvanişvili hazırda Bakıdadır və maraqlı açıqlamalar verib. O bildirib ki, BTC və Bakı-Qars dəmiryolu ilə bağlı ciddi qaranlıq məqamlar var və onlara aydınlıq gətirilməlidir. Gürcüstanın yeni baş naziri nələri nəzərdə tuta bilər?
– Bakı-Qars dəmiryolu xətti çəkilişi ilə bağlı layihə gündəmdə olanda Gürcüstanda yetərincə müzaikrə predmeti oldu. Müxtəlif bəhanələrlə Azərbaycandan müəyyən təzminatlar alındı. Bu birinci dəfə deyildi baş verirdi, vaxtilə Şevardnadze də Azərbaycanda BTC-nin çəkilişi zamanı mədən sullarının istiqamətinin dəyişdirilməsinə görə təzminat almışdı. Ivanaşvilinin Azərbaycanla bağlı dedikləri daha çox Rusiyadan gələn mesajlar kimi dəyərləndirilməlidir. Çünki bu cür layihələrin reallaşması daha çox Rusiyanın dəmiryol daşımalarına ziyan gətirə bilər.
Azərbaycan demokratiyaya hazırdır
– Azərbaycanda gündəmi hazırda ABU-nun keçmiş rektoru Elşad Abdulayevin açıqladığı videolar zəbt edib. Bu videolar Azərbaycan parlamentinin hansı yolla formalaşdırıldığını bir daha göstərir. Baş verənləri Gürcüstandakı soydaşlarımız necə qarşılayır?
– Gürcüstan azərbaycanlıları da buna təəssüflə baxır. Çünki bu kimi faktları biz artıq yalnız Azərbaycanda eşidirik. Gürcüstanda belə olaylar baş vermir. Məni eyni zamanda Siyavuş Novruzovun efirdən Gürcüstanda soydaşlarımızın Azərbaycana yalnız alma satmağa gəldiyi barədə dediklərinə böyük təpki var. Eyni zamanda Siyavuş Novruzovun azərbaycanlıların yalnız Elşad Abdullayevin diplomu ilə buraya gəldiyini söyləməsi də böyük təpkiyə məruz qalıb. Siyavuş Novruzova demək istəyirəm ki, hazırkı nazirlərin beşi Gürcüstan kökənlidir. Parlamentdəki biabırçılıqlar elə Siyavuş Novruzovların, “qaynanaların” nəticəsində baş verib. Getsinlər bu olayları araşdırsınlar. Əgər proseslərdən anlamırsa, çıxıb Borçalıları efirdən təhqir etməsin.
– Azərbaycanın adını ən çox korrupsiyaya uğramış, insan haqlarının pozulduğu ölkələr arasında eşidəndə bir azərbaycanlı olaraq hansı hissləri keçirirsiniz?
– Çox təəssüf edirik. Saakaşvili hakimiyyətinin bu baxımdan böyük uğurları oldu. Saakaşvili orta məmurlar səviyyəsində rüşvət və korrupsiyanı tamamilə dayandırdı. Hazırda məmurların arasında bəzi rüşvətxor şəxslər qalsa da, onlar da sıxışdırılır. Saakaşvilinin metodu çox sadədir, ölkədə qayda yaratmaq üçün qanun diktaturası olmalıdır. Bu baş verərsə, Azərbaycanda da rüşvət tam yığışdırıla bilər.
– Hakimiyyət təmsilçiləri açıqlamalarında vurğulayırlar ki, Gürcüstandakı dəyişikliklərə Azərbaycan xalqı hazır deyil. Azərbaycan xalqı hələ demokratik islahatlar şəraitində yaşaya bilməz. Bu nə dərəcədə düzgün yanaşmadır?
– Azərbaycan xalqı qanunu sevən bir xalqdır. Azərbaycanlılar həmişə dünyada belə tanınıb. Qanunlar işləyərsə, Azərbaycanda çox mükəmməl nəticələr ortada olar. Təəssüflər ki, iyirmi ildir bir nazir postunu tutan şəxslər belə fikirləri işlədirlər. Əslində bir postda nazirin iyirmi-otuz il oturması korrupsiya deməkdir.
– Azərbaycanda qarşıdan prezident seçkiləri gəlir. Bu prosesdən gözləntiləriniz nədən ibarətdir?
– Gürcüstan azərbaycanlıları başqa bir dövlətin vətəndaşlarıdır. Biz sadəcə olaraq onu deyə bilərik ki, bizim millət çox bəlalar görüb. Kim layiqdirsə, o da seçilsin. Arzu edirəm ki, baş verənləri xalqın iradəsinə buraxsınlar.
Xəyal