Heydər Əliyev Xosrov Mustafayevə hansı tapşırıqları verib?
Ona Azərbaycanın üç rayonunda «Qırmızı Kürdüstan»ı yaratmağı kimlər təklif edib?
Bu ilin noyabrın 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən keçmiş “OMON”-çu, 1995-ci il hadisələrinə görə həbs edilən Xosrov Mustafayev ürək tutmasından vəfat etdi. “Musto” ləqəbi ilə tanınan Xosrov Mustafayev Goranboydakı 157 saylı briqadanın komandir müavini olub. Bu günlərdə mərhumun yaxın dostlarından biri “Azadlıq”a onun məhbəsdə olduğu vaxt yazdığı bəyanatını gətirib. “Qarabağ müharibəsi veteranı, sabiq tabor komandiri Mustafayev Xosrov Ramazan oğlunun Bəyanatı” adlı bu yazıda yaxın tarixlə bağlı olduqca maraqlı məqamlar var…
“Didərginlər batalyonu”nun zəfərləri…
Xosrov Mustafayev indiki Ermənistanın Ararat rayonunun Yenicə kəndində anadan olub. Orta və ali təhsili sözügedən ünvanda alıb.
1988-ci ildə Ermənistandan deportasiya edilənlər sırasında onun da ailəsi olub. Xosrov Mustafayev yazır: “Onlarla təxribatın qarşısının alınmasında ciddi fəaliyyət göstərdiyim üçün ermənilər məhv edilməyimə görə xüsusi mükafat təyin etmişdilər. 1991-ci ilə kimi ailəm Ismayıllı rayonunda məskunlaşıb”.
Bu dövrdə o, könüllü olaraq Qubadlı rayonunun Əliquluuşağı kəndində döyüşüb. 1991-ci ildə Goranboy rayonuna köçüblər: “Goranboyu ermənilərin hücumundan qorumaq üçün əsasən bu rayona gəlmə olanlardan ibarət könüllü tabor yaratdıq. Mən taborun komandiri seçildim. Bu tabor yerli əhali arasında ”Didərginlər batalyonu” kimi də tanınıb. Tabor 1992-ci il iyunun 12-dən 15-nə kimi Şaumyan rayonun ermənilərdən azad edilməsini həyata keçirdi. Ərazi təmizləndikdən sonra Goranboyda yerləşən 1-ci batalyona təhvil verildi. Bundan sonra isə 1992-ci ilin iyunun 17-də Mardakert (Ağdərə) rayonunun Talışlar kəndini ermənilərdən azad etdik. Azad edilmiş torpaqları birinci və ikinci batalyona təhvil verdikdən sonra Maqadizə girdik. Rəhbərlik etdiyim tabor “Sərhəng” Su Anbarının partladılması planının qarşısını aldı. Bu döyüşlərdə ermənilərdən 20-yə yaxın texnika, o cümlədən ağır toplar götürə bildik”.
“Müdafiə Nazirliyinin göstərişi ilə həbs olundum”
“Musto”nun rəhbərlik etdiyi tabor 1992-ci ilin avqustun əvvəlində Drmbon kəndini ermənilərdən alandan sonra avqust 21-də Kəlbəcər batalyonu ilə birləşmək üçün xüsusi koridorun açılması planını da reallaşdırıb: “Bütün bunlar həmin dövrdə Hərbi Işlər üzrə Dövlət Müşaviri olan Nəcməddin Sadıqovun general-mayor Məmmədrəfi Məmmədova yazdığı təqdimatında – 7 fevral 1994-cü ildə təsvir olunur.
1993-cü ildə Goranboyda könüllü hərbi birləşmələrin ləğv edilməsi qərara alındı. Əvəzində vahid alayın yaradılması prosesi getdi. Bizim tabor da əmrə tabe olaraq bir nəfər kimi dağılışdı. Bir neçə gün sonra xəbər yayıldı ki, ermənilər Şaumyan (Ağcakənd) rayonunu yenidən ələ keçirmək üçün hücuma başlayıb. Onlar Gülüstanı, Vaş kənd yüksəkliklərini və başqa strateji nöqtələri ələ keçirərək Şaumyanı atəş altında saxlayırdılar. Dərhal televiziya ilə çıxış edərək keçmiş tabor üzvü olan yoldaşlarıma müraciət etdim və təcili toplanmalarını bildirdim”.
Xosrov Mustafayevi bu çağırışa görə həbs edirlər. Onun yazdığına görə, həbsi Müdafiə Nazirliyinin göstərişinə əsasən olub: “Məni özbaşına çağırışda ittiham etdilər. Bu çağırışımın sırf təmiz niyyətli olmasını, torpaqlarımızı geri qaytarmaq məqsədi olduğunu onlara dedim. Bir gündən sonra üzrxahlıq edərək məni döyüş bölgəsinə yolladılar. Baş verən olaylara görə bir müddət sonra incik düşdüyüm üçün ölkəni tərk etdim”.
“Musto”nun yazdığına görə, Goranboyda ayrı-ayrı taborların birləşib alay yaradılması barədə qərar verildikdən sonra ona alayın komandiri olmaq təklif edilib: “Həmin dövrdə bu işi həyata keçirmək üçün məsul olan Müdafiə Nazirliyinin əməkdaşı Rüfət Əmirov mənə yaranmış 157 saylı alayın komandirliyini təklif etdi. Mən bundan imtina etdim. Yerimi Milli Qəhrəman Rasim Əkbərova təklif etdim. 1994-cü ilə qədər sözügedən alayın komandir müavini vəzifəsinə təyin olundum.
1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çevrilişi təhlükəsi yarananda rəhbərliyim ilə xüsusi dəstə Gəncəyə göndərildi. Biz bütün strateji obyektləri nəzarətə götürdük. Təhlükə aradan qalxandan sonra nəzarətə götürdüyümüz obyektləri Bakıdan verilən göstərişə uyğun olaraq Rövşən Əkbərovun rəhbərlik etdiyi hərbi birləşmələrə təhvil verdik”.
“Rövşən Cavadovla Heydər Əliyevin görüşünün baş tutmasında maraqlı olmayan qüvvələr vardı”
“Musto” yazır ki, 1995-ci ilin mart hadisələri zamanı prezident Heydər Əliyev onu qəbul edərək problemin aradan qaldırılması üçün kömək göstərməyi tapşırır: “Heydər Əliyev mənə tapşırdı ki, Rövşən Cavadovla görüşüm və onu silahlı çıxışdan çəkindirim. Bizim Rövşən Cavadovla görüşümüz müsbət sonluqla bitdi. O, sakitcə bütün tələbləri yerinə yetirməyə hazır olduğunu bildirdi. Ancaq bir şərtlə razılaşdı ki, Heydər Əliyevlə görüşüb bəzi şəxslərin əməlləri barədə ona məlumat verilməsinə şərait yaradılsın. Həmin vaxt problemin aradan qaldırılması üçün Rəsul Quliyevin rəbərliyi ilə müxtəlif dövlət məmurlarından ibarət xüsusi qrup yaradılmışdı. Mən Rövşən Cavadovun təklifini onlara çatdırandan sonra hiss etdim ki, bu şəxslər Rövşən Cavadovla Heydər Əliyevin görüşünün baş tutmasında maraqlı deyillər. Onlar problemin qəsdən şişirdilməsində və sonda Rövşən Cavadovun fiziki cəhətdən məhv edilməsində maraqlı idilər. Fikrimcə, Rövşən Cavadovun Heydər Əliyevə təqdim edəcəyi xüsusi qovluqdakı sənədlərdə bu şəxslərə də dair materiallar var idi. Bunları anlayandan sonra bu barədə Heydər Əliyevə məlumat vermək istədim, ancaq görüşümə icazə verilmədi. Döyüşçü olduğum üçün prosesdən ayrılıb yenidən Goranboya qayıtdım. Ancaq aprel ayında – Rövşən Cavadovun öldürülməsindən bir ay sonra həbs edildim. Bu həbsi Rövşən Cavadovu aradan götürmüş şəxslərin sifarişi kimi dəyərləndirirəm. Onlar mənim Rövşən Cavadovla görüşümdən sonra bəzi informasiyları bildiyimə görə və bunları Heydər Əliyevə deyəcəyimi bildikləri üçün məni həbs etdilər”. Həbsim üçün bir sıra ittihamlar irəli sürdülər. Ittihamlardan biri də odur ki, guya mənim komandiri olduğum taborun əsgərləri Goranboyda müxtəlif obyektlərə soyğunçu hücumlar ediblər. Bundan başqa, Goranboyda milli ədavətin qızışmasına çalışmışam. Bütün bu ittihamlar sübut olunmadığı üçün 2 aydan sonra azadlığa buraxıldım. Nəcməddin Sadıqov dəfələrlə adımı Milli Qəhrəman almaq üçün təltif etsə də, bu təltiflər başqalarına verilib.
“Qırmızı Kürdüstan” layihəsindən imtina…
Xosrov Mustafayevi ölkəni tərk edəndən sonra Rusiyaya getdiyini qeyd edir: “Çalışdım ki, müsəlmanların toplum halında yaşadığı vilayətlərdə qalım. Ona görə də Krasnodara getdim. Krasnodarda olarkən Vəkil Mustafayev adlı şəxs mənimlə görüşmək istədiyini bildirdi. Görüşdə o özünü ”Qırmızı Kürdüstan”ın prezidenti kimi təqdim etdi. Mən ondan “Qırmızı Kürdüstan”ın harada yerləşdiyini soruşdum. Dedi ki, Qubadlı, Laçın və Kəlbəcəri nəzərdə tutur. Ermənilərin köməkliyi ilə bu ərazilərdə “Qırmızı Kürdüstan” dövlətini yaratmaq istədiyini bildirdi. Ona dedim ki, ermənilər bizi yurd-yuvamızdan didərgin salıb, indi bizi Azərbaycan türkləri ilə vuruşdurmaq istəyir. Vəkil Mustafayev razılaşmayanda mən və bir neçə kürd ailəsi döyüb onu qovduq. Mən və mənsub olduğum ailə illərlə türklərlə vahid xalq kimi yaşamışıq. Mənim PKK təmsilçisi olmağım barədə deyilənlər isə Vəkil Mustafayev kimi adamların şayiələrdir. Onlar məni istədikləri mövqeyə çəkə bilmədikləri üçün şərləməyə məcbur oldular. Onların seperatçı təkliflərini qəbul etməmişəm. Hətta o vaxtlar Isgəndər Həmidovdan “Boz qurd” fəxri adını almışam”.
Və sonda…
Xosrov Mustafayev bəyanatının sonunu belə bitirir: “Hesab edirəm ki, aradan keçən on il məsələlərin aydınlaşdırılmasına kifayət edib. Azərbaycanın torpaq itkiləri, ermənilər qarşısında pis durumda qalmağımzın səbəbkarları öz vəzifəsi naminə millətə qarşı xəyanətkar mövqe tutmuş şəxslərdir. Biz ərazi bötüvlüyümüzü təmin etmək, qüdrətli dövlətə çevrilmək üçün bu cür şəxsləri ifşa etməli, cəzalandırmalıyıq”.
Ramin DEKO