İlham Hüseyn
Ölkədə hansı sahəni məhv ediblərsə, həmin sahənin şərəfinə dəbdəbəli binalar tikiblər. Ədaləti ölkədən didərgin salıblar, amma dəbdəbəli məhkəmə binaları tikiblər. Səhiyyəni xəstələndiriblər, amma təmirli xəstəxanaların qırmızı lentinii kəsirlər. Seçkini qətlə yetiriblər, amma Mərkəzi Seçki Komitəsinə əzəmətli bina yapıblar. İqtisadiyyatı “birmərtəbəli” ediblər, amma İqtisadiyyat nazirliyinə 38 mərtəbəli bina ucaldıblar. Millətə vəkillik edəcək adam yoxdur, amma müasir üslubda Milli Məclis binası var. Sanki, məhv etdikləri hər şey üçün dəbdəbəli başdaşı düzəldiblər. Bizim yeganə təsəllimiz daş-divardı. O dəbdəbəli binaların interyeri korrupsiyayla bəzədilib. Vətəndaşı qorumalı olan adamlar, həmin dövlət binalarında vətəndaşa torba tikirlər. Hətta bu ölkənin Mədəniyyət nazirliyindən də korrupsiya tökülür. Bu ölkədə mətbuatın evin yıxıb, jurnalistlərə ev tikirlər. Bir qrup adam cibində dollar, böyük çoxluq dərman resepti gəzdirir. Bu ölkədə təkcə köhnə binaları deyil, hüquqsuzluği da restavrasiya edirlər. Nəhəng hava limanımız var. Amma bilet qiymətləri təyyardən sürətli uçur. Bu ölkənin 1 milyon məcburi köçkünü var, amma azad olunmuş ərazilərə bir ailənin gedişinə icazə verilir. Bu ölkənin marketlərində bolluqdu, amma vətəndaşların soyuducusunda qıtlıq yaşanır. Bu ölkənin vətəndaşları qaz limitini keçməmək üçün qışda soyuqla gizlənpaç oynayır. Bu ölkənin insanları bədbəxtliklə o qədər doğmalaşıb ki, hamı özünü xoşbəxt hiss edir. Vətəndaşlıq borcunun üstünə gələn faiz bizi narahat etmir, amma kredit borcunu vaxtında ödəyirik ki, üstünə faiz gəlməsin. Biz Göygöz Kosalara, Simnar xanlara baxıb, “bundan sonra gələn lap pis olacaq” düşüncəsinə qapılanda məğlub olduq. Dövlət kəmərini belimizdə saxlamaq üçün bir kitab da oxumadıq. Hökumət qulların dilini öyrənib, bizi daşa döndərdi. Biz dərman düzəldib, daşları əridə bilmədik. İndi də dəbədəbəli binalara baxıb, taleyimizin komasına təskinlik veririk. Hələ də inanırıq ki, nağıldan sonra göydən 3 alma düşəcək. Amma 30 ildir nağıl danışanlar başımıza daş salır. Ölkədə yaşıllıqları daş əvəz edib. O əzəmətli binalar bizə xidmət etmir, bizi daşlayır.