Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun tam rus qoşunlarının nəzarətinə keçdiyini açıqlayıb. Məlumatda zavod ərazisində olan ümumilikdə 2439 ukraynalı əsgərin “təslim olduğu” iddia edilir.
Nazirliyin açıqlamasında bildirilir ki, nazir Sergey Şoyqu artıq prezident Vladimir Putinə “əməliyyatın başa çatması, zavodun və Mariupol şəhərinin Ukrayna yaraqlılarından tam azad edilməsi haqqında” məruzə edib.
Açıqlamada Azov alayının komandirinin də təslim olduğu bildirlir, həm də qeyd edilir ki, komandir “Mariupol sakinlərinin nifrətinə və şəhər əhalisinin onu cəzalandırmaq istəyinə görə” xüsusi zirehli maşında zavodun ərazisindən çıxarılıb. Amma rəsmi məlumatda komandirin adı göstərilmir.
Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun bəyanatından bir saat əvvəl Rusiyanın 1-ci Kanalı Azov komandiri Denis Prokopenkonun təslim olduğunu bildirib. Hələki Ukrayna tərəfi bu bəyanatı şərh etməyib. Prezident Vladimir Zelenski andiçmənin üçüncü ildönümü ilə bağlı verdiyi müsahibədə zavoddakı hərbçilərin “çıxmaq və xilas etmək hüququna malik olduqları barədə əmr aldıqlarını” deyib.
Prezidentin sözlərinə görə, o, “liderlərinin Rusiya Federasiyası ilə münasibətlərinə görə Türkiyə, İsveçrə, İsrail və Fransa ilə” hərbçilərin çıxarılmasına razılaşıb.
“Baxmayaraq ki, düzünü desəm, mən dəfələrlə başqa dövlətlərin rəhbərləri ilə danışmışam ki, hərbçilərimizi müvafiq silahlarla təmin edək ki, biz bu insanların qarşısını almaq üçün hərbi yolla Mariupola çataq”, – Ukrayna prezidenti bildirib.
Azadlıq radiosu