Osman Kazımov: «Bu, həm vəkillik fəaliyyətim, həm də qanunsuzluğa qarşı radikal çıxışlarımla bağlıdır»
«Son dövrlər verilən bəraət hökmlərinin əksəriyyəti mənim çıxdığım işlər üzrədir»
Azərbaycanın tanınmış vəkillərindən olan Osman Kazımovun Vəkillər Kollegiyasından xaric edilməsi xəbəri hər kəsdə şok effekti yaratdı. Öz sahəsində kifayət qədər peşəkar olan O.Kazımov ictimai-siyasi sferadakı aktiv faəliyyəti ilə də tanınır. Belə olan halda, onu vəkil adından məhrum etmək qərarının arxasında nəyin dayandığını təxmin etmək o qədər də çətin deyil.
O. Kazımova müraciət edib əvvəlcə Vəkillər Kollegiyasının qərarına aydınlıq gətirməsini istədik. O.Kazımov bildirdi ki, prokurorluğun məlum təqdimatı 2010-cu ilin avqust ayında verilib. Təqdimatda göstərilib ki, avqustun 3-də istintaq hərəkəti zamanı üzləşdirilmə aparılarkən o və təqsirləndirilən Tural Kərimov protokolu imzalamaqdan imtina edib: “Bu, həqiqətən də belədir. Üzləşdirmə zamanı müstəntiq ifadələri təhrif etdiyindən və üzləşdirilən şəxsə başı ilə işarələr etdiyindən biz protokolları imzalamaqdan imtina etdik. Və müstəntiq mənim təkidimlə protokola qeyd verdi. Bu, cinayət prosessual qanunvericiliyin tələblərinə tamamən uyğundur. Yəni, həm təqsirləndirilən şəxsin, həm də müdafiəçinin hüququdur. Cinayət Prosessual Məcəllədə göstərilir ki, proses iştirakçıları protokolu imzalamaqdan imtina edərlərsə, müstəntiq bu barədə protokola qeyd verir. Qanun birmənalı bunu müəyyən edib. Ikinci əsas kimi bunu göstərirlər ki, 2010-cu il aprelin 2-3-də istintaq hərəkətində iştirak etmək üçün Füzuli rayonundan mənə teleqramlar vurulub. Mən də həmin istintaq hərəkətlərinə getməkdən imtina etmişəm. Halbuki həmin teleqramlar bizə aprelin 5-də daxil olub. Saat 11.25-də hüquq məsləhətxanasına daxil olub, 20 dəqiqədən sonra mənə veriblər. Mən teleqramları alandan sonra Bakıdan Beyləqana getmişəm. Tural Kərimov Beyləqanda polis şöbəsində saxlanılırdı. Çıxarkən müstəntiqə bildirmişəm ki, mən Beyləqana gəlirəm. Ora çatanda da müstəntiqlə telefon əlaqələrim olub. Təcridxanada Tural Kərimovla bir saat görüşmüşəm. Müstəntiq üzləşdirmə hərəkətinə gəlməyib. Mən də Respublika Prokurorluğuna zəng etmişəm ki, Bakıdan Beyləqana gəlmişəm, müstəntiq üzləşdirməyə gəlmir. Bundan sonra müstəntiq mənə zəng edib ki, gec gəlmisiz, şahidləri tapa bilmirəm. Cinayət prosessual qanunvericiliyinin tələbinə görə, müdafiəçi 5 gün müddətində istintaq hərəkətlərində iştirak etməzsə, onu istintaqdan kənarlaşdırmaq olar. Onlar da məni istintaqdan kənarlaşdırmaq üçün 1-i, 2-si, 3-ü, 5-i, 6-sı teleqram vurublar. Dördü bazar gününə düşür. Beş gün kimi hesablayıblar. Onlar fikirləşmirdilər ki, mən buradan Beyləqana gedərəm”.
O.Kazımov məlum qərarı qərəzli adlandıraraq onun həm vəkillik, həm də ictimai-siyasi faəliyyəti ilə bağlı olduğunu deyir: “Maraqlıdır ki, həmin iş Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəməyə veriləndə mənim vəsatətimlə onu istintaqa qaytardılar. Ölüm işini hələm-hələm istintaqa qaytarmırlar. Istintaqa qaytarandan sonra həmin qərarda da göstərilib ki, təqsirləndirilən şəxsin hüquqları istintaq orqanı tərəfindən pozulub. Belə olan halda Vəkillər Kollegiyasının mənim barəmdə belə qərar çıxarması absurddur. Qərarı alandan sonra problemin hüquqi yolla – məhkəmə yolu ilə həllinə çalışacam. Vəkillər Kollegiyası qanunsuz qərar qəbul etdiyinin fərqində olub məsələni həll etməlidir. Hesab etmirəm ki, bu qərar təkcə həmin işlə bağlıdır. Təqdimat avqust ayında verilib. Prokurorluq haqqında qanuna əsasən, bu təqdimata bir ay müddətinə baxılmalı idi. 6 ay keçəndən sonra təqdimata baxmaq, iki dəfə Rəyasət Heyətində müzakirə etmək qərəzdən xəbər verir. Birincisi, bu mənim vəkillik fəaliyyətimlə bağlıdır. Çünki son dövrlər verilən bəraət hökmlərinin əksəriyyəti mənim çıxdığım işlər üzrədir. Ikincisi də, mənim siyasi baxışlarımla, qanunsuzluğa qarşı daha radikal çıxışlar etməyimlə bağlıdır”.
Gültəkin