Putin İkinci Dünya müharibəsinin bitməsinin 77-ci ildönümü ilə bağlı həm də Ukrayna xalqını təbrik edib
İkinci Dünya müharibəsinin bitməsinin 77-ci ildönümü ilə bağlı Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan, Ermənistan, Qırğızıstan, Tacikistan liderləri və xalqlarına təbrik ünvanlayıb. Bu barədə mayın 8-də Rusiya prezidentinin rəsmi Kremlin. ru saytı məlumat yayıb. Təbrik məktubunda Ukrayna və Gürcüstanın da adı çəkilir. Amma bu müraciətdə onlarla yanaşı hər iki respublikanın ərazisində yaradılan Abxaziya, Cənubi Osetiya, “Donetsk və Luqansk Xalq Respublikaları ” kimi separatçı qurumların da adı yer alıb.
Ukraynada müharibə başlayandan bəri ölkəni 5,8 milyondan çox insan tərk edib. Bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin internet səhifəsində məlumat verilib. Rusiya Ukraynaya qarşı fevralın 24-də müharibəyə başlayıb.
Avropa İttifaqı Rusiya neftini daşıyan gəmilərin sığortasını qadağan edə bilər. Bu barədə “The Wall Street Journal” yazır. Məlumatda vurğulanır ki, bu cür sanksiyalar Rusiya qarşı altıncı sanksiyalar paketinin hazırlanmasının tərkib hissəsi kimi nəzərdən keçirilir.
Böyük Britaniyadan Ukraynaya 1,6 milyard yardım
Böyük Britaniya Ukraynaya 1,6 milyard dollarlıq hərbi yardım ayıracaq. Baş nazir Boris Consona görə, “Putinin amansız hücumu təkcə Ukraynada hesabsız dağıntılara səbəb olmur, həm də bütün Avropada sülh və təhlükəsizliyi təhdid edir”.
Azadlıq radiosu