İctimai fəal, hakimiyyət tənqidçisi Bəxtiyar Hacıyevin Bakının mərkəzi küçələrinin birində “oğurlanaraq təhqirə” məruz qalmasından iki həftə keçsə də, bu məsələnin araşdırılması ilə bağlı hakimiyyətdən hər hansı məlumat eşidilmir.
Millət vəkilliyinə keçmiş namizəd aprelin sonlarında şəhərin mərkəzi küçələrinin birində yerləşən ofisindən axşam 11 radələrində çıxıb gedərkən tanımadığı şəxsin hücumuna məruz qaldığını, sonra zorla bir maşına mindirilərək başına torba keçirildiyini bildirir. Onun iddiasına görə, aparıldığı naməlum yerdə qara maskalı şəxslər onunla qeyri-insani davranaraq daxili işlər naziri Vilayət Eyvazova qarşı tənqidi sosial media postlarına son qoymasını tələb ediblər.
Bəxtiyar Hacıyev bu məsələni ictimailəşdirəndən sonra nazir Vilayət Eyvazov onu qəbul edib və araşdırma başlanıb.
Bu, bundan əvvəlki bəzi hakimiyyət tənqidçilərinə qarşı olan hadisələri xatırladır: söhbət bloqçu Mehman Hüseynov, Tofiq Yaqublu, Cəmil Həsənlinin qızı ilə bağlı hücumlardan gedir.
Bir neçə il əvvəl Mehman Hüseynov polisin onu şəhər kənarına apardığını və döydüyünü iddia etmişdi. Polis onu şəhər mərkəzində keçirilən aksiyadan uzaqlaşdırdığını təsdiqləmiş, amma bloqçunun döyülmədiyini bildirmişdi.
Hüquq-mühafizə orqanları hesab etmişdi ki, icazəsiz keçirilmiş bir aksiyadan sonra üz-gözü gömgoy, şişmiş vəziyyətdə jurnalistlər qarşısına çıxmış Tofiq Yaqublu “özünə xəsarət yetirib”, amma ictimaiyyətə bunu isbatlayacaq hər hansı dəlil-sübut təqdim edilməmişdi.
Bəzi demokratik qüvvələri birləşdirən Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatı ilə bağlı gizli çəkilmiş video-görüntülərin yayılmasına görə cinayət işinin qaldırılmasından bir il keçməsinə rəğmən, hələ ki bir xəbər yoxdur. Daha doğrusu, “günahkar müəyyən edilə bilinmədiyi” üçün işin araşdırılması dayandırılıb.
BBC Daxili İşlər Nazirliyinə ictimai və siyasi fəalların məruz qaldıqlarını iddia etdikləri zorakılıq hallarının istintaqının gedişi ilə bağlı suallar ünvanlasa da, indiyə kimi cavab ala bilməyib.
Bəzi siyasi-ictimai fəallar hər hansı zorakılıqla, şantajla üzləşərkən, bu halların üstü niyə açılmır?
Hücuma məruz qalanlardan biri – Tofiq Yaqublu hesab edir ki, “sifarişçi hakimiyyət və hədəf də bu tənqidçiləri susdurmaq olduğu üçün” qaldırılan cinayət işlərinin üstünü ya toz basır, ya da ortaya reallıqdan kənar nəticə qoyulur.
“…çünki sifarişçi “eynidir”
2021-ci ilin dekabrında Bakıda keçirilmiş etiraz aksiyalarının birində polis maşını ilə ərazidən uzaqlaşdırılan, bir neçə saat sonra isə üz-gözü şişmiş, göyərmiş vəziyyətdə ortaya çıxan Tofiq Yaqublu hesab edir ki, hakimiyyət tənqidçilərinə qarşı törədilən zorakılıqların üstü heç vaxt açılmır, çünki sifarişçi “eynidir”.
“Əgər belə olmasaydı, bu cinayətlərin üstü açılardı və davam etməzdi. Hüquq mühafizə sistemi, eləcə də məhkəmə mövcud hakimiyyətin əlində bir cəza aparatıdır. İqtidar öz opponentlərini bütün qeyri-qanuni üsullarla cəzalandırmaq üçün bax, bu sistemdən istifadə edir”, – Tofiq Yaqublu BBC-yə deyib.
O vaxt hakimiyyət strukturları Tofiq Yaqubluya qarşı hər hansı zorakılıq göstərilməsini təkzib etmişdi. Baş Prokurorluq bildirmişdi ki, Tofiq Yaqublu “polis bölməsinə aparılarkən özünü maşının müxtəlif hissələrinə, eləcə də bölmədə olarkən ayrı-ayrı yerlərə vuraraq özünə xəsarətlər yetirib”.
Tofiq Yaqublu deyir ki, onunla bağlı istintaq, məhkəmə “özünə xəsarət yetirmə” qərarı çıxardığı üçün, dövlət strukturlarının Bəxtiyar Hacıyevlə bağlı da fərqli mövqe ortaya qoyacağına inanmır.
Mehman Hüseynovun döyülməsi
Bloqçu Mehman Hüseynov eyni hadisələrin 2019-cu ildə onun da başına gəldiyini deyir. Onun sözlərinə görə, paytaxtın “Torqovaya” kimi tanınan mərkəz ərazisindən polis əməkdaşları “tərəfindən götürülərək Qaradağ ərazisinə aparılıb və orda döyülüb”.
Mehman Hüseynov deyir ki, hadisədən üç ilə yaxın vaxt keçsə də, başına gələnlərlə bağlı hüquqi qiymət ala bilməyib.
“2019-cu ilin dekabrında Qaradağ ərazisində döyüldükdən sonra tibbi ekspertizadan keçdim. Onlar bədənimdə xəsarət izlərinin olduğunu təsdiqlədilər, sənəddə də qeyd olunub. Sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciət etsək də, onlar döyülmə faktının olmadığını, mənim yalan danışdığımı bəhanə gətirib, işə baxmadılar”, – Mehman Hüseynov BBC-yə bildirib.
O, başına gələnlərin ciddi araşdırılmadığı üçün bu ilin yanvarında yenidən prokurorluğa və Ombudsman aparatına müraciət etdiyini deyib. Bundan az müddət sonra səhhətində yaranan problemlərlə bağlı İsveçrəyə müalicəyə getdiyini deyən ictimai fəal ölkəyə qayıdan kimi yenidən “ədalət axtarışında” olacağını deyib.
“Bunu 5-ci kolon edir”
Bəxtiyar Hacıyevə qarşı baş veən hadisəni “siyasi repressiya” adlandıran hüquq müdafiəçisi Anar Məmmədliyə görə, təzyiqin bu forması hakimiyyət tənqidçilərini “susdurmaq”, “qorxutmaq məqsədi” daşıyır və ona förə də belə hallar baş verəndə onun üstü açılmır:
“Azərbaycanda siyasi represiyaların müxtəlif tətbiq üsulları var ki, bu da onlardan biridir. [Bəxtiyar Hacıyevlə bağlı] cinayətdən bir neçə gün keçsə də, hələ də saxlanılan yoxdur və ümid etmirəm ki, kimisə saxlasınlar, çünki ilk gündən bu olayın arxasında dövlət strukturlarının durduğunu görürəm”.
Hüquq müdafiəçisi Novella Cəfərova isə Bəxtiyar Hacıyevə qarşı törədilən cinayətlərdə “Daxili İşlər Nazirliyinin əlinin olması” fikri ilə razılaşmır.
Onun fikrincə, kimlərsə ölkədə siyasi fəallara qarşı “cinayət işləməklə hüquq mühafizə orqanlarının fəaliyyətinə kölgə salmağa” çalışır.
“Bəxtiyar Hacıyevin başına gələnlərin Vilayət Eyvazovun tapşırığı ilə həyata keçirilmədiyinə 100 faiz əminəm. Ola bilsin, kimsə DİN-in adını ləkələmək üçün bu cür addım atsın. Daxili işlər naziri özü də bildirib ki, bu məsələ araşdırılacaq. İşin axırına kimi gözləyin, görün hardan nə çıxacaq. Amma bu DİN-in işi deyil, çünki bilirəm, bunu kim edib. Bunu 5-ci kalon edir”, – Novella Cəfərova bildirib.
Lakin hüquq müdafiəçisi “5-ci kalon” deyərkən hansı qrupları nəzərdə tutduğuna aydınlıq gətirməyib, o cümlədən digər hakimiyyət tənqidçilərinə qarşı baş verən zorakılıq hadisələrinin üstünün niyə açılmamasını da şərh etməyib.
“Ümidsiz”
İctimai fəal Bəxtiyar Hacıyevin, başına gələn hadisənin üstünün açılacağına və bunu törədənlərin məsuliyyətə cəlb olunacağına ümidi yoxdur, amma o, yenə də istintaqın gedişinə kömək etdiyini deyir. Amma Bəxtiyar onu da əlavə edir ki, əgər başına gələnlərin üstü açılmazsa, bu cinayət əməlində Daxili İşlər Nazirliyini “məsul tutacaq”.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya bildirib ki, Bəxtiyar Hacıyevin müraciəti əsasında nazir Vilayət Eyvazov hadisədən iki gün sonra onu qəbul edib.
Qurum rəsmisi əlavə edib ki, Bəxtiyar Hacıyevin iddiaları dinlənildikdən sonra nazir bu istiqamətdə araşdırmaların aparılacağını onun diqqətinə çatdırıb.
“Artıq bununla bağlı araşdırmalara başlanılıb və əlavə məlumat olan kimi ictimaiyyətə çatdırılacaq”, – Elşad Hacıyev qeyd edib.
Bəxtiyar Hacıyev bundan əvvəl də Daxili İşlər Nazirliyi ilə qalmaqallar yaşayıb. Ən sonuncu hadisədə o, DİN-in qarşısında maşınında aksiya keçirərkən avtomobilinin şüşələrinin polis tərəfindən sındırılması video görüntülərini yaymışdı. O vaxt DİN bu hadisənin Bəxtiyar Hacıyevin intihar etməyə cəhd göstərməsi və polisin bunun qarşısını almaq istəməsi kimi izah etmişdi.
Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini öz tənqidçilərini amansız yollatla susdurmaqda ittiham edir. “Azərbaycan hökuməti tənqidçilərinə və müxalif səslərə qəddar basqı tətbiq etməyə davam edir”, Human Rights Watch insan haqları təşkilatının saytında deyilir.
Azərbaycan hökuməti belə tənqidləri “qərəzli” hesab etdiyini hər dəfə vurğulamağa davam edir.
Hakim YAP-ın üzvü, deputat Aydın Mirzəzadə hakimiyyət ünvanına səslənən ittihamları əsassız sayır, deyir ki, hakimiyyət öz vətəndaşlarının təhlükəsizliyini təmin edir. O, hansısa kənar qüvvələrin hakimiyyətlə cəmiyyət arasında gərginlik yaratmaq istəyə biləcəyi fikirlərini də təkzib edir: “Azərbaycan öz xarici və daxili siyasətini tamamilə müstəqil şəkildə aparır. Hər hansı xarici qüvvənin Azərbaycanın daxili işinə qarışması tamamilə istisna olan məsələdir”.
BBC-yə müsahibəsində Aydın Mirzəzadə əlavə edib ki, Azərbaycan polisi üçün “iqtidarçı və ya müxalifətçi anlayışı” yoxdur.
“Cinayət var, qanun pozuntusu var və buna uyğun da hərəkət edirlər. Cinayətlərin üstünün açılması faizi Azərbaycanda yüksəkdir və istənilən məsələ polisin diqqətindədir. Burada heç bir siyasi motiv ola bilməz”, deyə o əlavə edib.
Bbc azeri