Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bir neçə gün əvvəl “Turan tv”-də Qənimət bəylə birlikdə AMEA-dakı vəziyyətlə bağlı bir proqram etmişdik. Bu proqramla bağlı xeyli zənglər, məktublar, rəylər, müraciətlər aldım. Ölkənin başlıca “Elm məbədi”nin bu vəziyyətə düşməsi çoxlarında narahatlıq doğurur. Məsələn, gəlin baxaq Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun hazırkı durumuna.
Uzun müddət arxeologiya və etnoqrafiya Azərbaycan tarix elminin qabaqcıl sahəsi olub. Ötən əsrin 50-60-cı illərindən bu sahədə oturuşan milli kadrlar sözün tam mənasında “tarix yazıblar. Saleh Qazıyev, İsaq Cəfərzadə, Ömər İsmizadə, Qələndər Aslanov, Ələsgər Ələkbərov, İdeal Nərimanov, Osman Həbibullayev, Rəhim Vahidov, Qara Əhmədov, Cabbar Xəlilov, Rəşid Göyüşov, Məmmədəli Hüseynov, İlyas Babayev, Vəli Əliyev, Qüdrət İsmayılzadə, Aləm Nuriyev, Fərman Mahmudov, Fazil Osmanov, Firuzə Muradova, Əsədulla Cəfərov, Azad Zeynalov və sizlərin də yaxşı tanıdığı sonrakı nəsillər. Eyni sözü etnoqraf alimlər haqqında da demək olar. Bunlar hamısı elmdə böyük nüfuzu olan alimlər idi.
Belə böyük elmi potensialı və ənənəsi olan bir isntitutun baş direktoru vəzifəsinə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini məzunu Abbas Seyidovu qoyublar. Adamın bioqrafik məlumatlarında göstərilir ki, peşəkar musiqiçidir, tar, saz, gitara və sair simli musiqi alətlərinin ifaçısıdır və hələ üstəlik Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şübhəsiz ki, bunlar müsbət keyfiyyətlərdir, amma elmə elə bir aidiyyəti yoxdur. Abbas müəllimin Naxçıvanın Eneolit və Tunc dövrü mədəniyyətinə dair bəzi çap işləri olsa da (Bax: Naxçıvanın İlk Tunc dövrü mədəniyyəti. Voronej, 2002), daha çox şhaqqında olan digər nəşrləri daha çox bədii – publisistik məzmun daşıyır. Yəqin ki, Akademiyaya növbəti seçkilər gələndə yəqin ki, baş direktor vəzifəsini tutduğuna və Voronejdə kitabı çıxdığına görə ən azında müxbir üzv də “seçəcəklər”.
Bu azmış kimi İnstitutun icraçı direktoru vəzifəsinə isə Tibb İnstitutunun məzini Zaur Həsənov təyin edilib. Zaur bəyin qədim tarixlə bağlı bir sıra maraqlı çap işləri olsa da, arxeloji qazıntılarda, çöl tədqiqat işlərində ciddi bir təcrübəsi yoxdur. Əlavə olaraq baza tarix təhsili yoxdur.
Doğurdanmı bu institutda elmi yönləndirəcək ayrı mütəxəsis yoxdur? Əlbəttə, var. Amma onları irəli çəkən yoxdur. Məsələn, elmlər doktoru Əliağa Məmmədli, adam 1985-1988-ci illərdə Lomonosov adına Moskva Dövlət UUniversitetində məhşur arxeoloq, SSRİ EA-nın akademiki Valentin Lavrentyeviç Yaninin rəhbərlik etdiyi Arxeologiya və Etnoqrafiya kafedrasında aspirantura təhsil alıb. Tarix elmləri doktoru Viktor Vladimiroviç Karlovun rəhbərliyi altında aspirantura müddətində namizədlik dissertasiyasını müdafiə edib, sonra elmlər doktoru olub, hal hazırda da Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və etnografiya institunda şöbə müdiridir. Mən bunu nümunə üçün göstərdim. Belə misallar çox gətirmək olar.
Deməli Azərbaycan tarix elmində böyük yeri, rolu, töhfəsi, potensialı olan strateji əhəmiyyətli bir institutu tapşırıblar bir gitaraçı ilə bir həkim cərraha, sonra da deyirlər ki, tarix elmi niyə bu vəziyyətə düşüb?