“…onu ruhi xəstə etdilər”
«Kamran Bağırov milisin silahının yığışdırılması ilə bağlı göstəriş vermişdi»
Bu saydakı materialda Əhməd Əhmədovun məhkəmə prosesi ilə bağlı şahid ifadələrini təqdim edirik. Günahsız olaraq güllələnmə cəzası alıb öldürülən Əhməd Əhmədovun…
– Proses zamanı ermənilərin Əhmədə, digər iki nəfərə hücum etmək cəhdi olurdumu?
– Hücuma cəhd etmirdilər, amma söyür, təhqir edirdilər, istədikləri sözləri deyirdilər. Məhkəmə onların əlində oyuncağa çevrilmişdi. Necə istəyirdilər, proses də elə gedirdi.
41a məhəlləsində yaşayan onlarla şahid məhkəmədə ifadə verib və heç biri Əhmədin bir erməniyə xəsarət yetirdiyi ilə bağlı təsdiqedici fakt deməyib. Bir nəfər demirdi ki, Əhməd hücum edənlər arasındaydı, əlində balta, bıçaq, yaxud daş, dəyənək olub. Amma heç bir xeyri olmadı.
– Iğtişaşlar vaxtı xüsusi çəkilişlər aparılıb. Məhkəmədə bu çəkilişlərin nümayiş etdirilməsi üçün vəsatətlər qaldırılırdımı?
– Qeyd etdim ki, məhkəməyə gətirilən qara kostyum Əhmədin deyildi, amma onun adına yazdılar. Anam dönə-dönə deyirdi ki, Arakelyanın guya, qanı olduğu bu kostyum mənim oğlumun deyil. Mən də sübut etmək üçün pencəyin Əhmədin əyninə geyindirilməsini xahiş etdim. Bu zaman hakim kim olduğumu soruşdu. Qardaşı olduğumu biləndə oturmağı və danışmamağı tələb etdi.
– Arif Babayevlə bağlı sonralar araşdırma apardınız?
– Mən çox axtardım, tapa bilmədim.
Möhübbət: Azərbaycan “KQB”sində işləyirdi.
– Əhmədi sizinlə söhbət etdiyimiz bu evdən aparıblar?
– Hamamda olub, Sumqayıt şəhər milis idarəsinin əməkdaşları qapını qırıb vəhşicəsinə aparmışdılar. Həmin vaxt Məmmədağa evdə olmayıb.
– Ilk dəfə harada saxlanılırdı?
Əhmədağa:
– Sumqayıt milis idarəsində. Mən işdəydim, Zöhrab adlı əlil qardaşım var, Əhmədlə birgə onu da aparmışdılar. Yaxınlıqda yaşayıram, xəbəri eşidib gəldim, qonşular evə girməməyi məsləhət gördülər. Deyirdilər ki, səni də aparacaqlar. Onlara qulaq asmadım, qapını döydüm, açılan kimi azərbaycanlı milislərdən biri əlini mənə tərəf atdı, tutdum, dedim ki, siz kimsiniz, bu evdə nə axtarırsınız? Bu vaxt bir rus müstəntiq yaxınlaşıb əlində olan qovluqdakı şəkillərə baxdı. O, Əhmədin adının iğtişaşlarda hallandığını bildirdi. Mən şəklini göstərmələrini tələb etsəm də, buna nail olmadım. Əslində, Əhmədin tutulması sifariş idi, o vaxt hamı öz kürsüsünü itirməkdən qorxurdu. Hara, kimin yanına gedirdin, kabinetdən çölə çıxarırdı.
– Əhmədin həbsi ilə bağlı sanksiyanı kimin verdiyini bilirsinizmi?
– Hər halda, Ismət Qayıbov verə bilərdi.
– Şəhər partiya komitəsinin o vaxtkı birinci katibi Cahangir Müslümzadəyə Əhmədin sifarişlə tutulması ilə bağlı müraciət etdiniz?
– Əgər Qayıbovun hər hansı köməklik etməyə gücü çatmırdısa, Müslümzadə nə edəcəkdi?
Möhübbət: Arif Babayev gəlib-gedirdi. Şəhər milis idarəsindən gəlirdilər. Əhmədi aparandan sonra Arif deyirdi ki, Əhmədlə aram yaxşıdır, görün çıxandan sonra məni necə tərifləyəcək. O deyirdi ki, guya Əhməd sifariş göndərib ki, “gedin evdə deyin, əynimdə həmin qara kostyum olub”. Biz də buna inanıb guya belə ifadə verməliydik. Amma biz axıradək həqiqəti dedik. Bunu Əhməd bilmişdi, ona görə burada aparılan istintaq zamanı Arifi pis söymüşdü.
Əhmədağa: Martda tutulub, Bayılda saxlayırdılar, gedib-gəlirdik, görüşə imkan verilməsə də, içəri pul, yemək ötürürdük. Mən bir dəfə təsadüfən Sumqayıt şəhər prokurorluğunda rastlaşmışdım. O vaxt prokurorluq 9-cu mikrorayonda yerləşirdi. Bir nəfər vardı, onun yanına getmişdim, pilləkənləri qalxanda Əhmədlə üzləşdik, dedi ki, hər şey yaxşı olacaq, arxayın olun! Onda demişdi ki, məni təkcə Arif incidir. Burada görüşə artıq imkan vermədilər, maşına mindirib apardılar.
Əhmədlə son görüşümüz isə Moskvada keçirilən məhkəmə prosesindən sonra olub. 1988-ci il dekabrın 4-də 15 dəqiqə çəkən görüşə icazə verilmişdi. Əhməd güllələnmə hökmünün ləğv olunması üçün cəhdlər göstərməyimizi xahiş edirdi…
– SSRI prokurorluğunun istintaq qrupu iğtişaşlarla bağlı çəkilişlər aparıb. Orada nələr vardı?
– Əhmədi çəkmişdilər, aparıblar ki, bu qapını necə sındırıbsan. O da deyirdi ki, bunları təzyiq altında demişəm, etməsəydim, öldürəcəkləri ilə hədələyirdilər. Yenə Arifin adını çəkirdi. Əhmədin evini yıxan o olub.
“Heydər Əliyevə yaxınlaşanda onu terrorçu sanıb tutmuşdular”
– Ananız məhkəmədə deyib ki, “niyə mənim oğlumu bura gətirmisiniz, niyə milis tədbir görməyib? Niyə Bağırov zəng edib göstəriş verib ki, milislərdən silahları yığışdırsınlar?” Belə sullar ortaya çıxanda reaksiya necə olurdu?
– Məhkəməyə də məlum idi ki, bu, əvvəlcədən hazırlanmış ssenari olub. Ona görə belə suallara məhkəmədə qətiyyən əhəmiyyət verilmirdi. Ermənilər bu zaman çığır-bağır salırdılar. Amma doğrudan maraqlı məsələ idi, mən Ovçular Birliyinin üzvü idim. Bizim də silahları yığmışdılar. Bu suala indiyədək aydınlıq gətirilməyib.
– Zərərçəkənlərin nümayəndələrindən olan erməni qadın Karina Melkumyan məhkəmədə (hadisə vaxtı əri ölüb) deyib ki, bu üç nəfər bu boyda hadisəni törədə bilməzdi. Hanı əsl təşkilatçılar? Məhkəmədə iğtişaşların təşkilatçıları ilə bağlı araşdırma aparılıbmı?
– Heydər Əliyev hakimiyyətə gələndən sonra Ramiq bir dəfə onun iştirak etdiyi tədbirdə sual vermək istəsə də, şərait yaratmayıblar. O, hirslənib və içərisində sənədlər, videokaset olan bağlamanı aparıb H.Əliyevin qabağına qoyub. Oradakılar bağlamanın içərisində partlayıcı olduğunu zənn edib qorxublarmış. Ramiqi təhlükəsizlik xidmətinin əməkdaşları saxlamışdılar. O da məqsədini açıqlamışdı, demişdi ki, bağlamada Sumqayıt hadisələri ilə bağlı sənədlər var və onları Əliyevə təqdim etmək niyyətində olub. Onu tutub aparmışdılar, qayıdandan az sonra psixi problemləri yaranmışdı. 2010-nun avqustunda rəhmətə gedib…
Biz Əhmədağa ilə bəzi məsələlərə aydınlıq gətirmək üçün ikinci dəfə bir də görüşdük. Məlum oldu ki, Əhmədə qarşı irəli sürülən yüz səhifəlik ittiham aktı Ramiq Süleymanoğluda da olub və müəmmalı şəkildə yoxa çıxıb: “O, Sumqayıt hadisələrinin yenidən araşdırılmasına çox çalışırdı. Xalam oğlunda bir çemodan digər sənədlər də vardı. Müstəntiq Arif Babayevlə bağlı çox yazırdı. Sənədlərin yoxa çıxmasında bəlkə onun da əli olub… Amma bu bir həqiqətdir ki, Heydər Əliyevə həmin sənədləri təqdim etməyə cəhd edəndən sonra çox incidirdilər. Ramiq çox sağlam adam idi. Amma 90-cı illərin axırlarında (ilini dəqiq xatırlamıram, ya 1998, ya da bir il sonra bu hadisə olub) keçmiş dövlət başçısına bir qovluq verməyə cəhd edəndən sonra birdən-birə ruhi xəstəliyi ortaya çıxdı”.
“Sənədlər yoxa çıxdı”
Əhmədağanın o vaxt Ramiqin başına gələnlər barədə danışdıqlarından belə qənaətə gəlmək olur ki, Ramiqə əməlli-başlı mənəvi-psixoloji təsirlər olub: “Heydər Əliyevə sənədləri verməyə cəhd edəndə onu zaldan çıxarmışdılar, bu zaman mühafizəçilər, MTN əməkdaşları sənədləri gözdən keçirib bir müddət saxlayandan sonra buraxmışdılar. Üstündən iki gün keçəndən sonra Ramiqin yoxa çıxdığı məlum oldu. Hardasa 3 gün idi, evə gəlmirdi, heç kəs də yerini bilmirdi. Mən xeyli axtarandan sonra onu Bayıl qəsəbəsindəki qohumlarının evində tapdım. Evdən çıxarkən geyindiyi pal-paltar əynində yox idi. Ramiqin qardaşı vaxtilə sovet ordusunun zabiti kimi Almaniyada xidmət edib. O, Azərbaycana qayıdanda avtomobil gətirmişdi, özü Naxçıvana xidmət etməyə getdiyi üçün maşını Ramiqə vermişdi. Xalam oğlu itkin düşəndə həmin maşında olub. Qeyd edim ki, Ramiqi tapsam da, maşınının yeri bilinmirdi. Bakı şəhər Dövlət Yol Polisindəki tanışlarım vasitəsilə maşını hava limanının dayanacaqlarından birində tapdım. Məlum oldu ki, limanın sahə müvəkkilinin göstərişi ilə maşın həmin dayanacağa aparılıb. Bunun hansı şəraitdə baş verdiyini də araşdırdım və ortalığa xeyli müəmmalı məqamlar çıxdı. Ramiqin özü ilə gəzdirdiyi sənədlərin olduğu çemodan da həmin vaxt yoxa çıxmışdı”.
Ramiqin hava limanına niyə getməsinə gəlincə, Əhmədağanın sözlərinə görə, tapılanda deyirmiş ki, guya kimisə qarşılamağa gedib: “Zənnimcə, onu izləyib hava limanında müəyyən təzyiq göstərərək maşınını əlindən almış, sənədlər olan çemodanı götürmüşdülər. Çünki maşının içində əməlli-başlı axtarış aparılmışdı. Bunu kim edə bilərdi?”
Əhmədağa sonralar dəfələrlə Ramiqin belə təzyiq və təqiblərlə üzləşdiyini bildirir.
Surxay Hüseynli, Azər Hüseynbala
Düzəliş: Qəzetimizin 30 yanvar sayında çap olunan 1988-ci ildə Azərbaycan SSR-in baş prokuroru olan Ilyas Ismayılovla müsahibədə daxili işlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyevin ömürlük məhkum olunması ilə bağlı yanlış məlumat gedib. Yanlışlığa görə üzr istəyirik.