Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 10 il azadlıqdan məhrum edilib. Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hökmə əsasən, sabiq səfirin ailə üzvlərinə, o cümlədən övladlarına məxsus bir sıra daşınmaz əmlaklar, mənzillər də müsadirə olunub.
Hökmdən öncə məhkəmədə son sözünü deyən Həsənov bildirib ki, uzun illərdir qərəzi olan və bunu gizlətməyən bir məmurun düşmənçiliyinin nəticəsi olaraq, 1 il 4 aydır qondarma ittihamlarla həbsdədir.
“Siyasi iddiada olmağım…”
“Mənim siyasi iddiada olmağım, müxalifətlə iş birliyi qurmağım barədə əsassız iddialar irəli sürüblər. Bunu özümə qarşı böyük mənəvi psixoloji zərbə hesab edirəm. Özümlə yanaşı, qardaşlarım, digər qohumlar da təqib olunur. Əmlaklarımızın üzərinə qanunsuz olaraq həbs qoyulub”, – Həsənov son sözündə belə deyib.
Sabiq səfirin sözlərinə görə, bəzi müsahibələrində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu tənqid etməsi, Xocalı faciəsində rus qoşunlarının iştirakı haqda səsləndirdiyi fikirlər müəyyən şəxslərin xoşuna gəlməyib.
Həsənov deyir ki, 2019-cu ilin fevralında Serbiyadan Ermənistana silah satışı haqda məlumatı da rəsmi şəkildə Xarici İşlər Nazirliyinə özü təqdim etmişdi: “Bunu faktlarla sübut etmişəm. Serbiya bunu təkzib etsə də, yenidən faktı Xarici İşlər Nazirliyinə təqdim etdim. Görünür, bu hərəkətim kimlərinsə xoşuna gəlməyib və prezidentə başqa cür təqdim ediblər…”.
“Namərd olmaq istəmirəm”
Həsənov Prezident İlham Əliyevdən incidiyini gizlətməyib. Bununla belə, ona xəyanət etməyəcəyini də vurğulayıb: “Ondan inciyə bilərəm, amma ona dönüklük eləmərəm. Mənim fiziki məhvimə qərar verilsə belə, bildiklərim özümlə qəbirə gedəcək. Mən namərd olmaq istəmirəm”.
Sabiq səfir təqsirsiz, haqqının bəraət olduğunu vurğulasa da, bu məhkəmədən ədalət gözləmədiyini bildirib. Deyib ki, hakimlərin verilən sifarişi icra edəcəklərinə əmindir.
Azadlıq radiosu