AXCP sədri Əli Kərimli
32 il öncə bu saatlarda Rusiya ordusu Bakının işğalına başladı. Bakının girəcəklərində barrikadalar qurmuş sakinlər dinc, silahsız idilər. Çarəsiz vətəndaşlar maşınlarla, əllərinə keçən hər şeylə yolları bağlayıb, zirehli texnikaların Bakıya girməsinə mane olmaq istəyirdilər. Barrikadaları keçən tankları onlar canları ilə durdurmaq istədilər. Ancaq Sovet tankları günahsız, dinc vətəndaşları tank tırtılları altında əzərək şəhərə daxil olurdu. Sovet ordusu Bakıya qədər də dinc şəhərləri – Budapeşti və Praqanı işğal etmişdi. Ancaq Macarıstan və Çexoslovakiya formal da olsa, xarici ölkə idi. Bakıda isə qürubunu yaşayan Sovet imperiyası son nəfəsində olduqca anti-insani, anti-bəşəri bir ilkə, bir cinayətə imza atdı. Öz ölkəsində bir milyondan çox insanın yaşadığı böyük bir şəhəri hamıya görk olsun deyə qanına qəltan etdi.
20 Yanvar qırğınında 146 nəfər günahsız, dinc vətəndaşımız qəddarlıqla şəhid edildi. 744 nəfər isə yaralandı. Min nəfərə qədər insan həbs edilmişdi. Sovet imperiyası qan tökərək, cəlladlıq edərək özünü qoruyub saxlamaq istəyirdi. Ancaq əksi alındı. Şəhidlərin dəfni üçün Azadlıq meydanına axışmış ucsuz – bucaqsız xalq kütləsi elə oradan Sovet imperiyasına mesaj verdi ki, Azərbaycan daha heç vaxt sizin olmayacaq, heç vaxt müstəqillik arzusundan vaz keçməyəcək. Elə də oldu. Cəmi 1 il 9 aydan sonra Azərbaycan dövlət müstəqilliyinə qovuşdu. O 1 il 9 ayı da Azərbaycanı Sovetlərin tərkibində zorla – fövqəladə vəziyyət elan etməklə saxlamışdılar. 20 Yanvar qırğını Sovet imperiyasında yaşayan digər xalqların da milli istiqlal mübarizəsinə əlavə təkan verdi. Hər kəs imperiyanın qanlı caynaqlarından qurtulmaq istəyirdi və hamımız birlikdə qurtulduq.
20 Yanvar şəhidləri Bakını işğaldan qoruya bilməsələr də, canları bahasına dövlət müstəqilliyimizə yol açdılar.
20 Yanvar Milli Azadlıq Hərəkatının kulminasiyası idi. 20 Yanvar müstəqillik naminə kütləvi qəhrəmanlıq günü oldu.
Azərbaycanın dövlət müstəqilliyi üçün canını qurban vermiş əziz 20 Yanvar şəhidlərini, sonrakı illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Qarabağ şəhidlərini hörmətlə anırıq, ailələrinə, doğmalarına Allahdan səbr diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah Azərbaycanı qorusun! Müstəqilliyimiz əbədi olsun!