AXCP sədri Əli Kərimli
Əliyevin 2 səhvinə 18 milyard dollar ödəyən hakimiyyət çörək və unun qiymətini sabit saxlamaq üçün 100 – 150 milyon dolları nəyə görə ödəmədi?
Bilirsinizmi ki, il ərzində cəmi 100-150 milyon dollar xərcləməklə hökumət çörəyin, unun, un məmulatlarının qiymət artımının qabağını ala bilərdi? İl ərzində 100-150 milyon dollar nə puldur Azərbaycan hökuməti üçün? Hansısa dövlət orqanına yeni bir bina tikməyə bu qədər pul xərclənir. Qarabağda hələ heç kimin istifadə etmədiyi aeroportların tək birinə təqribən bu qədər pul xərclənir. İlham Əliyev etiraf etdi ki, yalnız bir səhvi – manatın kursunu süni şəkildə yüksək saxlamaq istəyi (əlbəttə, o bu səhvi Mərkəzi Bankın üzərinə atdı) 2015-ci ildə dövlətin 10 milyard dollar itirməsinə səbəb olub. O etiraf etməsə də, biz şahidik ki, hakimiyyətin daha bir səhvi də bu ölkəyə 8 milyard dollara başa gəlmişdi. Söhbət heç kimə lazım olmayan Avropa Oyunlarını Azərbaycanda xüsusi təmtəraqla keçirməkdən gedir. Mən indi xırdaçılıq edib milyardların, 100 milyonların israf edildiyi və oğurlandığı saysız-hesabsız “hökumət səhvlərinin” hamısını sadalamıram. Bir ölkədə ki, Əliyev hakimiyyətinin cəmi 2 səhvi bu millətə 18 milyard dollara başa gəlib, orada çörəyin, unun qiymətini sabit saxlamaq üçün 100-150 milyon dollar xərcləməmək insafsızlıq deyilmi? Xalqla hesablaşsaydılar bu addımı atardılarmı? “Dünyada artan qiymətlər”, “bazar iqtisadiyyatı” və s. bəhanələrlə hökumətin hərəkətinə haqq qazandırmağa çalışanlar zəhmət olmasa, əvvəlcə buğda qiymətlərinin artdığı dünyada əmək haqqları, pensiya və müavinətlərin də nə qədər olduğunu xatırlasınlar.