AXCP sədri Əli Kərimli
Milli Şuranın sədri, professor Cəmil Həsənlini 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Xalqımızın yetişdirdiyi ən parlaq şəxsiyyətlərdən biridir Cəmil Həsənli. 2013-cü ilin prezident seçkilərini, prezidentliyə namizədlərin İTV-dəki teledebatını xatırlayın. Bütün ölkə nəfəsini çəkib professor Cəmil Həsənlinin cəmi 6 dəqiqə ərzində ölkəni faktiki işğal etmiş bir güruhu necə ifşa edəcəyini gözləyirdi. Məhz həmin teledebatlarda professor Cəmil Həsənli Əliyevlərin ailə hakimiyyətinin əsl sifətini xalqımıza təqdim etdi. Həmin günlərdə hər yerdə Cəmil Həsənli müzakirə olunurdu. Azərbaycan cəmiyyəti əvvəllər daha çox böyük alim və ziyalı kimi tanıdığı Cəmil Həsənlini çox cəsarətli və prinspial siyasi lider olaraq yenidən kəşf etmişdi. Cəmil müəllim Milli Şuranın sədri olaraq o günlərdən üzərinə götürdüyü siyasi vəzifəni indiyə qədər ləyaqətlə yerinə yetirir. Cəmil Həsənlini susdurmaq, mübarizəsindən yayındırmaq üçün rejim nələr etmədi? Ancaq Cəmil müəllim ona xas qətiyyətlə bütün maneələri aşır, bu gün də Milli Şuranın sədri olaraq rejimə qarşı mübarizənin önündədir.
Cəmil Həsənli çox böyük alimdir. Dünyanın qabaqcıl universitetlərində dərc olunan sanballı kitabları ilə nəinki öz adını, bütövlükdə xalqımızı bütün dünyaya təqdim edib. Bugünlərdə Cəmil müəllimin ABŞ və Böyük Britaniya universitetlərində dərc olunmuş 8- ci, bütövlükdə isə (Azərbaycanda və dünyada) sayca 39-cu kitabı işıq üzü gördü.
Cəmil Həsənli hazırkı çətin zamanımızda əsl ziyalılıq nümunəsi yaradır. Cəmil müəllim hər zaman əzilənin, haqqı tapdalanın, şərlənib həbs olunanın yanındadır.
Hörmətli Cəmil Həsənlini 70 illik yubileyi münasibətilə bir daha təbrik edirəm. Cəmil müəllim elmi yaradıcılığının, ictimai-siyasi fəaliyyətinin ən məhsuldar mərhələsini yaşayır. Ona can sağlığı, elmi fəaliyyətində, Vətən, millət, haqq və ədalət uğrunda mübarizəsində uğurlar arzulayıram!