İlham Hüseyn
Hamımızın ətrafında inamsızlıqla yüklənmiş, inam defisiti yaşayan adamlar var. Mübarizəni, haqq savaşını, prinsipiallığı yüksək qiymətləndirib, amma müsbət nəticəyə inamı olmayan xeyli adamlar var. Əlbəttə, bu inamsızlıq təsadüfən yaranmayıb. Prosesin uzanması, xeyli adamların səngərdən qaçması, rejimin sərtliyi, cəmiyyətin adekvat reaksiya sərgiləməməsi fərdi inamsızlığı gücləndirib. Adamlar ürəklərində xeyirin tərəfində olsalar da, əməldə şərə qarşı çıxmaq zərurəti hiss etməyiblər. Əksəriyyət müsbət dəyişikliyi arzulayır, amma bu arzunun çin olacağına tam inanmır.
Tolstoy deyirdi ki, inam vicdanın iradə ilə razılaşmasıdır. Bəli, inamsızlıq elə bir mikrobdur ki, vicdanı iradə ilə düşmən edir. İnamsızlıq iradəni zədələyir, vicdanı susdurur. Ona görə də inamsızlıqla özümüzü məğlubiyyət cığırına salmamalıyıq.
Çörçill “nə qədər ki, biz öz işimizə inanırıq, qələbəyə əzmimiz sarsılmazdır, qələbəni bizdən ala bilməzlər” deyirdi.
Haqlı olduğuna əmin olan insanın, inamsız olmağa haqqı yoxdur. Biz inanmaqdan vaz keçmədikcə, məğlub olmayacağıq. Azərbaycan qeyri-bərabər döyüşdə qalib gələcəyinə inanan insanların sayəsində Şimali Koreyaya çevrilməyib. Bir an da haqlı olduğumuza şübhə etməməliyik. İnamımız korşalmamalıdr. Əks halda, haqq savaşından zövq ala bilmərik, ədalət uğrunda çarpışmağın romantikasından məhrum olarıq. Paulo Koelyo deyirdi ki, budağından şübhə etdiyin ağacın kölgəsində istirahət edə bilməyəcəksən. İnamla silahlanmaq mənəvi gücü artırır. Birdə ki, bizim inamsız olmağımız absurd görünür. Birincisi ona görə ki, biz kütləvi şəkildə haqqımızı tələb edib, məğlub olmamışıq ki, bu məğlubiyyət bizi məyus etsin. Cəhd etmədən inamsızlığa yuvarlanmaq cığallıqdı, naqislikdi.
İkincisi ona görə ki, uzun illərdi bir qrup insanın mübarizə əzminin qırılmamasına şahidlik edirik, bir qrup insanın “ağ bayraq” qaldırmadığını görürük. Bu reallıq bizi əmin etməlidir ki, daha çox insanın dirənişi mütləq qələbəylə yekunlaşacaq.
İnamınızdan muğayat olun.