AXCP sədri Əli Kərimli
Bəs Tokayev deyirdi, Qazaxıstanda 20 min silahlı terrorçu var? Bəs hanı onlar? Məlum oldu ki, Qazaxıstandakı qarşıdurmalarda öldürülmüş 164 nəfərin cəmi 16 nəfəri güc strukturları təmsilçiləri olub. Öldürülənlərin qalan 148 nəfəri (hələ rəsmi etiraf olunan) etirazçı olub. O da məlumdur ki, öldürülən 16 nəfər güc strukturu nümayəndələrinin də əksəriyyəti iğtişaşların ilk günlərində təxribatçı qruplar tərəfindən öldürülüb. Sonrakı günlərdə isə hüquq mühafizə orqanlarına ciddi hücumlar olmayıb. İndi də prezident Tokayev elan edir ki, ölkədə vəziyyət tam nəzarətə alınıb. Uşağa da aydındır ki, Qazaxıstanda 20 min yox, mincə nəfər terrorçu olsaydı, hüquq mühafizə orqanları cəmi 16 nəfər itki ilə bu iğtişaşı yatıra bilməzdi. Beləliklə də Qazaxıstanda çoxsaylı terrorçu dəstələrin olması haqda hakimiyyətin ortaya atdığı yalanlar öz-özünə təkzib olundu. Kütləvi etirazların sosial partlayış xarakterli olduğu təsdiq olundu. Bu da Qazaxıstan üçün yaxşı xəbərdir. Təki dost ölkə terror yuvası olmasın. Bu hamımızı sevindirir.
Yeri gəlmişkən, Qazaxıstanda böyük terror ordusunun olması haqda məlumatların yalan çıxması təkcə Tokayevi deyil, Rusiyanın özünü də çətin vəziyyətə salıb. Əvvəla, məlum oldu ki, Rusiyanın (KTMT adı ilə) Qazaxıstana ordu yerləşdirməsinə heç bir obyektiv səbəb yox imiş.
İkincisi, Qazaxıstanda vəziyyət çox tez sabitləşdiyi üçün Rusiya da gərək öz ordusunu tezliklə Qazaxıstandan çıxarsın. Rusiya yenidən çətin seçim etməlidir. Ya Qazaxıstanla bağlı planlarını başa çatdırmadan və deməli çox şey əldə etmədən ordusunu oradan çıxarmalı olacaq, ya da Qazaxıstanda ilişib qalmaq üçün özü süni bəhanələr yaradacaq ki, bunu da bütün dünya, xüsusilə də qazax xalqı görəcək. Qazax xalqı görsə ki, çoxsaylı terrorçular əfsanəsi yalan çıxsa da, Rusiya süni bəhanələrlə Qazaxıstandan çıxmır, o zaman xalq arasında anti – Rusiya ovqatı güclənər. İndi Rusiya rəhbərliyi
bütün bu nəticələri nəzərə almaqla qərarını verməlidir. Qazaxıstan üçün də, Rusiyanın özü üçün də düzgün qərar KTMT qüvvələrinin Qazaxıstanı qısa müddətdə tərk etməsi olar. Qazaxıstanda qalmaq üçün süni bəhanələr yaratmaq isə Rusiyanın özü üçün də xeyli ciddi problemlər yaradar.