Ölkənin ən fədakar ziyalılarından, diplomatlarından, vətəndaşlarından biri olan Ramiz Abutalıbovun cənazəsi bu gün Bakıya aparılıb. İlham Əliyev rejimi yarım əsrdən çox bu millətə xidmət edən bir vətən fədaisi ilə öz vətənində vida mərasimi keçirməyə icazə verməyib.
Əvvəl mərhumla vida mərasiminin Rəşid Behbudov adına mahnı teatrında keçirilməsi haqqında söz-söhbət olsa da, son anda Bakı şəhər İcra hakimiyyətindən deyiblər ki, Mahnı Teatrında yeni il şənlikləri davam etdiyi üçün onu dayandıra bilməzlər.
Bundan sonra vida mərasiminin sabah saat 12:30-da Təzə Pir Məscidində keçiriləcəyi barədə məlumat paylaşıldı. Məlumat paylaşılandan az sonra sonra Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri Təzə Pir Məscidinə gələrək pandemiya bəhanəsi ilə vida mərasimini qadağan ediblər. Və xəbərdarlıq ediblər ki, yalnız 5 nəfər məscidə gəlib cənazəni apara bilər.
2-3 gün əvvəl həmin o pandemyanın tüğyan etdiyi şəraitdə on minlərlə insan Dənizkənarı bulvarda maskasız-məsafəsiz yeni il şadyanalığına çıxmışdı. Əlbəttə, dünya çapında olan bir ziyalıya, millətin yaddaşında əbədi qalacaq bir insana, böyük hərflərlə yazılan bir vətəndaşa və bunların hamısını öz həyat hekayəsinə çevirmiş Ramiz Abutalıbova belə urvatsız münasibət səbəbsiz deyil.
Ramiz Abutalıbov onun tabutuna örtüləcək Cümhuriyyət dövründən qalma Azərbaycan bayrağını çoxdan tədarük edib etibarlı saydığı dostlarından birinə əmanət eləmişdi. Hətta vida mərasiminə qoyulacaq şəklini də özü seçmişdi. Bu kədərli şəkil 1992-ci ildə Şuşa işğal ediləndə Parisdə çəkilmişdi. Amma vida mərasimi olmayacaq, daha doğrusu qadağan edildi.
Milli Şuranın sədri, professor Cəmil Həsənli