Qənimət Zahid
Axırda məlum olacaq ki, Tofiq Yaqubluya işgəncə verdirən sahə müvəkkili olub. Saleh Rüstəmlini isə azad etməyə cəzaçəkmə müəssisəsi rəhbəri imkan vermir. Saleh Rüstəmlinin aclığının 29-cu günündə məni kiminsə belə güldürəcəyini heç ağlıma gətirmirdim. Ancaq Vilayət Eyvazov güldürdü məni. Görün hələ bu adam nə deyib: “Vətəndaşların əsassız saxlanılması halları aradan qaldırılmalıdır”
İndi öz aləmində bu da belə açıqlamalarla xalqı aldadacağını düşünür. Guya qanunsuz həbslər, qol burub, sındırmalar, müxalifətçilərə qarşı saxta narkotika itttihamı, bunluq deyil. Tofiq Yaqubluya o qəddar işgəncələrin verilməsindən də guya bunun xəbəri yoxdur.
Bədbəxtlər, elə bilirsiz ölkədə sizə inanan qalıb? Ölkədə hamı hər şeyi bilir. Hələlik xeyli adam qorxur bildiyini danışmağa. Ancaq hamı bilir ki, ölkədə siyasi həbslərin də, işgəncələrin də sifarişini şəxsən İlham Əliyev verir, Vilayət Eyvazov da həmin tapşırıqları zövqlə və artıqlaması ilə icra etdirir.
Bilirsiz, bunun haradan ağlına gəlib ki, hətta bu da işgəncə və polis zorakılığının məsuliyyətindən kənarda qala bilər? Baxıb görür ki, natiqcəfərlilər, malakeşlər dəstəsi İlham Əliyevi ölkədəki işgəncə və qanunsuz həbslərin məsuliyyətindən yayındırmağa çalışırlar, bu da fikirləşir ki, nədir məgər mən kraynıyam? Mən tapşırıq yerinə yetirirəm. Sifarişçi məsuliyyətdən yayınıb aradan çıxmağa çalışırsa, mən nəyə görə icraçı olaraq hamının məsuliyyətini daşımalıyam? Mənim də xəbərim yoxdur heç nədən. Hamısını edən o sahə müvəkkilləridir, ya da ən yaxşısı polis serjantlarıdır qanunsuz həbsləri həyata keçirən də, işgəncə verən də onlardır.
Hədəfdən yayınmayaq. Polis zorakılığının, işgəncənin başında duran İlham Əliyev – Vilayət Eyvazov cütlüyüdür.