“Saleh Rüstəmlinin vəziyyəti çox kritikdir. Oynaqlarında şiddətli ağrılar başlayıb. Çox güclə yeriyir. Dedim yıxılmaması üçün əsadan istifadə etsin. Quru aclığa keçməkdə israrlıdır. Sadəcə hələlik qarşısını ala bilmişik. Fikrini belə əsaslandırır ki, ağrılardan çox əziyyət çəkir, bu səbəbdən həyatına son vermək istəyir. 58 yaşı var. Gecə ağrılardan yata bilmir.”
Bu barədə həbsxanada 24 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov bu gün, noyabrın 29-da bildirib.
Rüstəmlinin aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.
Vəkil bu gün, Penitensiar Xidmətin Müalicə müəssisəsinin həkimləri ilə söhbət edib.
“Həkimlər deyir ki, Rüstəmlinin durumu kritikdir. Quru aclığa keçsə 12-14 saata komaya düşə bilər, orqanlarının fəaliyyəti dayanacaq və sonra bərpa etmək mümkün olmayacaq,” o qeyd edib.
Vəkil Rüstəmli barədə bəraət qərarının çıxarılması xahişi ilə Ali Məhkəmənin Plenumuna müraciət edib.
“Şikayətdə yazmışam ki, Saleh Rüstəmliyə qarşı irəli sürülən ittiham əsassıszdır,” Bəhruz Bayramov bildirib.
Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.
AXCP ittihamı təkzib edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.
Amerikanın səsi