Almaniyadan Azərbaycana deportasiya ediləndən sonra burada həbs edilən Mütəllim Orucov və Malik Rzayevə azadlıq tələbilə atiraz aksiyası keçirilib. Almaniyada yaşayan azərbaycanlı mühacirlərin Nürnberq şəhərində keçirdiyi aksiyanın təşkilatçısı “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı olub.
Azadlıq.info-nin əldə etdiyi məlumata görə, etirazçılar Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) mərkəzi ofisi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Nürnberqdəki nümayəndəliyi qarşısında “Mütəllim Orucov və Malik Rzayevə qarşı işgəncələrə son!”, “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndiriblər.
Siyasi sığınacaq almaq üçün Almaniya hökumətinə müraciət etmiş, lakin imtina cavabı alaraq, Azərbaycana deportasiya edilən Malik Rzayev və Mütəllim Orucovun saxlandıqdan sonra işgəncəyə məruz qaldığı bildirilir. Yaxınlarının “Azadlıq.info”ya verdiyi məlumata görə, adları çəkilən hər iki fəal siyasi baxışlarına, eləcə də mühacirətdə olduqları dövrdə Azərbaycan hökumətinin ünvanına tənqidlərinə, siyasi məhbuslara azadlıq tələbilə xaricdə keçirilən aksiyalarda iştiraklarına görə cəzalandırılıb. Ailələri onların narkotikdən tamamilə uzaq olduqlarını, saxta ittihamla şərləndirklərini vurğulayıb.
Mütəllim Orucov Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Malik Rzayev isə Müsavat Partiyasının üzvüdür. Onların barəsində ayrı-ayrılıqda cinayət işi başlanıb və hər ikisinə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Etiraz aksiyasının təşkilatçılarından olan Aqil Hüseynov bildirib ki, onların öz əleyhinə olan ifadəyə imza atmaları üçün ağır işgəncələrə məruz qalıblar. Fiziki işgəncələrdən əlavə, həm də zorlanmaqla hədələniblər. Bu üzdən onlar dözməyərək, etiraf ifadəsinə imza atıblar.
Aqil Hüseynov hesab edir ki, hər iki şəxsin qanunsuz həbsinə, işgəncəyə məruz qalmasına görə Almaniya hökuməti, o cümlədən Miqrantlar və Qaçqınlar üzrə Fedaral İdarə (BAMF), Almaniyada onların deportasiyası haqda qərar çıxarmış məhkəmələr də birbaşa məsuliyyət daşıyır.
Aqil Hüseynov BMT Baş Məclisinin 10 dekabr 1984-cü il tarixli qərarıyla qəbul olunmuş “İşgəncələrə və digər qəddar, qeyri-qanuni, yaxud ləyaqəti alçaldılan davranış və cəza növlərinə qarşı” Konvensiyanın 3-cü maddəsini yada salıb. Həmin maddədə göstərilib ki, Konvensiyanı ratifikasiya etmiş dövlət hər hansı şəxsi işgəncə veriləcəyi ehtimal olunan başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya təhvil verməməlidir.
“Almaniya hökuməti isə təəssüf ki, bu prinsipə əməl etməyib. Azərbaycandakı siyasi rejimin mahiyyəti, onun siyasi fəallara qarşı rəftarı məlum olduğu halda, Müttəlim Orucov və Malik Rzayev faktiki təhlükəyə atılıb. Halbuki, onların sıgınacaq üçün müraciətinə baxılanda bu təhlükə də, ölkənin qoşulduğu Konvensiyanın tələbləri də mütləq nəzərə alınmalıydı”, – Aqil Hüseynov bildirib.
Etirazçılardan Elmir Qəmbərov isə Azərbaycanda insan hüquqlarının hazırkı durumuyla bağlı acınacaqlı mənzərəyə diqqət çəkib. O, siyasi məhbus ailələrinə maliyyə yardımına görə 3 il yarımdır həbsdə olan və 23 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmlidən, hökuməti, o cümlədən dövlət başçısını tənqid etdiyinə görə həbs olunan AXCP üzvü Aqil Hümbətov haqqında bugünlərdə çıxarılan 10 illik həbs hökmündən danışıb: “Heç bir cinayət törətmədiyi halda, 3 il yarımdır həbsdə saxlanan, bütün bacı-qardaşının əmlakları, hətta yarım əsr əvvəl atasının tikdiyi ev belə, müsadirə olunan Saleh Rüstəmli məcbur olub, 20 gündən çoxdur aclıq edir. Vəziyyəti kritikləşib. Amma hələ də səsini eşidən yoxdur. Məişət tullantılarını çeşidləməklə, kartonları toplayıb təhvil verməklə ailəsini dolandıran Aqil Hümbətov İlham Əliyevin ünvanına tənqidlərinə, uşaqpulu tələblərinəı görə 10 il həbsə məhkum edildi. Bu cür hadisələrin yaşandığı ölkəyə fərqli fikirlərinə görə təqiblərə məruz qalmış insanları qaytarmaq onları təhlükəyə atmaq anlamına gəlir. Almaniyanın müvafiq strukturları azərbaycanlı fəalları bilə-bilə təhlükəyə atmamalıdır”.
Aksiyanın sonunda etirazçılar bəyanat səsləndiriblər.
Bəyanatda bir sıra məsələlərlə yanaşı o da qeyd edilib ki, Almaniyanın dövlət qurumları, xüsusilə Xarici İşlər Nazirliyi, Miqrantlar və Qaçqınlar üzrə Federal İdarə və Almaniyanın Bakıdakı səfirliyi siyasi miqrantlarla bağlı əməkdaşliq etdiyi mənbələri, xüsusilə onların Azərbaycan hökumətilə əlaqələrinin olub-olmadığını diqqətdən keçirsin. Həmçinin vurğulanıb ki, Almaniyanın prokurorluq orqanları bu ölkənin miqrasiya siyasətində “Kürü diplomatiyası” şübhələri (müvafiq səlahiyyət sahiblərinin rüşvətlə ələ alınması) ilə bağlı araşdırmalar aparmalıdır.
Azadliq.info