Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun səhhətinin günlər keçdikcə ağırlaşdığı bildirilir.
Bu barədə onun ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, bu gün, noyabrın 22-də Penitensiar Xidmətinin Müalicə Müəssisəsində artıq 17-ci gündür aclıq aksiyası keçirən S.Rüstəmova vəkil Bəhruz Bayramov baş çəkib: “Onlar şüşə arxasından telefonla danışıblar. Saleh bəy son dərəcə halsız olub, qırıq-qırıq səslə, güclə danışıb. Cəmi 10 dəqiqə dayana bilib. Deyib ki, aclığı davam etdirəcək…”.
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Son günlər bir sıra hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri S.Rüstəmovun azadlığa buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət ediblər. Onlar qeyd ediblər ki, S.Rüstəmovun ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında xidmətləri olub. Hələlik, bu müraciətlərə də Prezident Administrasiyasından hər hansı münasibət bildirilməyib.
Yaxınları Saleh Rüstəmovdan narahatdır
Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun keçirdiyi aclıq aksiyasının artıq onun orqanizmində fəsadları verməyə başladığı bildirilir.
Bu barədə onun ailə üzvləri məlumat yayıb.
Onların sözlərinə görə, artıq 13 gündür aclıq aksiyasını davam etdirən S.Rüstəmovun qan təzyiqi aşağı düşüb, bədənində ağrılar var: “O, artıq 15 kilo çəki itirib, nəbzi yüksək sürətlə vurur, ağzı yara içindədir. Dünən, noyabrın 17-də qardaşları ilə görüş olub, artıq yanına gəlməməyi tapşırıb”.
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və onun hazırda yerləşdirildiyi müalicə müəssisəsindən münasibət öyrənmək mümkün olmayıb.
Azadlıq radiosu