Qənimət Zahid
Gərgin olaylarla qaynayır Azərbaycan. Paytaxtda insanları və insanlığı vecinə almayan hökumət siyasətindən, əyalətlərdə uçuq divarların önündə bayrağa bürünmüş şəhid tabutlarından tutmuş sərhədlərimizdə dövlətçilik uğrunda hərbi toqquşmalara qədər bütün olaylar azərbaycanlıları sevindirməlidir ki, biz insanlığı darıxmağa qoymayan ölkə gerçəkliyində yaşayırıq.
Amma və lakin! Ölkədə cərəyan edən bu qədər hadisələrin ortasından qırmızı xətt kimi keçən başqa bir hadisə də var: Saleh Rüstəmlli, 3 il yarım əvvəl şərlənərək həbs edilmiş bir azərbaycanlı Qazi, vətənpərvər insan, çoxlu sayda azərbaycanlının öz sifətinə nöyüt lampası kimi tutaraq işıqlandırmağa cəhd etdiyi həmin o dövlətçilik şüarlarını nöyüt lampalarına ehtiyac görmədən gerçək bir dəyər kimi qəlbində yaşadan mərd bir azərbaycanlı həbsxana divarları arxasında ölüm aclığının apardığı yolun növbəti anlarını tərcümeyi halına son cümlələr kimi yazmaqdadır.
Şər, böhtan, harın özbaşınalıq dövlət idarəetməsi mərtəbəsində ayaqlarını sallayıb oturursa, o, yəni həmin dövlət idarəçiliyi hamı üçün tabuta çevrilir. Adına dövlətçilik deyib ödünüzü saraldarsınız, içinizi sarmış qorxunu «dövlət sevgisi» adlandırarsız, mücərrəd və ağlınızın dərk etmədiyi məkrli niyyətləri strateji dövlət siyasəti deyərək öyərsiz, amma unutmayın: gözünüzün indi görmədiyi, amma görmə radiusundan kənarda olmayan, azacıq qıyqacı baxışla tuta biləcəyiniz o kadrlarda bir azərbaycanlı şərə və böhtana qarşı ölüm aclığı ilə hər gün bir az daha saralır və ölümünə doğru gedir. Və bu, yalnız vəsf etdiyiniz o dövlətçiliyin məkri deyil, bizim hamımızın ödümüzü ağzımıza gətirən o qorxunun, yaxud da elementar bivecliyimizin sayəsində baş verir.
Dövlətçiliklə isə fəxr etmək, onun keşiyində dayanmaq lazımdır.