Azərbaycan hakimiyyəti son vaxtlar ölkədə siyasi repressiyanı yenidən gücləndirib. Noyabrın 15-də AXCP üzvü Aqil Hümbətov qurama ittiham üzrə keçirilən sifarişli məhkəmə sonunda 10 il müddətinə azadlıqdan məhrum edildi. 3 azyaşlı uşaq atası olan Aqil Hümbətov ailəsini kağız və plastik tullantılar toplayıb təhvil verməklə dolandırmağa çalışıb. O, özünün sosial şəbəkə hesabında tez-tez uşaqpulu tələbilə hökuməti və şəxsən ölkə başçısı İlham Əliyevi sərt tənqid edirdi. Bunun müqabilində hakimiyyət onu əvvəlcə əsassız yerə ruhi-əsəb dispanserinə (el dili ilə desək, dəlixanaya) yerləşdirdi, sonradan isə guya başqasına xəsarət yetirməkdə şərləyərək həbs etdi.
Aqil Hümbətovdan əvvəl isə AXCP-nin başqa bir üzvü, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov sifarişli məhkəmə hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bu uzunmüddətli həbs cəzaları 28 illik Əliyevlər hakimiyyətinin heç zaman dayandırmadığı repressiya alətini yenidən daha amansız və qəddar formada tətbiq etməyə başladığını göstərir. Məqsəd soyğunçu və bacarıqsız siyasətlə hər gün bir az da çox narazı salınan xalqı daha da qorxutmaq, cəmiyyət üzərində xofu gücləndirməkdir.
Hakimiyyətin daha amansız siyasi tərz seçdiyini bugünlərdə qəbul olunan amnistiya aktı da göstərir. Bu amnistiyanın həm də ictimai-siyasi münasibətlərin yumşalmasına, ölkədə siyasi məhbuslar probleminin əsaslı həllinə yönələcəyinə xalqın içində ciddi gözləntilər var idi. Hakimiyyət isə bunun əksinə olaraq, amnistiya aktını elə hazırladı ki, bir nəfər siyasi məhbusa da şamil edilməsin. Yüksək qərəzkarlıq və ayrıseçkiliklə hazırlanan bu amnistiya aktının əhatə dairəsinə nəinki həbsxanalara göndərilən, heç azadlıqdan şərti məhrum edilən siyasi rəqiblər də (söhbət 14-15 iyul 2020-ci il, orduya dəstək nümayişinə görə mühakimə olunmuş AXCP üzvlərindən gedir) salınmadı.
Ən acınacaqlısı isə odur ki, Vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak edənlərin də amnistiyaya düşdüyü sənəddə birmənalı göstərildiyi halda, 1-ci Qarabağ savaşının iştirakçılarından biri, Elçibəy hökumətində Gədəbəyin icra başçısı olmuş, rayonun erməni təcavüzündən qorunmasında müstəsna xidmətlər göstərmiş Saleh Rüstəmli xüsusi qərəzli münasibətlə amnistiyaya salınmayıb. Rusiyada qurduğu kiçik biznesinin halal qazancından Azərbaycandakı siyasi məhbus ailələrinə də müəyyən məbləğdə vəsait göndərdiyi üçün şərlənərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən və artıq 3 ildən çoxdur həbsdə saxlanılan Saleh Rüstəmli bu ifrat qərəz və ayrı-seçkiliyə, haqqı olan azadlığa buraxılmadığına etiraz olaraq hazırda aclıq aksiyası keçirir.
Milli Şura həm Aqil Hümbətova və Niyaməddin Əhmədova ağır və haqsız cəzalar verilməsini, həm də Saleh Rüstəmlinin heç bir günahı olmadan hələ də həbsdə saxlanılmasını şiddətlə pisləyir, onların da, digər siyasi məhbusların da yubadılmadan azadlığa buraxılmasını tələb edir. Milli Şura Saleh Rüstəmlinin vəziyyəti ilə bağlı narahatlığını xüsusi vurğulayır və ondan etiraz aksiyasını həyatına ağır təhlükə törətməyəcək həddə keçirməyi xahiş, hakimiyyətdən isə onu dərhal azadlığa buraxmağı tələb edir.
Milli Şura həmçinin, hakimiyyətin son dövürdəki başqa repressiv addımlarını – məsələn, ardıcıl və prinsipial tənqidi mövqeyi ilə seçilən ictimai-siyasi fəallardan Bəxtiyar Hacıyevin hətta özünə qəsd etmək cəhdinə qədər gətirib çıxaran mənəvi terrora məruz qalmasını, Müsəlman Birliyi Hərəkatı (MBH) üzvlərindən Razi Hümbətova qurama ittihamla cinayət işinin açılması və barəsində həbs-qətimkan tədbirinin seçilməsini, AXCP üzvləri Fuad Əhmədli, Elxan Əliyev, Ceyhun Rzayev, Elməddin Əhmədov və Asim Ağayevin, Müsavat Partiyasının üzvü Rövşən Hüseynovun, MBH üzvü Kamran Kərimovun, NİDA hərəkatının üzvü Elmir Abbasovun, jurnalist Anar Abdullanın və b. siyasi motivlərlə müxtəlif müddətlərə inzibati həbsə məhkum edilməsini, Niyaməddin Əhmədova azadlıq tələbilə keçirilən piketlərin qəddarlıqla dağıdılmasını, hətta xalqımıza yenicə zəfər qazandırmış qazilərimizin də etiraz həddinə çatdırılması və bir sıra hallarda onların etirazlarına zorakılıqla qarşılıq verilməsini də yada salır. Milli Şura bildirir ki, ictimai-siyasi fəallara qarşı tez-tez tətbiq edilən inzibati həbslər də siyasi repressiyanın tərkib hissəsidir. Eləcə də Milli Şura Koordinasiya Mərkəzinin üzvlərindən Vidadi Mirkamalın qanuni pensiyası, Gültəkin Hacıbəylinin isə mənzili ilə əlaqədar hakimiyyət orqanları tərəfindən maddi zərərə məruz qoyulması kimi hallar da mövcuddur ki, bunları da müxalifətə qarşı başqa bir formada repressiya saymaq olar.
Etiraz aksiyalarında xüsusən də qadın fəallara qarşı törədilən polis zorakılıqları ikrah və hiddət doğurur. Eyni sözləri qazilərimizin öz problemlərinin həlli üçün küçələrə çıxmağa vadar edilməsi və üstəlik zorakılıqla qarşılaşması barədə də demək olar.
Milli Şura bəyan edir ki, bütün bu baş verənlər ölkədaxili münasibətləri son dərəcə gərginləşdirib, 2-ci Qarabağ savaşı günlərində yaranan milli birliyə, həmrəylik ruhuna ağır zərbə vurub. Azərbaycan iqtidarı nə etdiyinin fərqində olmalı, düz yol tutmadığını başa düşməli, yubanmadan öz səhvini düzəltməlidir.
Milli Şura Azərbaycanda repressiv mühitin yenidən güclənməsinə beynəlxalq birliyin zəif reaksiyasından narazılığını da diqqətə çatdırır. Milli Şura inanır ki, ölkədə insan hüquq və azadlıqlarının təmin olunması üçün İlham Əliyev hakimiyyətinə təsirli təzyiq mexanizmlərinin işə salınması, o cümlədən ünvanlı sanksiyaların tətbiq edilməsi zəruridir.
Milli Şura Azərbaycan xalqına çağırış edir ki, hakimiyyətin milli maraqlarımıza zidd olan, dövlətimizi fəlakətə sürükləyən mövcud siyasətinə daha kütləvi və daha ucadan etiraz bildirsin. Xalq olaraq bilməliyik ki, müqəddəratımız öz əlimizdədir. Dövlətimizin və millətimizin gələcəyinə görə hamılıqla məsuliyyət daşıdığımızı dərk etməli, daha kütləvi şəkildə təşkilatlnmağa və dinc mübarizəyə qoşulmağa çalışmalıyıq.